Regionlarda sahibkarlıq sürətli inkişaf yolundadır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Azərbaycanın iqtisadi inkişaf strategiyasını təhlil edərkən diqqət çəkən məqamlardan birinin də sahibkarlıqla bağlı olduğu özünü aydın formada büruzə verir. Bu gün sahibkarlığın inkişafına yaradılan şərait ölkənin hər yerində, o cümlədən regionlarda onun tərəqqisinə ciddi təkan verib. Ümumiyyətlə, Azərbaycanda həm də innovasiya sahibkarlığının dinamik inkişafı özünü aydın göstərir. Xalq təsərrüfatının, sənayenin gələcək inkişafı innovasiya sahibkarlığına əsaslanmalıdır. Çünki, iqtisadi artımın əsası kimi struktur dəyişikliklər texnoloji proseslərsiz mümkün deyil. Burada hərəkətverici qüvvə innavator, ətraf mühit və müəssisədir. Bu üç sistem bir-biri ilə qarşılıqlı əlaqədədir.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında”, "Müəssisələr haqqında”, "Səhmdar cəmiyyətləri haqqında”, "Haqsız rəqabət haqqında”, "Əmək birjası haqqında”, "Lizinq kompaniyaları haqqında” qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunub. Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı yolunda bir çox tədbirlər görməkdədir. Aqrar bölmədə fəaliyyət göstərən sahibkarlara dövlət yardımı, güzəştli kreditlərin verilməsi buna bariz sübutdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda sahibkarlığın inkişafı yolu regional sahibkarlığın tərəqqisində özünü daha aydın göstərir. Çünki, aydındır ki, əgər hər regionun öz iqtisadi resurslarından, təbii ehtiyatlarından, iş qüvvəsindən və s. imkanlarından istifadə edilsə, daha səmərəli olar. Onlar arasında şəbəkə yaradılması da zəruridir.

Məlumdur ki, bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları da özündə ehtiva edir. Eyni zamanda sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan, bəzi hallarda bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi tərəqqi yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxil məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, biri-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın rol və yerinin nə qədər uzaqgörənliklə və düzgün bir şəkildə müəyyən olunduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi isə öz növbəsində belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi kimi ümummilli lider Heydər Əliyev çıxış edir. Ölkəmiz yeni dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər olan dövr ərzində iqtisadi sferada həyata keçirilən yanlış siyasət və bunun nəticəsində formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının yaranmasına qətiyyən imkan vermirdi. Çünki yeni iqtisadi şəraitin tələblərinə uyğun islahatların həyata keçirilməsində gecikmələrə yol verilir, həyata keçirilən tədbirlər isə epizodik olub, sistemsiz bir xarakterə malik idi. Belə vəziyyət inkişaf göstəricilərinin aşağı düşməsinə, maliyyə və istehsal sahələrində qeyri-sabitliyin hökm sürməsinə, ümumi daxili məhsulun ötən illərlə müqayisədə azalmasına rəvac verirdi. Özəlləşdirmənin aparılmaması, qiymətlərin liberallaşdırılmaması sahibkarlığın yaranıb inkişaf etməsinin qarşısında başlıca maneə olaraq qalırdı. Beləliklə, dövlət müstəqilliyinin qazanılmasından sonra 1993-cü ilə qədər olan dövrdə sahibkarlıq institutunun formalaşması mümkünsüz oldu.

Yalnız Heydər Əliyevin hakimiyyət qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işləri sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.

Sahibkarlığın təşəkkülü istiqamətində atılan ilkin addımlar qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensialının daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu. Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın inkişafına güclü təkan verdi.

Sahibkarlar sinfinin yaranmasına Heydər Əliyevin xüsusi diqqət və qayğı göstərməsi isə səbəbsiz deyildi. Belə ki, keçmiş SSRİ-nin dağılması ilə yeni yaranan müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyil. Bu reallığı aydın görən Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas qayələrindən biri də məhz sahibkarlığın inkişafının təmin edilməsi idi.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atdı. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Çünki həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı və onlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Həmin vaxta qədər isə iqtisadiyyata nəzarət işlərini həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail oldu. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir. Həmin fərmanda əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirildi.

 

(ardı var)

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-31 yanvar.-S.-10.