Təkmil aqrar islahatlar
regionlarda uğurlu nəticələrə yol açır
Mövcud dünya təcrübəsi göstərir ki,
bu gün ölkələrin dinamik və maneəsiz
inkişafını şərtləndirən əsas məqamlardan
biri də ərzaq təhlükəsizliyinin təminidir. Bu kontekstdə
isə ərzaq bazarının vəziyyəti öz növbəsində
aqrar bölmənin fəaliyyət ahəngdarlığına
mühüm təsir imkanına malikdir.
Ərzaq bazarının fəaliyyətini xarakterizə
edən göstəricilər, xüsusilə, qiymətlər,
istehlak səbətinin dəyəri, fermerlərin gəlirləri
kimi göstəricilər aqrar bölmənin inkişaf
strategiyasını bu və ya digər zaman kəsiyində
hansı prioritetlər əsasında reallaşmasından
asılı olaraq formalaşır.
Bu mənada
faktdır ki, istehlak sisteminin regional səviyyədə idarə
olunmasını əlaqələndirmək, onların kənd
təsərrüfatının yeyinti sənayesi ilə
qarşılıqlı münasibətlərini
optimallaşdırmaq, istehlakçı kontingentinin xüsusiyyətlərini
nəzərə alan uzunmüddətli
çeşid siyasəti yeritmək olduqca zəruridir.
Kənd təsərrüfatı məhsullarının
istehsalçıları bazarın sərt və dinamik tələblərinə
adekvat reaksiya üçün zəruri maliyyə
imkanlarının olması da vacibdir. Qeyd olunan istiqamətlərdə
ölkəmizdə, xüsusən də regionlarda zəruri
addımlar atılır. Belə ki, ölkəmizdə
həyata keçirilən aqrar islahatlar nəticəsində kənd
təsərrüfatında torpaq və əmlak üzərində
xüsusi mülkiyyətçilik bərqərar olunub. Kənddə sahibkarlar təbəqəsi yaranıb,
kiçik və orta sahibkarlığın inkişafına
şərait yaxşılaşıb. Eləcə
də aqrar sahədə müasir texnika və texnologiyalar, yeni
bilik və informasiyalar şəbəkəsi genişlənir.
Kənd təsərrüfatında torpaq və əmlakdan
səmərəli istifadəyə imkanlar artıb, iqtisadi tənəzzülün
qarşısı alınıb, istehsalın dinamik
inkişafına zəmin yaranıb. Bundan
başqa kənd təsərrüfatında istehsalın mərkəzdən
planlı idarə edilməsi özünüidarə ilə əvəz
edilib. Regionların da inkişafına
böyük töhfə verən bütün bu siyasətin əsası
isə ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub.
Hələ
Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi
dönəmdə Heydər Əliyev bazar iqtisadiyyatının
tələblərinə cavab verən aqrar islahatlara start vermişdi.
Ulu öndər Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri işləyərkən
1992-ci ilin aprel ayında muxtar respublikanın qanunverici
orqanının sessiyasında aqrar islahatlara dair xüsusi qərarlar
qəbul olunmuşdu. O dövrdə Culfa rayonunun Şurut
və Gal kəndlərində Heydər Əliyev tərəfindən
həyata keçirilməklə qoyulan torpaq islahatları
ümummilli liderin respublika Prezidenti seçilməsindən
sonra bütün ölkəyə tətbiq edildi. Bu proses
dünyada analoqu olmayan bir şəkildə, yəni
torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətandaşlara
verilməsi ilə həyata keçirildi.
Təcrübəli
rəhbər kimi Heydər Əliyev bildirirdi ki, müstəqil
inkişaf yoluna qədəm qoymuş respublikada artıq
köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi
sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməli,
yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın
bütün sahələrində, o cümlədən kənd
təsərrüfatında islahatlar aparılmalıdır. Ulu
öndər qeyd edirdi ki, təsərrüfat sahəsində
iqtisadi islahatlar Azərbaycanın yeganə yoludur və respublikada
dövlət mülkiyyətinin özəlləşdirilməsində,
mülkiyyət formalarının dəyişdirilməsində,
sahibkarlıq üçün şərait
yaradılmasında və ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının bütün sahələrində bazar
iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində
aqrar bölmənin ehtiyat mənbələri böyük əhəmiyyət
kəsb edir. Bütün bunların məntiqi nəticəsi
olaraq Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin
bir çox sahələrinin xammalla təmin edilməsində
kənd təsərrüfatının imkanlarından maksimum
istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı
sahəsində iqtisadi islahatların keçirilməsinin
sürətləndirilməsini ilk plana çəkirdi.
