Lənkəranın sosial-iqtisadi
tərəqqisi yeni uğurlarla
müşayiət olunur
Azərbaycan regionlarında yaşanan sürətli inkişaf bu gün ümumi daxili məhsul istehsalında bölgələrin xüsusi çəkisini əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırır. Təbii ki, bunu şərtləndirən ümdə səbəb regionların özündə əsas makroiqtisadi göstəricilər sırasında yer alan ümumi daxili məhsul istehsalının artan xətt üzrə inkişaf etməsidir. Qeyd olunanların real nümunəsini Lənkəranın timsalında da görmək mümkündür. Məsələn, bu ilin ilk altı ayında rayonda ümumi məhsul buraxılışı 26,4 faiz artıb.
Sənayenin
qeyri-dövlət sektorunda istehsalın həcmi 13,9 faiz
artıb və ümumi həcmdə onun xüsusi çəkisi
66,2 faiz təşkil edib. Ötən müddətdə rayonda 1273 yeni iş yeri
açılıb. Bunun 1053-ü daimidir. Cari ilin birinci yarım ilində
aqrar sahədə 32,9 milyon
manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, əvvəlki dövrə nisbətən
3,8 faiz çox olub. Ötən müddət ərzində rayonda 23 min 908 ton tərəvəz, 484 ton
taxıl, 2 min 854 ton kartof, 1052 ton meyvə, 81 ton yaşıl çay
yarpağı istehsal edilib.
Hesabat dövründə rayonun
8 yaşayış məntəqəsinə təbii qazın
verilməsi təmin edilib. Hazırda rayonda bu sahədə
işlər davam etdirilir
və yaxın aylarda daha
20 yaşayış məntəqəsinə təbii qazın
verilməsi nəzərdə tutulub. Rayonun inkişafına ən yüksək səviyyədə
diqqət göstərilir. Elə bir müddət əvvəl Prezident
İlham Əliyevin müvafiq
Sərəncamı ilə qırx yeddi min nəfər əhalinin
yaşadığı 15 yaşayış məntəqəsini
birləşdirən Vilvan-Zövlə-Boladı-Liman avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsinin dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən
qurulması üçün nəzərdə
tutulmuş vəsaitin ilkin
olaraq iki milyon beş yüz min manatı Lənkəran
Şəhər İcra Hakimiyyətinə
ayrılıb.
Sentyabrın
5-də isə Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda
bir sıra müəssisələrin
açılışında iştirak edib. Həmin gün dövlət başçısı
Şəhər Mərkəzi Xəstəxanasında
aparılan yenidənqurma işləri ilə tanış olub. Xəstəxananın binası 1983-cü
ildə inşa olunub.
O vaxtdan binada əsaslı
təmir aparılmayıb. Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər Mərkəzi
Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə
8 milyon manat
ayrılıb. Ümumi ərazisi 5 hektar olan xəstəxananın
yenidən qurulmasına 2012-ci ilin avqustunda başlanılıb və bu ilin avqustunda
başa
çatdırılıb. Bu tibb müəssisəsi möhtəşəmliyi
və xidmətinin müxtəlifliyi ilə fərqlənir.
Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx
daxildir. Xəstəxananın 13
şöbəsində müxtəlif xəstəliklərin
müayinəsi və müalicəsi mümkün
olacaq. Cərrahiyyə, terapiya,
pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya,
reanimatologiya, şüa-diaqnostika,
fizioterapiya, qəbul şöbələri,
konsultativ poliklinika, perinatal mərkəz, klinik
laboratoriya, təcili tibbi
yardım stansiyası tibbin ən son nailiyyətləri olan
avadanlıq və cihazlarla təmin edilib.
Xəstəxananın
bütün infrastrukturu tamamilə yenilənib. Xidmətdə
fasilələr yaranmaması üçün
10 kilovoltluq transformator
stansiyası və dizel generatoru
quraşdırılıb. Yeni qazanxana, su anbarı, nasos stansiyası tikilmiş,
avtomobil dayanacağı salınıb. Bütün bunlar həm də
onu göstərir ki, son illər səhiyyə sahəsində yaşanan ən böyük
dəyişiklik tibb ocaqlarının ən
müasir tibbi texnika və avadanlıqlar ilə təmin
olunmasıdır. Müasir Azərbaycanı modern
texnologiyaların tətbiq olunduğu məkana
çevirmək məqsədini qarşıya qoyan
Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində
ölkəmizdə yenidən qurulan səhiyyə
müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı
və qara ciyərin
köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində
yüzlərlə tibb ocağının,
müalicə-diaqnostika mərkəzlərinin inşa
edilməsi səhiyyə sisteminin
inkişafından xəbər verir. Yeni tibb ocaqları və müasir tibbi
avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin
sağlamlığının qorunması kimi
mühüm missiyanın yerinə yetirilməsinə
xidmət edir. Azərbaycan səhiyyəsi
son illərdə böyük
və şərəfli yol keçmişdir. Bu dövr səhiyyəmizin tarixində geniş islahatlar dövrü kimi yadda qalıb.
Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışı da böyük məmnunluqla qarşılanır. Uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırır. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2012-ci il 8 iyun tarixli Sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılıb. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 27 kilometrlik hissəsi yenidən qurulub. Yolun 23 kilometrlik hissəsinə asfalt örtüyü döşənib, 4 kilometrində isə torpaq bərkidilib və üstünə çınqıl qatı salınıb. Tikintisi "Lənkəranyol tikinti” ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılıb, 2013-cü ilin avqustunda başa çatdırılıb. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunub, iki suötürücü boru quraşdırılıb.
