Musiqili Teatrda 20-ci dəfə “Qızıl toy” olacaq
Azərbaycan Dövlət Musiqili Teatrında O.Kazımi və R.Heydərin "Qızıl toy” iki hissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı nümayişi noyabrın 6-da baş tutacaq.
Tamaşaçıların hər zaman böyük maraqla izlədiyi "Qızıl toy” komediyasının quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimovdur. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova və başqaları ifa edirlər.
Bu maraqlı səhnə əsərində valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.
Qeyd edək ki, "Qızıl toy” əsəri ilk dəfə
teatrın səhnəsində 1980-ci ildə Rafiq
Atakişiyevin quruluşunda
tamaşaçılara təqdim olunub. İkinci dəfə bu
maraqlı əsər 1996-cı ildə rejissor
Yusif Əkbərov tərəfindən səhnələşdirilib.
Hazırkı – üçüncü quruluşun premyerası isə ötən il keçirilib.
Tamaşanın əvvəlki quruluşlarında Nəsibə
Zeynalova, Siyavuş Aslan kimi böyük
sənətkarlar rol alıblar.
Mövqe.- 2015.- 5 noyabr.- S.-6