İslam mədəniyyətinin yüksəlişində Azərbaycanın rolu artır

Müsəlman həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan addımlar müsbət nəticələrini verir

 “Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirib və məzmun etibarilə xarici siyasətin məhək daşlarından biridir.

 

Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirlər bir müsəlman xalqı olmaq etibarilə azərbaycanlıların mədəni irsi, mədəniyyəti, tarixi, incəsənəti və sairə xüsusiyyətləırinin geniş təbliğinə əsaslanır. Belə tədbirlərin spektri isə geniş və rəngarəngdir. Mədəniyyət günləri, təsviri incəsənət festivalı, rəssamlarımızın yaradıcılığı, Azərbaycan dili üzrə bazar günü məktəbləri, folklor bayramları, düha sahiblərinin yubileyləri və sairə bu kimi tədbirlər təbliğati xarakter daşımaqla yanaşı həm də maarifləndirici missiyanı yerinə yetirir.

Bir cəhətə daim diqqət yetirmək gərəkdir ki, bütün bu işlər pərakəndə halda yox, vahid plan əsasında ardıcıl siyasət olaraq yerinə yetirilir. Üstəlik, elm adamlarının tariximizin böyük bir dövrünü əhatə edən araşdırmaları əcnəbi alimlərin diqqətinə çatdırılır, xarici tədqiqatçıların Azərbaycan ərazisindəki elmi axtarışlarına şərait yaradılır, birgə çalışmalara rəvac verilir. Nəticə etibarilə digər xalqlar ölkəmiz haqda daha ətraflı məlumata və bilgiyə sahib olur. Bu yolla Azərbaycan digər xalqlarla inteqrasiya proseslərinin tarazlaşdırır. Yəni, xalqların bir-birini tanıması qarşılıqlı olur. Azərbaycanın qədim sivilizasiyanın bir parşası olduğu bu tədbirlərdə üzə çıxır. Çünki, ölkədəki mədəni inkişafın indiki səviyyəsi heç nədən yaranmayıb, yalnız min illər bundan əvvəl yaradılmışların üzərində inkişaf edən dünyagörüş bu gün dünyaya bəşəri çağırışlar edə bilər.

Azərbaycanın xarici siyasətinin bu qolu tək öz ölkəmizi tanıtmaqla bitmir. Bir çox müsəlman ölkələrində məktəblərin, xəstəxanaların tikilməsi, xristianlığa məxsus qədim inanc məbədlərinin bərpası, habelə istirahət güşələrinin yaradılması, xaricdəki mədəniyyət ocaqlarının təmiri və s. bu kimi tədbirlər ölçüyəgəlməz əhəmiyyətə malikdir. Bu gün Pakistan xalqı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adını hörmətlə çəkir. Bu ölkədə uşaqlar üçün bir neçə məktəb və sosial obyektin, xəstəxananın tikilib istifadəyə verilməsi Azərbaycanın adı ilə bağlıdır. Afrikanın kasıb bölgələrində, Avropada, Latın Amerikasında, Asiyada məhz Azərbaycanın təşəbbüsü və vəsaiti ilə həyata vəsiqə qazanmış bu cür obyektlərin sayı kifayət qədərdir. Görülən işlərin sırasında diqqətəlayiq məqam bu işlərin həm müsəlman, həm də xristian dövlətlərində ardıcıllıqla aparılmasıdır. İlk baxışda, qəribədir ki, gənc müstəqil dövlət olmasına, öz ərazisində 1 milyondan çox  qaçqın və məcburi köçkünün sosial durumunun yaxşılaşdırılması üçün milyonlarla vəsait sərf etməsinə baxmayaraq, xaricdə də, məsələn Parisdə Luvr muzeyinin təmiri, Vatikanda məhv olmaq təhlükəsi ilə üzləşən  katakombaların bərpası və sairə işlərin görülməsinə vəsait xərcləyir. Lakin bu yalnız ilk baxışda belə görünə bilər. Mahyyətinə varanda, əslində, bunun mükəmməl bir siyasət olduğu aydınlaşar. Bu addımı ilə Azərbaycan dünyada ən böyük missiyanın insanlıq olduğunu, xalqların dostluq və mehriban şəraitdə yaşamasının əsas şərtlərindən birinin insanlığa xidmət etməyin olduğunu sübuta yetirir. İndi ölkəmizdə olan multikultural və multikonfessial dəyərləri riqqətlə qarşılayanlara əyani şəkildə deyilir ki, bizim bu keyfiyyətlərimizin inkişafında məhz bərabərlik, humanizm, elmin və mədəniyyətin, intellektualizmin yüksəlməsi ilə nail olmaq mümkündür. Fikir verin, bu missiyanı müsəlman ölkəsi dünyaya yayır. Buna görə də bu prosesdə tək Azərbaycan yox, bütün müsəlman dünyası iştirak etmiş sayılır.

Azərbaycanın gedişləri həm İslam ölkələri, həm də xristian dünyası üçün örnəkdir. Bir tərəfdə müsəlmanlar inandıqlarının yüksəkliyini qoruyub saxlamağa, o biri tərəfdə digər inanclı insanlar islamofobiyadan uzaqlaşmağa dəvət edilir. Azərbaycanın yaydığı bu təşəbbüslər XXI əsrin çağırışlarıdır.      

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” adlanır. Bu ad rəmzi yox, əməli məna daşıyır. Bir neçə aydan sonra ölkədə böyük idman bayramı-İslam Həmrəyliyi Oyunları keçiriləcək. Ən azı 50 İslam ölkəsindən olan 3-4 min idmançı, on minlərlə tamaşaçı bir məkanda cəmləşəcək. Azərbaycanın real siması və bəşəri çağırışları idman yarışlarının keçirildiyi müddətdə əyani vəsait olacaq. Bu yarışların birlik və yüksəklik yolunda mühüm əhəmiyyət daşıyacağına şübhə yoxdur. Yarışlardan əvvəl isə V Qlobal Bakı Forumu baş tutacaq. Bu məclisdə isə müxtəlif inanclı üləmalar, dövlət və hökumət başçıları, ictimai xadimlər  bir araya gələcək, bəşəri ideyaları müzakirə edəcəklər. Əminik ki, hər iki tədbirin çağırışları daha çox ölkə mənsubları tərəfindən təqdir və qəbul olunacaq və bununla da Azərbaycan qlobal missiyasını yerinə yetirməkdə daha da irəliləyəcək.

 

N.NOVRUZ

Mövqe.- 2017.- 21 fevral.- S.5