İşğal altındakı 5 rayon qaytarılır…

 

Kreml hakimiyyətinə yaxın olan Rusiya İctimai Palatasının üzvü, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov sensasion açıqlama ilə çıxış etdi. O bildirib ki, Dağlıq Qarabağla bağlı plan yaxın vaxtlarda işə düşəcək: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq.

Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedyevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur”.

S.Markov bu ilin sonuna kimi Ermənistan işğalı altındakı 5 rayonun Azərbaycana qaytarılacağını da söyləyib: "Dağlıq Qarabağın özüora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar isə sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq".

Politoloq bu gün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün əlverişli imkanın yarandığını da söyləyib: "25 illik münaqişə bu gün diplomatik yolla həll oluna bilər. Prezident İlham Əliyev güclü diplomatdır. Əgər bir neçə il bundan qabaq münaqişənin daha çox Ermənistanın xeyrinə həll olunma ehtimali güclü idisə, bu gün münaqişənin Azərbaycanın xeyrinə həll olunmaq şansı daha böyükdür. Vaxt Azərbaycanın xeyrinə işləyir. Ona görə də, əgər münaqişə bundan sonra daha bir neçə il də həll olunmamış qalsa belə, bu, tamamilə Azərbaycanın xeyrinə həll yolu ilə nəticələnəcək. İldən-ilə münaqişənin Ermənistanın xeyrinə həll olunması şansları azalır".

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirdi ki, Ermənistanın 2 aprel tarixində işğal atında olan bölgələrdə atəşkəsi ciddi şəkildə pozaraq hərbi əməliyyatlara başlamasından sonra Dağlıq Qarabağ məsələsi yenidən bölgə və beynəlxalq mətbuatda müzakirə edilən mövzulardan biri oldu: "Problemin həll edilməsi üçün müxtəlif fikirlər səslənsə də, əsasən, Kazan görüşündə əldə edilən prinsiplər daha çox gündəmə gəlir. Rusiyanın rəsmi və qeyri-rəsmi dairələri Qarabağ probleminin həlli istiqamətində səylərini artırırlar. Aprelin 2-də başlayan hərbi əməliyyatların dayandırılmasında da Rusiyanın rolu olub.

Mətbuatda Qarabağ probleminin həll olunması zaman ilkin olaraq Qarabağ ətrafında 5 və yaxud 6 rayonunun geri qaytarılacağı, Laçın və Kəlbəcərin, eyni zamanda Dağlıq Qarabağın siyasihüquqi statusunun daha sonra müəyyənləşdirələcəyi xəbərləri verilir. Tərəflər və vasitəçilər bu barədə rəsmi fikir bildirmədiklərindən hələlik bu iddialara şübhə ilə baxmaq olar. Bəzi mənbələr tərəflərin Kazan prinsipləri barədə razılığa gəlməsindən sonra bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında da xəbərlər verirlər. Bu, bir az qarışıq məsələdir. Hansı dövlətlər sülhməramlı qüvvələr göndərəcək, o dövlətlərin arasında Türkiyə də varmı, yoxdursa, niyə yoxdur? Bu kimi suallara açıq və aydın cavab almayınca, sülhməramlı qüvvələrin necə effekt verəcəyini söyləmək çətindir. Əslində, sülhməramlı qüvvələrin yerləşdirildiyi anoloji problemlərə diqqət etdikdə belə bir missiyanın əsasən ciddi nəticələr vermədiyini görmək mümkündür. Tərəflər arasındakı tampon bölgəyə sülhməramlıların yerləşdirilməsi problemi yenə də tam olaraq həll etmir. Sülhməramlı qüvvələrin bölgədə nə qədər qalacağı, hansı tarixlərdə bu missiyanın vaxtının uzadılması, hansı silahlarla bölgədə olması, tərəflərin biri bu missiyanın vaxtını hüquqən uzatmırsa, bunun necə tənzimlənəcəyi məsələləri olduqca mürəkkəb prosesdirbu yekun sülh müqaviləsi deyil. Bütün hallarda konfliktin həll edilməsi prosesində sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi Azərbaycanın siyasi və təhlükəsizlik maraqlarına cavab vermir”.

Digər siyasi analitik Şahin Cəfərli Sergey Markovun Kremlə yaxın siyasi ekspertlərdən biri olduğunu qeyd etdi: "Bu baxımdan onun söylədiklərini əhəmiyyət vermək lazımdır. Cəbhədə baş verən 2-5 aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi fəallıq yaranıb. Şübhə yoxdur ki, intensivləşən danışıqlarda artıq konkret məsələlər, o cümlədən S.Markovun dediyi kimi, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması müzakirə olunur. Lakin burada əsas məqam rayonların hansı şərtlər daxilində geri qaytarılacağı məsələsidir. Rusiya paket həll variantı təklif edir. Yəni rayonların 5+2 formulu əsasında qaytarılması ilə paralel Dağlıq Qarabağın statusu probleminin də müzakirəsini istəyir. Azərbaycan buna razı olmamalıdır. Ermənilər 5 rayonu qeyd-şərtsiz boşaltmalıdır. Əgər onlar 5 rayonu qaytarmağa razılıq verərsə, biz Laçın-Kəlbəcər məsələsinə sonrakı mərhələdə baxılmasına və Laçın dəhlizinin beynəlxalq nəzarətə verilməsi məsələsinin müzakirəsinə razılaşa bilərik. Sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində hüquqi statusuyerli ermənilərin təhlükəsizliyinə real təminatların verilməsi müzakirə oluna bilər”.

Politoloq əlavə etdi ki, əgər ermənilər danışıqlarda qeyri-konstruktiv və güzəştsiz mövqelərini davam etdirərsə, hərbi əməliyyatların bərpası ehtimalı hər zaman qalır: "Azərbaycan Silahlı Qüvvələrinin gücü son döyüşlərdə ortaya qoyuldu. Azərbaycan cəmiyyətinin itirilmiş torpaqların geri qaytarılması üçün döyüşməyə və qurbanlar verməyə hazır olduğunu hər kəs gördü. Ermənistan rəhbərliyi də müharibə variantının ona heç də yaxşı perspektiv vəd etmədiyini anladı. Bu amillər danışıqların gedişinə təsir edəcək”.

Mübariz BAYRAMOV

Mövqe.- 2016.- 15 aprel.- S.9