Regionlarda
sahibkarlığın tərəqqisinə təkan verən
proqramlar
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Sosial-iqtisadi sahədə həyata
keçirilən dövlət siyasətinin əsas məqsədlərindən
biri də ölkədə sahibkarlıq institutunun inkişaf
etdirilməsi ilə bağlıdır. Təqdirəlayiq
haldır ki, qeyd edilən istiqamətdə həyata
keçirilən tədbirlər son illər ərzində Azərbaycanda
sahibkarlıq institutunun dinamik tərəqqisi ilə
müşayiət olunmaqda, xüsusən də regionlarda
çoxsaylı yeni özəl istehsal və xidmət müəssisələrinin
yaranmasına rəvac verməkdədir.
Bu
gün Azərbaycan regionlarında çoxsaylı
sahibkarlıq institutları fəaliyyət göstərir və
onların sayının çoxaldılması istiqamətində
dövlət tərəfindən müvafiq addımlar
atılır. Burada bir məqamı da xüsusi olaraq
vurğulmaq lazım gəlir ki, istər paytaxtda, istərsə
də regionlarda sahibkarlığın dinamik
inkişafını şərtləndirən ümdə səbəblərdən
biri qeyd olunan sahə üzrə də mükəmməl
qanunvericilik bazasının yaranması və müstəqillik
dövründə həyata keçirilən müvafiq
dövlət proqramlarıdır.
Xatırlatmaq
yerinə düşərdi ki, hələ 1997-ci ilin 24 iyun
tarixində «Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığa Dövlət Köməyi Proqramı
(1997-2000-ci illər üçün)» qəbul olundu və bu
proqramın hazırlanması mühüm bir zərurətdən
irəli gəlirdi. Çünki ölkədə
sahibkarlığın inkişafını nəzərdə
tutan və 1993-1995-ci illəri əhatə edən dövlət
proqramında nəzərdə tutulmuş tədbirlərin
yalnız bir qismi həyata keçirilmişdi. Düzdür,
yeni proqramın qəbuluna qədər sahibkarlığın
hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə
nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti
hüququ Azərbaycan Respublikasının yeni
Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq
mühitinin formalaşması üçün vacib olan
«Sahibkarlıq fəaliyyəti haqqında», «Müəssisələr
haqqında», «Səhmdar cəmiyyəti haqqında», «Haqsız
rəqabət haqqında», «Əmtəə birjası
haqqında», «Lizinq xidməti haqqında» qanunlar və bazar
iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin
edən digər qanunlar da qəbul olunmuşdu. Eyni zamanda
sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi və həvəsləndirilməsi
üçün zəruri normativ sənədləri
hazırlanmış, sahibkarlığın bazar
infrastrukturunun formalaşdırılması, təhsil sisteminin
və informasiya təminatlarının yaradılması istiqamətində
müəyyən nəticələr əldə edilmişdi.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək
Milli Fondu, Kiçik və Orta Sahibkarlığın
inkişafı Agentliyi, bir sıra şəhər və
rayonlarda sahibkarlığın inkişafı mərkəzləri
yaradılmışdı. Amma yeni proqamın qəbuluna kimi əhalinin
sahibkarlıq potensialının gerçəkləşməsi
məhdud, sahibkarların ölkə iqtisadiyyatının
inkişafında təsiri zəif xaratker daşyırdı.
Formalaşan sahibkarlıq strukturları isə on illər boyu
yaradılmış intellektual potensialı əks etdirmir, həmin
potensialdan səmərəli istifadəyə və sağlam rəqabət
tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmirdi.
Halbuki ölkədə etibarlı siyasi sabitliyə nail
olunması və dünyanın məşhur neft şirkətləri
ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin
bağlanması sahibkarlığın inkişafına əlverişli
imkanlar açırdı. Belə bir şəraitdə
sahibkarlığın inkişafını nəzərdə
tutan yeni dövlət proqramının hazırlanaraq icraya
yönəldilməsi böyük zərurət kəsb edən
məsələyə çevrilmişdi.
«Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər üçün)»
alı sənəddə də vurğulanırdı ki,
kiçik və orta sahibkarlığın sürətlə
formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial
və siyasi problemlərinin həllinin vacib amillərindən
biridir. Azərbaycan Konstitusiyasına və «Sahibkarlıq fəaliyyəti
haqqında» Azərbaycan Respublikasının Qanununa və digər
qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi
sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan
iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən
dünya iqtisadiyyatına inteqrasiya olunması üçün
əlverişli mühitin formalaşdırılmasından ibarət
idi. Proqramın üstün sayılan mühüm istiqamətləri
isə aşağıdakılar idi: ölkənin insan
amilinin, təbii ehtiyatlarının və texniki
potensialının daxili bazarın formalaşmasında
iştirakının gücləndirilməsi;
sahibkarlığın iqtisadiyyatın səmərəli
strukturunu formalaşdırmaq amilinə çevrilməsi;
yaradıcılıq qabiliyyəti olan işsizlərin
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi
imkanlarını genişləndirməklə ölkədə
əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi;
gənclərin sahibkarlıq fəaliyyətinə
ardıcıl cəlb olunması imkanlarının genişləndirilməsi;
sahibkarlığın etibarlı müdafiə sisteminin
yaradılması. Sahibkarlığın ardıcıl
inkişafını təmin etmək üçün proqrama əsasən,
bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi,
təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi,
səmərəli iqtisadi-maliyyə mexanizminin
yaradılması, işlək müdafiə sisteminin
formalaşdırılması əsas vəzifələr kimi
qarşıya qoyulurdu.
