Biləsuvar tərəqqisinin yeni yüksəliş mərhələsini yaşayır

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycan regionlarının tərəqqisinə ən yüksəksəviyyədə göstərilən diqqət onların inkişafının getdikcə daha dinamik templər üzərində köklənməsinə rəvac verməkdədir. Elə bu da regionların simasının müsbət istiqamətdə daha sürətlə dəyişməsini şərtləndirməkdədir. Qeyd olunanların bariz nümunəsini Biləsuvar rayonunun timsalında da görmək mümkündür.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Biləsuvar rayonunda bir sıra tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, müasir lisey-məktəb və digər sosial yönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Biləsuvar şəhərinin su təchizatı sistemi yenidən qurulub, yeni avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

Xatırladaq ki, bu rayona səfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvarla bağıl bir sıra sərəncamlar imzalayıb. Rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncama əsasən, Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb. Biləsuvar şəhərində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq bir) milyon manat ayrılıb. On min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq iki milyon manat ayrılıb.

Qeyd edək ki, sentyabrın 4-də Prezident İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilib. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılıb. Birinci mərtəbədə Ümummilli Lider Heydər Əliyevin büstü qoyulub. Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilib. Birinci mərtəbədə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır. Onların arasında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. Burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcək. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompüter otağı, treninq zalı, kitabxana, 3D kinozalı var. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiyadizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək. Mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb.

Rayon Icra Hakimiyyətinin yeni inzibati binası da memarlıq üslubunua görə seçilir. Rayon Icra Hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdi. Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunmuşdu. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlayıb. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından şəraiti əlverişsiz olub. Yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanıb, bu ilin iyulunda başa çatdırılıb. Binanın girişində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli LiderinPrezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılıb. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran binanın fasadı yerli tikinti materialları ilə üzlənib. Binanın birinci mərtəbəsində 8 otağı və 40 nəfərlik yeməkxana var. İkinci mərtəbədə müxtəlif toplantıların və "dəyirmi masa”ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılıb. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 otağı var. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılıb. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılıb.

Operativ idarəetmə mərkəzində online videoqəbul da mümkün olacaq. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. İkimərtəbəli binada 15 otağı var. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində Ulu Öndər, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli LiderinPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılıb. Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılıb.

Biləsuvar şəhərinə içməli suyun verilməsi də sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Xatırladaq ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub” kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmayıb. Lakin indi vəziyyət dəyişib. "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilib. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilib. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcək ki, bu da istehlakçıların tələbatını tam ödəyəcək. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşıb, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulub. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatıb, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcək. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaq. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcək.

Şirvan-Muğan qrup su kəmərinin təməli isə 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcək. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

 

  Elşən BAYRAMOV

  Mövqe. - 2013.- 10 sentyabr.- S. 10.