Turizm qeyri-neft
sektorunun rentabelli sahəsinə çevrilir
İqtisadi fəallığın təminatında,
sahibkarlığın inkişafında
və qeyri-neft sektorundan büdcə daxilolmalarının artımında
əsaslı rol oynayan turizm sektorunun inkişafı son
illər Azərbaycanda
həyata keçirilən
islahatların əsas
istiqamətlərindən birini
təşkil edir. Azərbaycan
Respublikası Prezidentinin
6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"
də məhz bu sahənin inkişafına təkan verəcək fundamental əhəmiyyətli
sənəd olaraq bu sahədə yeni vəzifə və hədəfləri müəyyən edir.
Bundan başqa, ölkə başçısının 2016-cı il 1 sentyabr tarixli
"Elektron vizaların
verilməsi prosedurunun
sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında", habelə
20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" sərəncamı
ölkədə qeyri-neft
sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına yeni təkan vermişdir. Nazirlər Kabinetinin son iclasında ölkə başçısı
cənab İlham Əliyevin də qeyd etdiyi kimi,
"ASAN Viza" sistemi
ölkəmizə səfər
edən əcnəbi vətəndaşların sayının
qısa müddətlə
sürətli artımını
təmin etmiş, bu sistemlə 40 nəfər turist qısa müddətdə
viza almışdır.
"Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi"ndə
qeyd olunduğu kimi, son illər respublikamızda turizm sektorunun inkişafı istiqamətində bir sıra məqsədyönlü
tədbirlərin həyata
keçirilməsi bu sektorun davamlı inkişafına səbəb
olmuşdur. Azərbaycan Respublikası Prezidentinin
2002-ci il, 27 avqust tarixli sərəncamı ilə
"Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın
həyata keçirilməsi
nəticəsində turizmin
inkişafı üçün
münbit şərait
yaradılmış və
ölkəmizin beynəlxalq
turizm bazarına inteqrasiyasının əsası
qoyulmuşdur. Bu siyasətin
davamı olaraq Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab
verən müasir turizm sahəsinin formalaşdırılması və
onun ölkə iqtisadiyyatının əsas
inkişaf dayaqlarından
birinə çevrilməsinin
təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 6 aprel tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı" təsdiq edilmişdir.
Yol Xəritəsində qeyd olunur ki, ölkədə
turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması
bu sahənin qanunvericilik bazasının
və dövlət tənzimlənməsi mexanizmlərinin
təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə
imkanlarının genişləndirilməsini,
regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını,
yeni turizm marşrutlarının yaradılmasını,
habelə rəqabətədavamlı
qiymət təklifinin
təmin edilməsini zəruri edir. Bu məqsədlə "Azərbaycan
Respublikasında turizmin
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamında
müvafiq dövlət
qurumlarına bir sıra tapşırıqlar
verilmişdir.
Sənəddə qeyd olunur ki,
Azərbaycan, Şərqlə
Qərbin qovuşmasında
yerləşən müasir
infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı
şəhərindən başlamaqla,
ecazkar təbiətə
və milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir
ki, Bakı şəhəri Azərbaycanın
qlobal turizm sektorundakı payının
böyük bir hissəsinə sahibdir.
Turizm üzrə məşhur
internet portallarının məlumatına
görə, ölkəyə
gələn xarici turistlərin üstünlük
verdikləri turizm mərkəzlərinin 75 faizi
Bakıda yerləşir.
Digər hissə isə gələcəkdə
artımdan xəbər
verən regional turizmin
payına düşür:
"Son təhlillərin nəticəsi
göstərir ki, Azərbaycanın turizm sektoru bütövlükdə
yüksəliş dövrünü
yaşayır. 2010-2015-ci illər
ərzində Azərbaycanda
turizm müəssisələrinin
sayında ortalama ildə 4,5 faiz, turizm sahəsində məşğulluq səviyyəsində
ildə 6 faiz, turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının
sayında isə 8,5 faiz artım müşahidə edilmişdir.
Dünya Səyahət
və Turizm Şurasının məlumatlarına
əsasən, Azərbaycanda
turizm sektoru birbaşa ÜDM-in 2,8 faizini,
məşğulluğun isə
2,6 faizini təşkil
edir ki, bu da dünyada orta hesabla 3 faiz birbaşa ÜDM və 3,6 faiz birbaşa məşğulluq
göstəricilərindən cüzi fərqlənir. Bu isə gələcək
inkişaf potensialından
xəbər verir.
