Elmdə yaş problemi davam edir
Vaqif Arzumanlı:
"Son illər gənclərin
Azərbaycan elminə
gəlişində bir
seyrəklik hiss olunur"
Vahid Aslan:
"Xüsusi qabiliyyəti,
istedadı olan, elmdə öz sözünü deyən gənclərə stimullaşdırıcı
əsaslarla köməklik
göstərilməlidir"
Son illər
Azərbaycanda baş verən iqtisadi yüksəliş öz təsirini elm sahəsinə
də göstərməyə
başlayıb. Lakin əvvəlki
kimi Azərbaycan elmində
çalışan kadrlar yaş
etibarilə qocalır, bura üz
tutan gəncəlrin sayı isə
azalır. Bunu hələ keçən il açıqlamaların birində Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə
də vurğulamışdı.
Unuversiteti bitirən gənc kadrların böyük əksəriyyəti diplom
aldıqdan sonra öz həyatlarını
elmlə, elmi kəşflər aparmaqla bağlamaq istəmirlər. Elm
sahəsi onlar üçün
hələ də prioritet sahə statusunu qazana bilməyib. Bunun nəticəsidir ki, indi elmi-tədqiqat institutlarında çalışanlar
arasında gənclərin faiz nisbəti
azdır. Hesab edilir ki, gənclərin elm sahəsinə
marağının artmasına stimul verən
addımlar atılmalıdır. Ekspertlərlə söhbətimizdə
bu sahədəki problemlərin həlli
yollarını aramağa
çalışdıq.
Siyasi şərhçi, professor Vaqif Arzumanlı sözügedən problemin başlıca həllini elm sahəsində çalışanlarn maddi imkanlarının genişləndirilməsində görür: "Mütəxəssislərin və elm xadimlərinin Azərbaycan elmində gənc kadrların az olması ilə bağlı dedikləri fikirlərində bir həqiqət var. Burada artıq yaşlı nəsil öz sözünü deyib, ona görə orta və gənc nəslin də elm sahəsində öz sözünü deməsinə böyük ehtiyac yaranıb. Bu ehtiyacın ödənilməsi üçünsə müxtəlif yollar mövcuddur. Son illər gənclərin Azərbaycan elminə gəlişində bir seyrəklik hiss olunur. Gənclərimiz elm sahəsində çalışmağa o qədər də həvəs göstərmir. Bunun isə başlıca səbəbi Akademiyanın dissertantura və dokturanturasına qəbul olunan gəncin təhsil aldığı müddət, istərsə də ondan sonrakı dövrdə maddi cəhətdən normal təmin olunmaması ilə bağlıdır. Maddi cəhətdən təmin olunmamaq da sonda həmin gəncin elmə deyil, başqa sahəyə üz tutması ilə sonuclanır. Ona görə ilk öncə çalışmaq lazımdir ki, elm sahəsində fəaliyyət göstərən insanların maddi vəziyyəti yüksəldilsin. Gənclərin bu sferaya marağnın artması üçün orta nəslə malik alimlərin məvaciblərinin yüksək səviyyəyə qalxması, onların əsərlərinin çap olunması, elmi nəşrlərin tez-tez reallaşdırılması, müdafiə ediləcək əsərlərin vaxtında müdafiəsinin təşkili təmin olunmalıdır. Gənclər görsə ki, elmlə məşğul olan insanlar maddi cəhətdən təmin olunur, əsərləri vaxtlı-vaxtında çap olunur, namizədlik, doktorluq dissertasiyalarının müdafiəsi üçün heç bir əngəl yaradılmır, bu halda gənclər də heç bir tərəddüd etmədən elmin ayrı-ayrı sahələrinə maraq göstərəcək. Nəticədə elm sahəsində yaranan bu boşluq da dolacaq. Bəzi elm sahələri, ayrı-ayrı ixtisaslar üzrə son illər Nazirlər Kabineti nədənsə az yer ayırır. Bunun özü də həmin yerləri tutmaq istəyən gənclərin sayının az olmasına rəvac verir. Ona görə də ayrı-ayrı ixtisaslar üzrə gənclərin qəbul sayını artırmaq vacibdir. Bu sahələrdə addımlar atılarsa, gənclərimizin elmə axını da baş verəcək".
Təhsil məsələləri üzrə ekspert Vahid Aslan da gənclərin elm sahəsinə marağının az olması probleminin həllini bu sahəyə daha çox maddi təminatın ayrılmasında axtarmağı lazım bildi: "Azərbaycan elmində təmsil olunan gənc nəslin nümayəndəsi olaraq gənclərin elmə maraq göstərməməsinin nədən qaynaqlandığını birbaşa öz həyatımızda da hiss edirik. Bizim özümüzü də elmə maraq göstərməkdə həvəsdən salan bir sıra nüanslar vardır ki, həmin amilləri gənclərə də şamil etmək olar. Hazırkı dövrdə stimul məsələsi önəmli yer tutur. Hər kəs istəyir ki, öz əməyinin maddi bəhrəsini görsün. Dünyaya açılandan sonra gördük ki, zehni, fiziki əməklə məşğul olmalarından asılı olmayaraq, bütün insanların əməyinin stimulunun pik nöqtəsində maddiyyat dayanır. Maddi təminat olmadan beyinin məhsulunu da işlək vəziyyətə çevirmək olmaz. Qeyri-adi istedadı olan, Azərbaycan və dünya elminə müəyyən xeyir gətirə bilən gəncin maddi asıllığı onu öz məngənəsində sıxır və işinin arxasınca getməyə imkan vermir. Ona görə də gənclərin elmə marağının artırılması dövlət səviyyəsində həll oluna bilən məsələdir. Bunun üçün də stimul yaradılmalıdır. Xüsusi qabiliyyəti, istedadı olan, elmdə öz sözünü deyə bilən gənclərə stimullaşdırıcı əsaslarla köməklik göstərilməlidir. Gənclər, xüsusən də oğlanlar, müəllimlik fəaliyətilə məhz əmək haqlarının az olması səbəbindən məşğul olmur. Ona görə də gənclər elmdən uzaq düşür. Bütün hallarda gənclərin elmdən uzaqlaşmasının kökündə əmək haqlarının aşağı səviyyədə olması dayanır. Qabiliyyətli gənclərə qol-qanad açmaları üçün lazımi meydan, zəruri bir məkan yoxdur. Lütfizadəni Azərbaycan mühitinə gətirsək, burada hansısa unuversitetdə mühazirə oxusa ona əsasən divarlar qulaq asacaq. Ancaq bilirik ki, Lütfizadənin Kanadada təşkil olunan mühazirəsinə 60-a yaxın universitetdən akademik səviyyədə elmlə məşğul olan insanlar təşrif buyurmuşdu. Azərbaycan elmində yaşlı nəslin özü də yaxşı vəziyyətdə deyil. Amma onların getməyə başqa sahələri olmadığından az əmək haqqı olsa da belə, qalıb işləməli olurlar. Gənclər isə elmdə özlərinə yer tapa bilmədiyindən bacardıqları və müasir dövrün tələblərinə cavab verən başqa sahələrə yönəlirlər. Maddi tələblərə cavab vermədiyindən elm sahəsi gənclər üçün maraqsız olur".
Rüfət NADIROĞLU
Mövqe.-2014.-14
yanvar.-S.7.