Tiflisdə ABŞ səfirliyində
gənc azərbaycanlı rəssamların 11 sentyabr
faciəsinə həsr olunan rəsm əsərlərinin
nümayişi keçirilib
Sentyabrın 11-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərən Marneuli Gənclər Mərkəzinin (MGM) üzvləri olan 30-dan çox gənc azərbaycanlı rəssamlar Gürcüstan paytaxtındakı ABŞ səfirliyinin binasında 2001-ci il sentyabrın 11-də baş verən faciəyə həsr olunan sərgi təşkil ediblər.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, sərgidə MGM-nin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin terrorizm və sülhə aid 20 rəsm əsəri nümayiş olunub. ABŞ-ın Gürcüstandakı səfir vəzifəsini icra edən Nikolas Berliner azərbaycanlı gəncləri qarşılayıb və 11 sentyabr faciəsinin tarixi və problemləri haqqında fikirlərini bildirərək 14 il yaddaşlarda yaşayan faciəni qətiyyətlə pisləyib. Sonra Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov çıxış edərək dünyada baş verən terrorizmin dünya ölkələrinin inkişafına zərər verdiyini və xalqların yaşayış tərzinə problemlər yaratdığını bildirib. O, terrorizmə tez-tez dini don geyindirildiyini də vurğulayıb. Sərginin açılışında ingilis dilində çıxış edən azərbaycanlı gənclər terrorçuluğun dünya üçün həmişə təhlükə yaratdığını və bu təhlükəyə qarşı birgə mübarizə etməyin vacib olduğunu bildiriblər.
ABŞ səfiri sərgidə nümayiş olunan əsərlərə görə azərbaycanlı gənclərə təşəkkürünü bildirib.Tədbirin sonunda 11 sentyabr faciəsindən bəhs edən film göstərilib və faciə ilə bağlı diskussiya aparılıb.
Mövqe.-
2015.- 12 sentyabr.- S.- 5