Başqasının adına çıxılan Azərbaycan xalçaları

 

Zöhrə Əliyeva: «Əvvəllər belə hallar indikinə nisbətən daha çox idi»

 

Zəngin mədəni irsə malik olan xalqımızın ən qədim incəsənət növlərindən biri kimi xalçaçılıq daim diqqət mərkəzində olub. Quba, Şamaxı, Gəncə kimi xalçaçılıq məktəblərinin nümunələri hər zaman beynəlxalq sərgiləri, ayrı-ayrı ölkələrin muzeylərini bəzəyib. Azərbaycan mədəni irsini təmsil etməklə bərabər, bir çox hallarda bu xalçaların yanlış tanınması halları da olub. Belə ki, zaman-zaman Azərbaycan xalçaları dünyada İran xalçaları kimi təbliğ olunub, tanıdılıb. Yol verilən yanlışlığı aradan qaldırmaq üçün Amerika Birləşmiş Ştatlarında yaşayan, əslən Cənubi Azərbaycandan  olan Kətayun Sərnesar geniş araşdırma aparıb. O, Azərbaycan xalçaları ilə bağlı həqiqətləri dünyaya çatdırmaqla məşğuldur. Kətayun Sərnesar Azərbaycan xalçaçılıq məktəbi üzrə doktorluq dissertasiyası yazıb. Bu sahəni köklü şəkildə araşdırarkən bir əsas məqami üzə çıxarıb - dünyada İran, fars xalçası adı altında təqdim olunan bu sənət nümunələrinin əksəriyyəti əslində, Azərbaycan xalçaçılıq məktəbinə məxsusdur.

Hazırda bu məsələyə ölkəmizdə xüsusi diqqət yetirilir. Elə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də xalçaçılığın inkişafı üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu haqda Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Movqe.az-a məlumat verib: "Bu günə kimi belə hallar çox yaşanıb. Həm xarici ölkələrə gedərkən, həm də ki, xarici informasiya vasitələrində və s. belə məlumatlara rast gəlmək mümkündür.  Amma çox uzun illərdir ki, buna qarşı mübarizə aparırıq. Əvvəllər belə hallar indikinə nisbətən daha çox idi. İndi xeyli azalıb. Heydər Əliyev Fondu da Mehriban xanım Əliyevanın başçılığı ilə bu işə olduqca ciddi şəkildə nəzarət edir. Mədəniyyət və Turizm Nazirliyiöz növbəsində bu işlə maraqlanır və lazımi tədbirlər görür. Bu tədbirlər isə əvvəla, beynəlxalq münasibətlərdən ibarətdir. Belə ki, dünyanın bir çox ölkələri ilə münasibətlər qurulur,  müxtəlif treninqlər, seminarlar keçirilir. Bundan əlavə, nazirlik tərəfindən mütəmadi olaraq sərgilər keçirilir. Həmçinin, məhşur Luvr muzeyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sıx münasibətləri var. Orda Azərbaycan hökümətinin dəstəyi ilə böyük Şərq zalları salınıb. Şərq zallarının təminatı üçün Azərbaycan tərəfi o zaman 1 milyon avro ayırmışdı. Bu da onu göstərir ki, onlar Azərbaycan irsinə çox böyük hörmətlə yanaşmalıdırlar və yanaşırlar da. Bundan başqa, şəxsi kolleksiyaçılarla münasibətlərdə onlarda olan yanlış məlumatları düzəltməyə çalışırıq".

Zöhrə Əliyeva bildirib ki,  Azərbaycan öz mədəniyyətini dünyaya tanıtdıqca, elmi-tədqiqi işləri dünyaya yayıldıqca, alimlərimiz öz tədqiqatlarını xarici jurnallara göndərdikcə,  belə yanlış məlumatlar zamanla aradan çıxacaq: "Sadəcə olaraq, bu, uzunmüddətli prosesdirbir günün içində görüləcək işlər deyil. Heç bir muzey öz ekspedisiyasını bir günün içində dağıtmır və ya  ordakı alt yazıları birdən-birə dəyişmir. Əlbəttə ki, vəziyyəti onlara aydınlaşdırmaq, göstərmək lazımdır. Müəyyən danışıqlar aparılmalı, elmi tərəfdən məsələlər sübut olunmalıdır".

 

 

Aysel HƏSƏNOVA

 

Mövqe.-2014.-26 aprel.-S.11.