Qeyd olunanları nəzərə
alaraq, turizm üzrə uğurlu layihələrin həyata
keçirilməsi istiqamətində
müvafiq infrastrukturun
yaradılması, regionlarda
yerli əhalinin gəlirlərinin artırılması
ilə bağlı maarifləndirmə işlərinin
aparılması, müxtəlif
çeşidli turizm marşrutlarının hazırlanması
və beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm
əhəmiyyət kəsb
edir".
Ümumilikdə, ixtisaslaşmış turizmin
milli iqtisadiyyatın inkişaf strategiyasında
prioritet istiqamətlərdən
biri kimi müəyyənləşdirilməsi bu sahədə görülən işlərin
davamlılığına xidmət
etməklə yanaşı,
ölkəmizi cəlbedici
turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaratmaq məqsədi güdür. Bu, eyni zamanda qarşılıqlı
əlaqələrdən və
mövcud turizm potensialından səmərəli
istifadə edilməklə
turizm sektorunun iştirakçıları arasında
əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə
keyfiyyətin yüksəldilməsinə
gətirib çıxaracaq.
Strateji Yol Xəritəsi nəzərdə
tutulmuş müddətlər
ərzində turizm sektorunun inkişafının
dəstəkləməsi, beynəlxalq
və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm
xidmətlərinin təmin
edilməsi, milli dəyərlərə uyğun
turizm təcrübəsinin
formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin
cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti
orqanların qarşılıqlı
koordinasiyası kimi tədbirləri özündə
ehtiva edir: "Son illərin statistik göstəricilərinə görə,
turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən
sahibkarlıq subyektlərinin
və turizm məqsədilə gələn
xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və
8,5 faiz1 ortaillik sabit artım müşahidə
edilmişdir. Hazırda
turizm sənayesinin ölkə üzrə
ÜDM-də və məşğulluqda birbaşa
payı müvafiq olaraq 4,5 və
3,3 faiz təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas
təkanverici qüvvəsi
olmuşdur".
Strateji Yol Xəritəsində qeyd olunur ki, qonşu
ölkələrdən daha
çox turist cəlb etmək və qlobal miqyasda daha çox
tələbatın olduğu
ölkələr üçün
ixtisaslaşmış turizm
məkanına çevrilmək
Azərbaycanın hər
iki sahə üzrə üstünlüyünü
daha da artıra bilər. Mövcud imkan və potensialdan səmərəli
istifadə etməklə
Azərbaycan 2025-ci ilədək
həm regionda, həm də digər dünya ölkələri arasında
cəlbedici turizm məkanlarından birinə
çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada
turistlərin ən çox üstünlük
verdikləri turizm
məkanından birinə
çevirmək, mövcud
turizm ehtiyatlarından
səmərəli istifadə
göstəricilərinin maksimuma
çatdırılmasını təmin etməkdir.
Sənədə əsasən, bu sektor üzrə uzunmüddətli perspektivə
nail olmaq məqsədilə 2020-ci ilədək
olan dövr üçün ölkə
üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını
cəlb etməkdədir.
Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcəkdir. Potensialdan daha səmərəli
istifadə məqsədilə
xüsusi idarəetmə
mexanizminin yaradılması,
məlumatlılığın daha da artırılması,
turist xidməti paketlərinin yenilənməsi,
müxtəlif turizm fəaliyyət növlərinin
səmərəli təbliği
və turizm infrastrukturunun məqsədyönlü
inkişafı nəzərdə tutulur.
İkinci hədəf milli
səviyyədə daha
yaxşı idarəetmənin
təşkili, turizm və rekreasiya zonalarının yaradılması,
mövsümiliyin aradan
qaldırılması üçün
regional səviyyədə
turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması,
viza prosedurlarının
sadələşdirilməsi də daxil olmaqla,
turizm sektorunun inkişafı üçün
ölkə üzrə
əlverişli mühitin
formalaşdırılmasıdır.
Üçüncü hədəf isə regional turizm təşəbbüslərini həyata
keçirməklə Azərbaycanda
turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı
inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün
sağlamlıq, qış
və ekoturizm kimi turizm növlərinin
inkişafına investisiya
qoyuluşları həyata
keçiriləcəkdir. Dördüncü
hədəf turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən və
turistlərin məmnunluğunu
artırmaq üçün
standartlaşdırma və
sertifikatlaşdırma sistemini
təkmilləşdirməkdən ibarətdir.
S.Mustafayev
Mövqe.-
2017.- 6 iyul.- S.10.