Özəl sektor regionların tərəqqisində daha böyük rol oynayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycan regionlarında böyük iqtisadi potensialın cəmləşməsi və onlardan get-gedə daha səmərəli, məqsədyönlü şəkildə istifadə edilməsi bu gün bölgələrin sürətli tərəqqisində mühüm rol oynayan əsas amillərdən birinə çevrilib. Təqdirəlayiq haldır ki, bölgələrin inkişafı ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının daha çox yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə qeyd edilən istiqamətdə vaxtında həyata keçirilən aqrar islahatların və özəlləşirmə proqmalarının uğurlu nəticələrindəndir.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2000-ci ildə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq, eləcə də həmin vaxta qədər ölkədə həyata keçirilmiş özəlləşdirmənin təcrübəsi nəzərə alınaraq işlənib hazırlanan dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı bu sahədə mühüm yeniliklərə yol açdı. Proqramın əsas məqsədi bunlar idi: «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək; bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək; iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaq; dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etmək; I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaq.

II Dövlət Proqramı müəssisə və obyektlərinin özəlləşdirmə baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri də müəyyən edirdi.

 «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnif olunmuşdu: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən əmlak. Özəlləşdirilən dövlət müəssisələri kiçik, orta və iri müəssisələr qrupuna aid edilməklə qruplaşdırılmışdı. Dövlət əmlakının özəlləşdirilməsi bu üsullarla həyata keçirilirdi: dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; dövlət əmlakının hərraclar vasitəsi ilə satışı; dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə satışı; icarəyə verilmiş dövlət əmlakının satışı; dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.

Dövlət əmlakının özəlləşdirilməsinin üsulları II Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilirdi. Dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin olunrdu. Qeyd edilirdi ki, özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ var. Güzəştlərin verilməsi və müəssisə işçilərinin özəlləşdirmədə iştirakı II Dövlət Proqramında nəzərdə tutulmuş qaydalara uyğun tənzimlənirdi. Xarici investorlar hərraclarda və investisiya müsabiqələrində II Dövlət Proqramında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara riayət etməklə iştirak edə bilərdilər.

Beləliklə, II Dövlət Proqramı müəssisə və obyektlərinin özəlləşdirmə baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri də müəyyən edirdi. Bütün bunlar həm özəlləşdirmə prosesinin daha da təkmil xarakter daşımasından xəbər verir, həm də Azərbaycanda özəl sektorun kifayət qədər güclənməsinə təkan verirdi. Məhz yuxarıda qeyd olunan özəlləşdirmə ilə bağlı hər iki dövlət proqramı iqtisadi inkişafda böyük rol oynamaqla yanaşı, Azərbaycanda bu sahədə uğurlu bir başlanğıcın əsasını qoydu.

Dövlət əmlakının özəlləşdirilməsi siyasəti sonrakı dövrdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycan iqtisadiyyatına yeni töhfələr qazandırdı, dövlət başçısı tərəfindən bu istiqamətdə xeyli sayda Fərman və sərəncamlar verildi. Onlardan biri «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na əlavə və dəyişikliklərin edilməsi barədə oldu. Proqrama edilən əlavələrə əsasən, özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə, bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir.

Güzəştli satışda iştirak edən hər bir şəxs almaq istədiyi sayda səhmlərin nominal dəyərinin 30 faiz güzəşt edilmiş məbləği həcmində ödəniş etməlidir. Həmin məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçiriləcək. Başqa bir əlavəyə görə, çeklərin tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektin ilkin (start) qiymətinin güzəştli satışa yönəldilən hissəsinin 70 faiz güzəşt edilmiş məbləği güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə hər bir işçinin bərabər həcmdə tam ödəyəcəyi məbləğ və ona müvafiq əldə edəcəyi əmlak payı müəyyən edilir. Məbləğin ödənilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir. Anoloji əlavələr «ATSC-yə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə»yə də edilib.

Əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində dövlət mülkiyyətinin özəlləşdirilrməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə dövriyyəyə dövlət özəlləşdirmə payları (çekləri) mühüm rol oynayıb. Çeklərin dövriyyəyə buraxılması 1996-cı il yanvar ayının 1-dən başlayıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilib. Ötən dövr ərzində vətəndaşların, eləcə də hüquqi və fiziki şəxslərin özəlləşdirmə prosesində bərabərhüquqlu iştirakının, özəlləşdirmə çeklərindən daha səmərəli istifadəni təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlər həyata keçirilib. Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edir. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

 

 

Elşən BAYRAMOV                                                                                                

 

Mövqe.-2013.-23 yanvar.-S.-10.