Regionların tərəqqisində
sosialyönümlülük əsas xətt kimi
çıxış edir
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
İnkişafının yeni yüksəliş dövrünü yaşayan müasir Azərbaycanda əldə edilən nailiyyətlər bütün ölkə boyu insanların maddi rifah halının yüksəlməsinə böyük təkan verməkdədir. Eyni zamanda bütün bunlar perspektiv inkişaf üçün ölkəmizdə möhkəm bir özülün yaradılmasının mühüm göstəricisi kimi çıxış edir.
Bir məqamı da xüsusi olaraq dünya miqyasında sosial-iqtisadi sferada ən dinamik inkişaf edən ölkələrdən biri kimi dəyərləndirilən Azərbaycanda bu tərəqqiyə müvafiq olaraq əhalinin maddi-rifah halı da daim yüksəlməkdədir. Bu yüksəlişdə mühüm rol oynayan amillərdən biri büdcə xərclərində sosialyönümlülüyün nəzərə alınması, həyata keçirilən iqtisadi strategiyada yeni iş yerlərinin yaradılmasına xüsusi önəm verilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsidir. Güclü makroiqtisadi sabitlik, regionların sürətli inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması, zamanın tələblərinə cavab verən islahatların aparılması və bu qəbildən olan digər amillər də ölkə vətəndaşlarının yaşayış durumuna müsbət yöndə təsirsiz ötüşmür.
Regionlarda da özünü qabarıq büruzə verən bu hal həm də dövlət proqramlarının real nəticəsi kimi çıxış edir. II Dövlət Proqramının icrasına keçən dövrün fonunda isə araşdırmalar göstərir ki, bu dövr ərzində Prezident İlham Əliyev regionlara səfərləri fonunda istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə çoxsaylı müəssisənin açılış və təməlqoyma mərasimində iştirak edərək onların fəaliyyətləri ilə şəxsən tanış olub. Bu səfərlərdən sonra dövlət başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Məhz Prezident İlham Əliyevin regional inkişafa verdiyi önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.
Hesablamalar göstərir ki, regionların inkişafına 2004-2012-ci illər ərzində bütün maliyyə mənbələri hesabına milyardlarla dollar investisiya yönəldilib, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunub. «Şimal-Cənub» və «Şərq-Qərb» nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilib, yüz kilometrlərlə yollar beynəlxalq standartlara uyğun tikilib və təmir olunub, o cümlədən dövlət başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun böyük hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilib. Bakı-Tiflis-Qars dəmir yolunun, 2010-cu ildə təməli qoyulmuş Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcək. Eyni zamanda regionlar elektrik enerjisi ilə tam təchiz olunub yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilib. Bununla yanaşı, dövlət proqramı çərçivəsində regionlarda minlərlə kilometr yeni qaz kəmərləri çəkilib, yüzlərlə kilometr qaz xətti təmir və bərpa ediltb, çoxsaylı yaşayış məntəqəsi qazla təchiz olunub. Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu sutəmizləyici qurğuların quraşdırılması 100 minlərlə içməli su ilə təminatını yaxşılaşdırıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilib.
Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırıb. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin «Ekologiya ili» elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülüb, meşəsalma və meşəbərpa işləri həyata keçirilib.
Müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilib, regionlarda çoxsaylı turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisi davam etdirilib. Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılmasına xidmət edən tədbirlərin uğurlu icrası da görülən əsas işlər cərgəsindədir. Ötən dövr ərzində regionlarda çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilib, çoxsaylı müəssisənin, o cümlədən yeni kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilib. Bu müəssisələrin xeyli hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunub.
İkinci Dövlət Proqramında da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Ümumiyyətlə, dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində minlərlə yeni müəssisə yaradılıb, çoxsaylı iş yeri açılıb.
Təsadüfi deyil ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilir. Ümumiyyətlə, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Ümumiyyətlə, son illərdə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış edir. Xatırladaq ki, ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan «orta insan inkişafı» qrupu ölkələrini tərk edərək, «yüksək insan inkişafı» ölkələri kateqoriyasına daxil edilib.
Bütün bu nailiyyətlərin əldə olunmasında regionların inkişafına dair birinci Dövlət Proqramında olduğu kimi, ikinci müvafiq proqramm da mühüm rol oynayıb. İkinci proqramın icrasının davam etməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də ümumilikdə Azərbaycan iqtisadiyyatının tərəqqisinə bundan sonra da mühüm töhfələr verməkdə davam edəcək.
Bir məqamı da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, regionların inkişafına dair həyata keçirilən siyasətdə sosialyönümlülük ana xətlərdən birini təşkil edir. Məlumdur ki, iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət qarşısında duran əsas vəzifələrdən biri bu istiqamətdə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar iqtisadiyyatı şəraitində yüksək səmərəli sosial siyasətin aparılması sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva etməlidir. Bu, iqtisadi zəmində sosial ziddiyyətlərin aradan qaldırılması, gəlirlərin ədalətli bölüşdürülməsi, beləliklə də differensasiyasının mövcudiyyətinin qarşısının alınması baxımından olduqca mühümdür.
Əhalinin həyat mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi kimi də nəzərdə tutulan sosial siyasət həm də çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malik olması ilə xarakterizə edilir. Çünki burada həm konkret götürülmüş fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, mövcud ola biləcək ziddiyyətlərin münaqişələrsiz həlli və ədalətliliyin daim gözlənilməsi vacib şərt kimi çıxış edir. Bu kontekstdə tam aydın görünür ki, fərd, toplum, ən nəhayət cəmiyyətin maraqlarını təmin edən sosial siyasətin hazırlanması, həmçinin onun uğurlu icrası heç də asan proses olmayıb dəqiq elmə yanaşma, hərtərəfli düşünülmüş strategiya, məqsədyönlülük tələb edir. Bu hal da məhz regionların tərəqqisi naminə həyata keçirilən dövlət siyasətində özünü qabarıq büruzə verir.
Elşən
BAYRAMOV
Mövqe.-2013.-12 yanvar.-S.-10.