Azərbaycan regionlarının dinamik tərəqqisinin mükəmməl konsepsiyası

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Son illərin təhlili göstərir ki, Azərbaycan regionlarının inkişafı daha dinamik hala gələrək tərəqqisinin yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Təbii ki, bunun ümdə səbəblərindən biri regionların inkişafını özündə ehtiva edən dövlət proqramları və onların uğurla icraya yönləndirilməsidir. Hazırda icrası uğurla davam etdirilən regionların inkişafına dair ikinci dövlət proqramından irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycan bölgələrinin simasını əhəmiyyətli dərəcədə dəyişərək sosial-iqtisadi sferada möhtəşəm nəticələrin əldə olunması ilə müşayiət edilməkdədir.

O da xüsusi olaraq qeyd edilməlidir ki, cari il ərzində icrası başa çatacaq proqram mükəmməl formada hazırlanaraq ən müxtəlif sferaları özündə ehtiva edir. Məsələn, Dövlət Proqramında diqqətə çatdırılır ki, müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq proqramın qəbulundan sonra qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəyi bildirilir. O da qeyd edilir ki, valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur. Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması prosesinin sürətləndirilməsi də nəzərdə tutulur.

Xarici iqtisadi siyasət proqrama görə istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəlir. Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri isə qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan proqramın qəbulundan sonra qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruriliyi vurğulanır. Eyni zamanda, burada kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur. Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə proqramda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu: vergi dərəcələrinin optimallaşdırılması; sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi; kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması; sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının və özəl vergi məsləhəti xidmətinin yaradılması. Proqrama əsasən, pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetirilir. Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məşğulluğun və istehsalın stimullaşdırılmasına, bu əsasda onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə yönəlir. Azərbaycan Respublikasında pul-kredit sahəsində, o cümlədən regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən vahid dövlət siyasətinin başlıca məqsədləri kimi aşağıdakılar qeyd olunur: ölkənin valyuta ehtiyatlarının artırılması; monetar siyasət və monetar tənzimləmə alət və mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi; manatın sabitliyinin və tam daxili dönərliliyinin təmin edilməsi; bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi; nağdsız ödəniş vasitələrinin (POS-terminallar, bankomatlar, info-köşklər) quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi; sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; kənd təsərrüfatında sığortanın stimullaşdırılması və inkişafı məqsədilə beynəlxalq təcrübəyə əsaslanan yeni iqtisadi metodların tətbiqi.

Proqramda qeyd edilir ki, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir. Proqramda vurğulanır ki, özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdirilir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir, müasir istehsal avadanlıqlarının idxalı təşviq edilir. Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldilir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Proqramın qəbulundan sonrakı müddətdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir: sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi; əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirməsi; kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərə çatdırılır ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycanın əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və sair əmək miqrasiyası axınlarının artmasına səbəb olub. Proqramın icraya yönəldilməsindən sonra miqrasiya siyasətinin əsas istiqamətləri aşağıdakılardır: miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərininnəzərə alınması; miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması; miqrantların hüquqlarının müdafiəsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması.

Qeyd olunur ki, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir. Davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından sahibkarlıq sahəsində aşağıdakı tədbirlər həyata keçirilir: kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün sayılır. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi prioritet istiqamətlərdəndir. Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlər reallaşdırılır: özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması; milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi; ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi; haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması; istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi. Proqramda o da bildirilir ki, sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından ibarətdir. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi; özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması.

Bununla yanaşı, proqramda diqqətə çatdırılır ki, ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması - kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvidir. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olması üzündən Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq müəyyən edilir. Bildirilir ki, aqrar sektorda islahatlar davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcək. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir: aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi.

2011-ci ilin «Turizm ili» olması baxımından da proqram aktuallıq kəsb edirdi. Burada diqqətə çatdırılır ki, turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Turizm sahəsinin inkişaf istiqamətləri proqramda aşağıdakılardan ibarətdir: rəqabətqabiliyyətli turizm infrastrukturunun və turizm sənayesinin yaradılması; mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması; turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi; ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması; turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

2009-2013-cü illərdə yanacaq-enerji kompleksində dövlət siyasətinin əsas istiqamətləri kimi aşağıdakılar göstərilir: neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi; yeni yataqların və perspektiv strukturların geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi və onların istismara hazırlanması; ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi; regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi; energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi; müasir tipli elektrik stansiyalarının inşasının, yenidən qurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi; elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması.

Bununla yanaşı, proqramda mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, nəqliyyat sisteminin kompleks inkişafına nail olunması və nəqliyyat xidmətlərinin inkişafının daha da yaxşılaşdırılması, informasiya və kommunikasiya texnologiyalarının (İKT-nin) inkişafı, daha da modernləşdirilməsi nəzərdə tutulur, qeyd edilən sahələr üzrə prioritetlər müəyyən edilir. Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasının təmin edilməsi, təhsil sisteminin inkişafının davam etdirilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, elmi sferanın tərəqqisinin sürətləndirilməsi, elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, idmanla məşğul olanlara tibbi nəzarətin və xidmətin təmin edilməsi, ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanmasından və inkişaf etdirilməsi də əsas istiqamətlər sırasında yer alır. Proqramda konkret rayonlar və onların sosial-iqtisadi inkişafı üzrə görülməsi nəzərdə tutulan tədbirlər, buna cavabdeh dövlət qurumları müəyyən edilib. İcra dövründə isə dövlət başçısı görülən işlərin daha da sürətləndirilməsi, əlavə maliyyə yardımlarının ayrılması və bu qəbildən olan digər məsələləri əhatə edən yeni fərman və sərəncamlar verib.

Təbii ki, Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bunu ikinci Dövlət Proqramının icrasından keçən nəticələr də təsdiq edir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirləri «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icra müddətində ümumi iqtisadi tərəqqidə özünü qabarıq büruzə verən hallar olub. Bu nailiyyətlərin əldə olunmasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının müstəsna rolu olub. Görülmüş işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərə səbəb olub, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. II Dövlət Proqramının icrasını şəxsi nəzarətinə götürən Prezident İlham Əliyev proqramın qəbulundan sonra keçən dövr ərzində regionlara dəfələrlə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən çoxsaylı obyektin açılış, bir çox obyektin təməlqoyma mərasimində iştirak edib, xeyli sayda müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olub. Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini də təmin edib.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-11 yanvar.-S.-10;14