Bundan başqa Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü
ilə 1993-cü ildən başlayaraq hər il
azı iki və ya üç dəfə kənd təsərrüfatının,
aqrar bölmənin problemlərinə dair müşavirələr
keçirilməsinə başlandı. 1993-2000-ci
illərdə belə müşavirələrin tez-tez
keçirilməsi həm də ölkədə özəlləşdirmə
və torpaq islahatları aparmaq üçün daha əlverişli
qərarların qəbul edilməsinə, qanunverici bazanın
təkmilləşdirilməsinə, icra strukturları
arasında düzgün koordinasiyaya nail olmağa xidmət
edirdi.
1994-cü
ilin dekabrın 23-də kənd təsərrüfatında
iqtisadi islahatlara həsr olunmuş belə respublika
müşavirəsində aqrar islahatların vacibliyinə diqqət
çəkən ulu öndər qeyd edirdi: «Aqrar bölmədə
iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək,
torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata
geniş yol açmaq respublikamızın həyatında
çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli,
məsuliyyətli və taleyüklü məsələdir». Bundan sonra aqrar islahatları həyata keçirmək
üçün mükəmməl hüquqi baza
yaradıldı, onlarla fərman, sərəncam və digər
hüquqi aktlar hazırlandı.
1995-ci il fevralın 18-də «Aqrar islahatın əsasları
haqqında» qüvvəyə minən qanun bu sahədə əsas
hüquqi bazalardan biri kimi çıxış etdi. Sözügedən qanun ölkənin aqrar-sənaye
kompleksinin islahatının əsas istiqamətlərini və
onların hüquqi təminatını müəyyən
edirdi və onun müddəaları aqrar islahat sahəsində
digər normativ aktlar üçün əsas idi. Qanuna əsasən, aqrar sahədə aparılan
islahatın məqsədi aqrar bölməni böhrandan
çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin
sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan
ibarət idi. İslahatın vəzifələri
kimi torpaq və əmlak üzərində yeni mülkiyyət
münasibətlərinin formalaşdırılmasından,
bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində
müxtəlifnövlü təsərrüfatların
yaradılması və inkişafı ilə istehsal münasibətlərinin
dəyişdirilməsi və təkmilləşdirilməsi
çıxış edirdi.
Aqrar
islahatın əsas istiqamətləri olaraq
aşağıdakılar göstərilirdi: aqrar bölmədə
yeni mülkiyyət münasibətlərinin
formalaşdırılması; torpaq, meliorasiya və su təsərrüfatının
islahatı; müxtəlifnövlü təsərrüfatların
yaradılması; aqrar bölmənin dövlət təminatı.
Bu zaman dövlətin iqtisadi siyasəti ilə aqrar
islahatın uzlaşması, islahatın aparılmasında
sosial ədalətin və könüllülüyün təmin
edilməsi, əmtəə istehsalçılarına təsərrüfat
fəaliyyətinin təşkilində və öz məhsullarına
sərəncam verməkdə tam sərbəstliyin təmin
edilməsi, respublikanın kənd təsərrüfatı
xüsusiyyətlərinin nəzərə alınması, ətraf
mühiti mühafizə tələblərinə əməl
edilməsi, kəndin sosial inkişafı və əhalinin
sosial müdafiəsi aqrar islahatın əsas prinsipləri kimi
götürülürdü.
