Aida İmanquliyevanın anım günüdür

Bu gün şərqşünas alim, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın anım günüdür.

Movqe.az-ın məlumatına görə, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb (1957-1962).

Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışıb (1991-ci ildən).

"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirib.

Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarixmüasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub.

İctimai işlərdə fəal çalışıb.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). Moskva, Bakı, Düşənbə,Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Aida İmanquliyeva 1992-ci il, sentyabrın 19-da Bakıda vəfat edib.

Ölkənin birinci xanımı Mehriban Əliyevanın professor Nərgiz Paşayevanın anasıdır.

Mövqe.- 2015.- 19 sentyabr.- S.- 7