Yerli sahibkarların iqtisadiyyata qoyduğu sərmayələr artacaq

Məhəmməd Talıblı: “Sahibkarların real sektora marağı ölkədə əlverişli biznesnormal investisiya mühiti olanda artır”

"Sahibkarlara bu il öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm”. Bu sözləri yanvarın 10-da Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: "Dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirir ki, sahibkarların real sektora marağı ölkədə əlverişli biznesnormal investisiya mühiti olanda artır: "Biznes qurumları əvvəlcə ölkədə investisiya kəşfiyyatı həyata keçirirlər. Normal investisiya mühitini qiymətləndirəndən sonra investisiya yatırıb-yatırılmaması barədə qərar qəbul edirlər. Bu baxımdan investorların qərarlarına əsasən bir neçə faktor təsir edir. Bunlardan birincisi, siyasi faktordur. Ölkədə siyasi kataklizmlərin olması, inqilabi vəziyyətin formalaşması, tez-tez dəyişən hərbi və siyasi çevrilişlərin və s. vəziyyətlər sahibkarları investisiya yatırmaqda maraqlı etmir. İkincisi, iqtisadi baxımdan daha sabit vəziyyətin hökm sürməsidir. Yaxud da yüksək vergi dərəcələri tətbiq olunursa, sosial ödənişlər artırsa, bu zaman sahibkarlar həmin ölkəyə investisiya yatmaqda maraqlı olmurlar. Üçüncü istiqamət isə həmin ölkədə sosial-mədəni vəziyyət nəzərə alınır. Ölkədə istehlakçı zövqü tamamilə başqa məhsulları tələb edirsə, o zaman şirkətin istehsal etdiyi məhsulun əhəmiyyəti olmur. Ölkədə inflyasiya da nəzərə alınır. Dördüncü, əsas hüquq aspekti qiymətləndirilir. Ölkədə rəqabətli mühiti şərtləndirən məsələlərə diqqət yetirilir. Yəni, sahibkarlar qanunvericilik baxımından mövcud maneələr və imkanları öyrənirlər. Sahibkarlar bu faktorları qiymətləndirəndən sonra ölkəyə investisiya edirlər”.

Ekspert bildirdi ki, ölkəmizdə özəl sektor təmsilçilərinin yatırım etməsi üçün lazımi şərait var.

Qeyd edək ki, ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib.

Mübariz BAYRAMOV

Mövqe.- 2015.- 13 yanvar.- S.- 6