Prezident
İlham Əliyev Lənkərana səfəri çərçivəsində
sentyabrın 5-də şəhərə içməli suyun
verilməsi mərasimində iştirak edib. Lənkəran
şəhərinin su təchizatı və
kanalizasiya sistemləri ötən əsrin
60-70-ci illərində yaradılıb. Şəhərə
içməli su Xanbulançay
su anbarından verilirdi.
Lənkəran şəhərinin və ona bitişik kəndlərin
68 min əhalisinin cəmi 15 faizi mərkəzləşmiş qaydada içməli su ilə
təmin olunurdu. İçməli su həyət evlərinə fasiləsiz,
çoxmənzilli yaşayış binalarına isə
gündə 1-2 saat olmaqla
cədvəl əsasında verilir.
Əhalinin qalan hissəsi isə
tələbatını fərdi qaydada quyu suları ilə ödəyirdi. İndiyədək
istismarda olan magistral və şəhərdaxili
paylayıcı su xətləri isə
yararsız vəziyyətə düşmüşdü.
Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud
idi. Qalan ərazilərin
tullantı suları açıq kanallarla
təmizlənmədən dənizə
axıdılırdı.
Bu
problemlərin həlli məqsədilə dövlətimizin
başçısının göstərişinə əsasən
hazırlanmış "Lənkəran şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf
nəzərə alınmaqla Lənkəran şəhəri,
Şilavar, Digah, Velədi, Sütəmurdov və
Göyşaban kəndlərinin 82 min sakininin içməli su
təchizatının və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə magistral kəmər
boyunca yerləşən Gərmətük,
Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə,
Lüvəsər və Səpnəkəran kəndlərinə
də bu mənbədən içməli
su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən
100 min nəfər faydalanacaq.
Şəhərə saniyədə 348 litr
su veriləcəkdir ki,
bu da sakinlərin tələbatını
tam ödəyəcək.
Layihəyə
əsasən Lənkəran şəhəri və ətraf kəndlər
üçün içməli su mənbəyi kimi
Xanbulançay anbarı seçilib. Burada
məhsuldarlığı sutkada 30 min kubmetr olan
qum süzgəcli suqəbuledici qurğu inşa olunub. Lənkəran şəhərini fasiləsiz
rejimdə içməli su ilə təmin
etmək üçün tutumu
10 min kubmetr olan anbar tikilib
və buradan şəhərə 11,6 kilometr uzunluğunda magistral xətt çəkilib. Lənkəran
şəhərində tikintisi nəzərdə
tutulan 233 kilometr
paylayıcı su şəbəkəsinin
160 kilometrlik hissəsində işlər
yekunlaşıb, 15 min abonentin
10 mini yeni şəbəkəyə
birləşdirilib və onların 3 mini smart-kart tipli sayğacla təmin olunub. Layihə üzrə inşası
planlaşdırılan 197 kilometr uzunluğunda kanalizasiya xətlərinin
20 kilometrlik hissəsi çəkilib və
9,4 kilometr uzunluğunda
mikrotunel tipli kanalizasiya kollektorunun
inşası davam etdirilir.
Şəhərdə toplanan tullantı
suları gələcəkdə inşa
ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq təmizləyici
qurğuya
ötürüləcək. Icrasına 2011-ci ilin
oktyabrında başlanılmış və dövlət
büdcəsi vəsaiti hesabına maliyyələşdirilən
layihə 2014-cü ildə başa
çatdırılacaq. Gələcəkdə Astara şəhərinin və həmin rayonun 27 kəndinin 90 mindən artıq sakininə
də içməli suyun Xanbulançay
mənbəyindən verilməsi nəzərdə tutulur.
Əhalinin asudə vaxtını səmərəli keçrilməsi üçün də zəruri şərait yaradılıb. Bu məqsədlə yaradılan məkanlardan biri də Heydər Əliyev Xatirə parkıdır. Burada yenidənqurma işlərinə 2012-ci ilin oktyabrında başlanılıb və 2013-cü ilin mayında başa çatdırılıb. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınıb. Ümummilli Lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilib. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunub.
Təhsil sferasıdaxüsusi diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər əsasında məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Lənkəran şəhərindəki 5 nömrəli uşaq bağçası üçün yeni bina tikilib. Müasir standartlara cavab verən yeni binanın inşasına 2012-ci ilin oktyabr ayında başlanılmışdı. İkimərtəbəli binada müxtəlif yaş qrupları üzrə məşğələ, yataq, tibb, oyun otaqları, yardımçı otaqlar, mətbəx, yeməkxana, musiqi və idman zalları var. Müasir istilik sistemi və kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təchizatı üçün həyətdə 3 çən quraşdırılıb, nasosxana inşa edilib. Burada yanğından xəbərdarlıq sistemi də quraşdırılıb. Bağçanın həyətində idman və əyləncə qurğuları, istirahət guşələri inşa edilib. Abadlıq-qurucluq işləri digər sahələrdə də özünü göstərir və burada sürətli inkişaf qeydə alınır.
Elşən BAYRAMOV
Mövqe. - 2013.- 11sentyabr.- S. 10.