Beləliklə,
yeni proqramda əsas vacib məqamlar milli iqtisadiyyatda kiçik
və orta sahibkarlığın yerinin və rolunun müəyyən
edilməsi, bu sahədə qanunvericiliyin möhkəmlənməsi,
iş adamları üçün maliyyə-kredit sisteminin
formalaşması, biznesin elmi-metodiki bazasının
yaradılması üçün müvafiq zəmin
formalaşdırması idi. Proqramda müəyyən
edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi,
kiçik sahibkarlığın idarəolunma və maliyyə
mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi
və digər köklü tədbirlər
sahibkarlığın inkişafını daha da sürətləndirdi.
Bu inkişafı daha da sürətləndirmək məqsədilə
ümummilli lider Heydər Əliyevin bilavasitə
tapşırığı əsasında 1997-ci ildən
başlayaraq vergi münasibətlərinin tənzimlənməsi
sahəsində vahid və təkmil qanunvericilik
bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin
layihəsinin hazırlanmasına başlanıldı.
Sözügedən layihənin hazırlanması prosesində
onun ayrı-ayrı hissələri dövlət
başçısı yanında keçirilən
müşavirələrdə dəfələrlə
müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi,
onun bazasının genişləndirilməsi, vergi
yükünün azaldılması, vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsi və s. barədə
ulu öndərin dəyərli tövsiyələri bu işin
uğurla başa çatdırılmasına zəmin
yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan
Respublikasının Vergi Məcəlləsi"nin qəbul
edilməsi ölkənin həyatında tarixi bir hadisə
olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun
beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində
atılmış ən başlıca addım oldu.
Bundan
öncə isə vergi münasibətlərini tənzimləyən
bir sıra qanunlar, məsələn, "Mədən vergisi
haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında"
(1995-ci il), "Müəssisələrin və təşkilatların
mənfəət vergisi haqqında" (1996-cı il) qanunlar qəbul
edilməsi, qüvvədə olan "Əlavə dəyər
vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən
vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər
edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində
mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin
sahibkarlara birbaşa qayğısı altında vergi dərəcələrinin
mütəmadi olaraq endirilməsi də özəl sektorun
ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus
rol oynadı. Xüsusən də müəssisə və təşkilatların
mənfəətindən vergi tutulmasının proqressiv
sistemindən proporsional sisteminə keçilməsi və bu
vergi növü üzrə vergi dərəcələrinin tədricən
35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin
28 faizdən 18 faizədək azaldılması, bir sıra
vergilərin ləğv edilməsi, sosial sığorta
ayırmalarının 40 faizdən 22 faizədək
aşağı salınması, eləcə də vergilərin
ümumi sayının 15-dən 9-dək azaldılması, kənd
təsərrüfatı məhsullarının istehsalı ilə
məşğul olan sahibkarların 2014-cü ilədək
torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi
sahibkarların maddi gəlirlərinin artmasını təmin
etməklə yanaşı, onların fəaliyyətinin
stimullaşmasında da əsas təkanverici amillərdən
biri oldu.
Lakin
qeyd edilənlərlə yanaşı, hələ də bəzi
sahələrdə mövcud olan
çatışmazlıqların tam aradan
qaldırılmaması və iqtisadiyyatın inkişafı
dövlət nəzarəti sahəsində həyata
keçirilən islahatların davamlı olmasını zəruri
edirdi. Ümumiyyətlə, dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi, sahibkarlığın
inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə
əsassız müdaxilələrin qarşısının
alınması, korrupsiya, rüşvətxorluq və digər
vəzifədən sui-istifadə halları ilə mübarizənin
gücləndirilməsi kimi məsələlər daim ulu
öndər Heydər Əliyevin diqqət mərkəzində
olub. Bu məqsədlə ulu öndərin 1999-cu il yanvarın
7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında", 2002-ci il sentyabrın 28-də
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında" fərmanları
göstərilən istiqamətdə vacib rol oynadı.
Tarixi
əhəmiyyət kəsb edən bu fərmanlarda dövlət
qurumları ilə sahibkarlıq subyektləri arasında olan
problemlər tam təsvir olunur və onların aradan
qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi.
Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin
İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin
ləğv edilməsi və məhkəmənin qərarı
olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə
müdaxiləsinin qadağan edilməsi isə sahibkarların
müdafiəsi istiqamətində vacib xarakter
daşıyırdı. Prezidentin tapşırığına
əsasən, şəhər və rayon icra hakimiyyətləri
başçıları öz səlahiyyətləri daxilində
nəzarət və yoxlama funksiyalarını həyata
keçirən müxtəlif qurumları 10 gün müddətində
ləğv etdilər.
Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla şəxsən görüşünü, sahibkarların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəki proqramın bir növ məntiqi davamı sayılırdı. «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)» adlı sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi. Eyni zamanda KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdı. Bununla yanaşı, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdü. Həmçinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədi ilə «Nəzarət kitabçası»nın tətbiqinə başlanılmışdı. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmiş, sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmış, onların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənmişdi.
Bütün bunlar regionlarda da sahibkarlığın tərəqqisinə təsirsiz ötüşmürdü.
(ardı
var)
Elşən BAYRAMOV
Mövqe.-2013.-16 yanvar.-S.-10.