Bununla yanaşı, qanunda aqrar bölmədə yeni
mülkiyyət münasibətlərinin
formalaşdırılması da öz əksini
tapmışdı. Qeyd olunurdu ki, dövlət mülkiyyətində, bir
qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri,
onların təcrübə bazaları, baytarlıq və bitki
mühafizəsi obyektləri, cins toxumçuluq və
damazlıq təsərrüfatları, balıqartırma
müəssisələri, təbiəti mühafizə obyektləri,
qoruqları mühüm heyvandarlıq və quşçuluq
kompleksləri, emal müəssisələri, meliorasiya və
su təsərrüfatı obyektləri, kənd təsərrüfatı
maşınları istehsalı və təmiri müəssisələri,
maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli
digər obyektlər saxlanılır. Ancaq o da
bildirilirdi ki, aqrar bölmənin dövlət mülkiyyətində
olan yerli əhəmiyyətli obyektləri bələdiyyə
mülkiyyətinə verilə bilər. Həmçinin
bələdiyyə mülkiyyətinə mülkiyyətçilərin
qərarı ilə digər əmlak da verilə bilərdi.
Aparılan islahat torpaqların dövlət və bələdiyyə
mülkiyyətinə ayrılmasını, müəyyən
edilmiş normalar əsasında torpaqların xüsusi
mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət
formasından asılı olmayaraq torpaq istifadəçilərinə
təsərrüfat fəaliyyəti üçün bərabər
şərait yaradılmasını nəzərdə tuturdu. O da vurğulanırdı
ki, torpaq mülkiyyətçisinin Azərbaycan
Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq
torpağı satmaq, bağışlamaq, dəyişmək,
girov qoymaq, icarəyə və vərəsəliyə vermək,
əlavə torpaq sahəsi satın almaq hüquqları
vardır.
İslahat zamanı ərazinin təbii-coğrafi şəraiti,
əhalinin sıxlığı və kənd təsərrüfatı
istehsalında iştirakı, torpaqların keyfiyyəti,
torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə
alınır, torpaqlardan təyinatına görə istifadə
olunması və ətraf mühiti mühafizə tələbləri
gözlənilirdi. Aparılan islahat meliorasiya və su təsərrüfatı
obyektləri üzərində mülkiyyət münasibətlərini
dəyişdirmək və sudan istifadənin
səmərəliliyini yüksəltməyi də
özündə ehtiva edirdi. Bildirilirdi ki, iri su
mənbələri, meliorasiya və suvarma sistemləri,
onların istismarı müəssisələri və digər
obyektlər dövlət mülkiyyətində
saxlanılır.
Qanunda
emal sənayesinin və istehsal infrastrukturu obyektlərinin
dövlətsizləşdirilməsi və özəlləşdirilməsi,
sosial infrastrukturda yeni mülkiyyət münasibətləri,
istehlak kooperasiyasının islahatı, mülkiyyət
münasibətlərindən və təsərrüfatçılıq
formalarından asılı olaraq müxtəlifnövlü təsərrüfatların
növləri, onların yaradılması, sovxoz və
kolxozların islahatı, aqrar bölməyə dövlət
himayəsinin istiqamətləri, aqrar bazarın dövlət tənzimlənməsi
və digər mühüm məsələlər də ehtiva
olunurdu.
«Sovxoz və kolxozların islahatı haqqında» Qanun da
yeni iqtisadi şəraitdə aqrar münasibətlərin tənzimlənməsi
baxımından mühüm əhəmiyyət kəsb edirdi. Burada
islahatın məqsədi kimi bazar iqtisadiyyatına uyğun
müxtəlifnövlü təsərrüfat
formalarını yaratmaq və aqrar bölmədə
sahibkarlığı inkişaf etdirmək göstərilirdi.
İslahatın vəzifələri isə sovxoz
və kolxozların kəndli (fermer) təsərrüfatlarına
bölünməsindən, birgə sahibkarlığa əsaslanan
xüsusi mülkiyyətli kənd-təsərrüfatı
müəssisələrinə çevrilməsindən,
sovxozların bazasında dövlət kənd təsərrüfatı
müəssisələrinin yaradılmasından, şəxsi
yardımçı təsərrüfatların
inkişafından, yaradılmış təsərrüfatların
kooperasiyası və xidmət sahələrinin təşkilindən
ibarət idi.
(ardı var)
Elşən BAYRAMOV
Mövqe.-2013.-25 yanvar.-S.-10.