ƏRƏSTUN ORUCLU: "QARABAĞ ƏTRAFI RAYONLARIN BOŞALDILMASI İMKANLARI MÖVCUDDUR"

 

"Ermənilər artıq anlamalıdırlar ki, təxribatlarına görə ağır cavab alacaqlar"

Ermənilərin təxribatları nəticəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki qarşıdurma davam etməkdədir. Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etməsinə baxmayaraq separatçıların sakit dayanmaması, mülki əhaliyə atəş açması, cəbhə xəttində döyüşləri yenidən qızışdırdı. Ermənilərin ağır artilleriyadan atəşinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən verilən cavab düşmən üçün ağır nəticələr verməkdədir. Cəbhədəki son proseslərlə bağlı müxtəlif fikirlər səsləndirilir.

Gərginliyi "Şərq”in suallarını cavablandırmaqla şərh edən "Şərq-Qərb” Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu baş verənləri elan olunmamış müharibə adlandırmağın tərəfdarı deyil...

 

-Az qalsın 30 ilə yaxındır ki, Azərbaycanın torpaqları işğal altındadır. Bu günə kimi Ermənistan heç bir beynəlxalq tələbləri yerinə yetirməyib. Sülh danışıqları aparılsa da, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişənin həllində irəliyə bir addım da atılmayıb. Bununla yanaşı beynəlxalq aləm Ermənistanın işğalçı olduğunu açıq şəkildə etiraf etmir. Son günlər təmas xəttində baş verənlər, bütün bunlara adekvat reaksiyadır. Bunu elan olunmamış müharibə adlandırmaq olmaz. Elan edilməmiş müharibə Ermənistan tərəfindən bizə qarşı tətbiq edilir.

- Ermənistan atəşkəsi pozmağı, ağır artilleriyadan istifadə etməyi əvvəlcədən planlaşdırıblar yoxsa...

- Düşünürəm ki, Ermənistan bu təxribatlarına belə cavab veriləcəyini gözləmirdi. Separatçılar işğal etdikləri torpaqlarda özlərini çox rahat hiss edirdilər. Buna söykənərək mütəmadi təxribatlar törədirdilər. Onların təxribatlarına Azərbaycan tərəfdən cavab verilirdi. Amma aprelin 2-ə kimi verilən cavablar, görünür adekvat deyildi ki, onlar rahat idilər. Bununla da təxribatlarının sayını və miqyasını artırırdılar. Nəhayət ki, vəziyyət o həddə çatdı ki, Azərbaycan Silahlı Qüvvələri bunun cavabını verməli idi, verdi. Bildiyim qədər şiddətli döyüşlər bu gündavam etməkdədir. Ermənilər artıq anlamalıdırlar ki, təxribatlarına görə ağır cavab alacaqlar. Onu da anlamalıdırlar ki, işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmalıdırlar.

- Cəbhədəki gərginlik hansı nöqtəyə kimi davam edə bilər?

- Proseslərin necə və hara qədər inkişaf edəcəyini dəqiq söyləmək çətindir. Burada bir neçə senari mümkündür. Əsas məsələ odur ki, Azərbaycan mümkün qədər qısa müddətdə əməliyyat keçirməklə, daha çox ərazilərini qaytarıb nəzarət etməlidir. Çünki belə vəziyyətdə beynəlxalq ictimaiyyət də məcbur qalıb Ermənistana təzyiq edəcək. Rəsmi İrəvan təzyiqlərə görə ən azından Dağlıq Qarabağ ətrafı ərazilərdən geri çəkilə bilər. Hesab edirəm ki, bu mərhələyə kimi proseslərin irəliləməsi mümkündür. Yəni Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması imkanları mövcuddur.

- Belə fikirlər var ki, cəbhədəki gərginliyi yaradan Rusiya idi. Amma Kreml Azərbaycanın Ermənistanın təxribatlarına bu cür reaksiya verəcəyini gözləmədiyindən, döyüşlər başladığı an "sakitləşmək” haqqında çağırışlar etdilər. Digər tərəfdən rəsmi Moskvaya yaxınlığı ilə seçilən rus mətbuatı işğalçıların təssübünü çəkməklə məşğuldurlar. Sanki Rusiya yox, Ermənistan mətbuatıdır. Rusiyanın cəbhədə baş verənlərə reaksiyasını necə qiymətləndirirsiz?

- Əvvəla Rusiyanın ekspertlərinin və jurnalistlərinin reaksiyalarının erməni yanlı olacağı gözlənilən idi. Çünki Azərbaycan torpaqlarının işğalının arxasında Rusiya dayanıb. Qarabağ məsələsi ətrafında daim manipulyasiya aparan da məhz Rusiyadır. Rusiya arxasında dayanmasa Ermənistan Azərbaycan torpaqlarını nə işğal edə bilərdi, nə də işğalda saxlaya bilərdi. İstisna etmirəm ki, qoşunların təmas xəttindəki son provokasiyanın da arxasında Rusiya dayanıb. Ya Ermənistan bununla Rusiyaya yarınmaq istədi, o mənada ki Azərbaycan prezidenti Vaşinqtonda görüşlər keçirdi, Qərblə yaxınlaşma hiss olundu. Ya da elə Rusiyadan İrəvana sifariş gəldi, separatçılar da cəbhədə təxribat həyata keçirdilər. Bu variantların hansıdır, söyləmək bir qədər çətindir. Amma istənilən halda Ermənistan da Rusiya da Azərbaycanın bu reaksiyasını gözləməyiblər, bunu hesablaya bilməyiblər.

- AŞPA sədri Pedro Aqramunt Ermənistana işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaqla bağlı bir çağırış etdi. Bundan əlavə almaniyalı deputatlar da eyni çağırışlar etdilər. Sizcə bu bəyanatlar fonunda demək olarmı ki Qərb Azərbaycanın haqlı mövqeyini dəstəkləyir...

- Qərb Azərbaycanı tam dəstəkləyir demək olmaz. Amma cəbhədəki son gərginliyə Avropanın verdiyi reaksiya bizim üçün yaxşıdır. Dəstək olmasa da, loyal münasibət sərgilənir. Əgər Azərbaycan qısa müddətdə işğalda olan ərazilərini azad etmək üçün irəliləyərsə, Qərbin yumşaq yanaşması davam edəcək. Amma proseslər uzanıb, hərbi qarşıdurmaya, müharibəyə gətirib çıxaracaqsa, beynəlxalq aləmin münasibəti dəyişə bilər. Yəni artıq loyal münasibəti balans əvəz edəcək.

 

Anar Bayramoğlu

Şərq.- 2016.- 4 aprel.- S.3