Ailədaxili zorakılıqlar səngimir

 

Mətanət Əzizova: «Problemin həlli üçün bir neçə addım atılmalıdır»

 

Elgün Səfərov: «Zorakılığa məruz qalan qadınların heç də hamısı rəsmi qurumlara müraciət etmir»

 

Ailədaxili zorakılıq hadisələrinə dair az qala  gündəlik olan yayılan xəbərlər bu sahədə heç də xoş olmayan bir vəziyyətin yarandığını göstərir. Daha bir təhlükəli məqam isə odur ki, fiziki və psixoloji zorakılıqların  ölümlə əvəzlənməsi halları da artır.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məsələ ilə bağlı Mövqe.az-a açıqlamasında bildirib ki, problemdən çıxış yolu kimi ailədaxili zorakılığa qarşı mübarizə üçün qanunvericilik bazası möhkəmləndirilməli, cəza tədbirləri sərtləşdirilməlidir: "Həqiqətən də bu gün ailədaxili zorakılıq ciddi problemə çevrilib. Artıq neçə illərdir ki, qeyri-hökümət təşkilatlarının, dövlət strukturlarının hesabatlarında, istərsə də beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda qeyd edilir ki, Azərbaycanda qadınlar daha çox ailədaxili zorakılığa məruz qalırlar. Problemin həlli üçün bir neçə addım atılmalıdır. İlk növbədə qanunvericilik bazasının möhkəmləndirilməlidir. Çox təəsüf ki, bu gün hansısa qadın ailədaxili zorakılığa məruz qalıbsa, demək olar ki, bunu həyata keçirən şəxsin cəzası yox səviyyəsindədir. Əgər əvvəllər ailə üzvünü döymək cinayət tərkibli sayılırdısa, indi yalnız inzibati bir sayılır və şəxslər təxmini 200-300 manat ödəməklə cəzadan qurtulurlar. Çox təəssüf ki, dünyada "Azərbaycan ailəsi ən gözəl ailədir, ən mehriban ailədir” mesajlarla çıxış edib, bu mesajların arxasında gizlənib ortada mövcud problemi görmək istəməyənlər də var. Nəticədə də belə hallar günü-gündən artır.

Dünya təcrübəsində belə hallara qarşı müəyyən addımlar atılır. Birincisi, əgər problem varsa, onun araşdırılması aparılır, hesabatlar hazırlanır ki, bu problem ölkədə nə qədər var, nədən qaynaqlanır və hansı addımlar atılmalıdır. Bundan sonra artıq qanunvericilik bazasını möhkəmləndirmək lazımdır. Biz təklif edirik ki, cəza tədbirləri sərtləşdirilsin. Üçüncü tərəfdən təhlükəsizlik təmin edilməlidir. Ölkədə kifayət qədər sığınacaqların salınması, qaynar xətlərin fəaliyyət göstərməsi və s. təşkil olunmalıdır.  Əgər təhlükəsizlik təmin edilə bilmirsə, belə hallar sonda əlbəttə ki, ölümlə nəticələnəcəkdir. Bütün bunlardan əlavə, qadınlara müəyyən psixoloji, hüquqi xidmətlərin göstərilməsinə ehtiyac var. Eni zamanda maarifləndirmə işləri də paralel olaraq aparılmalıdır.  Elə ən asan yol da budur. Amma effekti çox az olan bir addımdır. Ona görə də ailədaxili zorakılıq halları da, nəticədə ölümlər də artır və heç bir nəticə əldə olunmur. Görünür ki, biz bununla bağlı uğur qazana bilmirik”.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiyaAnalitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə bildirib ki, rəsmi məlumatlara görə, ailədaxili zorakılıq halları son vaxtlar əvvəlki illərə nisbətən azalıb: "İlk növbədə belə halların baş verməsinə səbəb olan amilləri göstərmək istərdik ki, bu ailədaxili anlaşmazlıq, qadınların və kişilərin psixoloji vəziyyəti ilə bağlıdır. Bu uşaqlıq dövründə hanısa şəxsin aldığı travmalarla da əlaqəli ola bilər.

Amma qeyd etmək istərdim ki, belə halların ildən-ilə çoxalmasını göstərən bir faktor yoxdur. Əslində, rəsmi məlumatlara müraciət etsək, ailədaxili zorakılıqların sayında daha çox azalma müşahidə edilir”.

Şöbə müdiri eyni zamanda yaşanan problemlərdən də danışıb: "Amma eyni zamanda bir sıra problemlər də var. Əsasən də statistik araşdırmalarla bağlı problemlər yaşanır. Belə ki, ailədaxili zorakılıq inzibatiyaxud cinayət xarakterli əməl hesab edildiyinə görə, bunun dəqiq statistikasının təqdim edilməsi mümkün deyil. Səbəb  isə ondan ibarətdir ki, zorakılığa məruz qalan qadınların heç də hamısı rəsmi qurumlara müraciət etmir.

Bu gün intihar halları da yaşanır. Məsələn, qadınların intihar hallarına çatdırılması, yaxud döyülmə faktlarının olması, uşaqların intiharı hallarının artması da müşahidə olunur. Bunlar hamısı göstərir ki, zorakılıqla bağlı bir hal olsa belə, bununla mübarizə aparılmalıdır. Dövlət tərəfindən problemlə bağlı bir neçə istiqamətdə işlər görülür. Görülən işlərin birincisi qanunvricilik islahatlarının davam etdirilməsidir. Bilirsiniz ki, 2010-cu ildə məişət zorakılıqları haqda qanun layihəsi qəbul edilmişdi. Eyni zamanda 2011-2012-ci illərdə xüsusi qaydalar qəbul edildi ki, burda məişət zorakılığı ilə mübarizə, onlara yardım mərkəzlərinin yaradılması, tikilməsi, onların fəaliyyəti, həmin zorakılığa məruz qalan törədən şəxslər haqqında məlumat banklarının yaradılması s. nəzərdə tutlmuşdu. İkinci əsas istiqamət isə, maarifləndirmə işlərinin aparılması ilə bağlıdır. Həm vətəndaşların özləri üçün, həm eyni zamanda dövlət qulluqçuları üçün bu sahədə maarifləndirmə işləri aparılıb.

Bilirsiniz ki, yerlərdə olan dövlət nümayəndələri təlim keçməldirlər. Təlimə uyğun proqramlar keçməlidirlər ki, bu gün həmin problemlərlə müraciət edən şəxslərə yardım göstərə bilsinlər. Bu sahədə yerli icra hakimiyyəti, polis qurumları, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər qurumların yerlərdə təlimi davam etdirilir. Təlimlər 2010-cu ildən mütəmadi olaraq aparılır. Lakin bu da yetərli deyil”.

Elgün Səfərov eyni zamanda bildirib ki, ölkədə mövcud yardım mərkəzlərinin artırılmasına ehtiyac var: "Qeyd etmək istərdim ki, baxmayaraq ki, son illər yardım mərkəzlərinin sayı çoxalıb, məsələn, bu il 4 QHT akkredasiyadan keçib, amma  həmin mərkəzlər kifayət etmir. Belə mərkəzlərin daha da artırılmasına ehtiyac var

 

 

Aysel HƏSƏNOVA

 

Mövqe.-2014.-1 may.-S.7.