İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların inşası, müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ölkənin nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, bilavasitə dövlətimizin başçısının sərəncam və göstərişləri əsasında dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla həyata keçirilir. Onlardan biri də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsidir.

Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, NazirçayGirdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.

Dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində görülən işlər barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrədir. Hazırda, Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı inşaatçılarla görüşdü, layihənin uğurla başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Mövqe.- 2015.- 17 sentyabr.- S.- 9