Naxçıvanın
möcüzəvi şəfa ocağı
Axşama
doğru olsa da, Naxçıvana səfər edən KİV rəhbərləri
bu qədim diyarın dünyaca məşhur olan ikinci
möcüzəvi məkanı, Duzdağ Fizioterapiya Mərkəzini
görməyə tələsirdilər. Qonaqlar
Duzdağda çatanda artıq hava qaralmışdı. Amma
bununla belə Duzdağ Fizioterapiya Mərkəzində iş
deyəsən bundan sonra başlayırdı. Çünki, Mərkəzin
qarşısında, içərisindəki xəstələrin
çoxu bir saat öncə bu şəfa ocağına gəlib
çatmışdılar. Elə Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyyə Həsənova
ilə söhbətə də,
elə burdan, şəfa ocağının iş rejimindən
körpü salırıq. Z. Həsənova deyir ki, Duzdağ Fizioterapiya Mərkəzi
24 saat işlədiyindən, evə çox vaxt elə
axşam gedib çıxırlar: “Bu məkana üz tutan
insanlar şəfa axtaran, xəstə insanlardır. Biz
çalışırıq ki, Mərkəzə gələn
heç bir xəstə narazı qayıtmasın. Ona görə
də, bayram günlərində də iş başında
oluruq. Xəstələr bu şəfa ocağında yatmaqla,
buranın havasını udmaqla sağlamlıqlarına
qovuşurlar. Ona görə də, biz
çalışırıq ki, xəstələrin istirahəti
pozulmasın”.
Z. Həsənova
ilə söhbət zamanı öyrənirik ki, Duzdağ
mağarasında duz qatının qalınlığı 8,2
metrdir. Həmsöhbətimiz deyir ki, bayırda havanın
temperature fəslə uyğun dəyişsə də, bu
fizioterapiya mərkəzinin temperatu ilboyu dəyişməz
qalır: “Burada ilin bütün fəsillərində
havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət
isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə
duz layları arasında oksigen havanın 20 faizini təşkil
edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət
çəkənlərə təbiətin bəxş etdiyi ən
gözəl dərmandır. Duzun tərkibindəki zəngin
minerallar və kimyəvi elementlər də orqanizmə
müsbət təsir göstərir. Oksigen və zəngin duz
minerallarının yaratdığı hava ağciyər xəstəlikləri
– bronxial-astma və bu kimi xroniki xəstəliklərin
müalicəsində müstəsna rola malikdir”.
Mərkəzin baş həkimi ilə söhbət
zamanı onu da öyrənirik ki, şəfa ocağına
üz tutanların çoxu uşaqlardır: “Mərkəzə
şəfa tapmaq üçün hər yaşda xəstələr
müraciət edir. Amma ən çox
uşaqları gətirirlər. Ən
ağır vəziyyətdə gələn xəstəyə
duz mağarasının havası dəyən kimi səhhəti
müsbətə doğru dəyişir”.
Z. Həsənova
deyir ki, burada xəstələrə müalicə kursu 14
gün təşkil edilir: “Biz xəstələrə məsləhət
görürük ki, ildə iki dəfə buraya gəlsinlər.
Elə xəstə olur ki, hər il iki dəfə müalicə
məqsədi ilə bu Mərkəzə üz tutur. Elə xəstələr
də olur ki, səhhətlərində irəliləyiş
uzunmüddətli olduğundan ildə bir dəfə müalicə
üçün gəlirlər.
Z. Həsənova bildirir ki, allergik astma və
xroniki bronxiti olan xəstələrdə şaxta havası
daha çox effekt verir: “Bronxial astmalı şəxslərdə
spleoterapiyadan sonra boğulma tutmalarının sayı
azalır və ya kəsilir. Eləcə də, quru
öskürək azalır və ya bəlğəmli öskürəklə
əvəz olunur. Yuxuları yaxşılaşır gecə
boğulma tutmaları azalır. Bronx yolları təmizlənir
xəstələr havanı daha rahat alırlar”.
Hər xəstəliyin müalicəsinə
vaxtında başlamaq məqsədəuyğun
sayıldığı kimi, allergik astma və xroniki bronxitin də
müalicəsi üçün xəstəlik
ağırlaşmamış Duzdağ Fizioterapiya Mərkəzinə
gəlmək lazımdır”.
Mərkəzin baş həkimi
unikallığı ilə dünyaya səs salan Mərkəzə
şəfa tapmaq üçün Naxçıvan Muxtar
Respublikasının sakinləri ilə yanaşı, Azərbaycanın
hər yerindən xəstələrin axışdığını
söyləyir. Onun sözlərinə görə, xarici
ölkələrdən də bu
təbii müalicəvi şəfa ocağına gələnlər
az deyil.
Burada olarkən həmsöhbət olduğumuz
xəstələr də, Mərkəzdə
yaradılmış şəraitdən ağız dolusu
danışdılar. Xəstələr Duzdağa gəlmək
üçün rahat nəqliyyat xidmətinin olmasından,
yolların abadlığından ağız dolusu
danışdılar.
Mərkəzin baş həkimi ilə söhbət
zamanı onu da öyrənirik ki, Duzdağ Fizioterapiya Mərkəzi
təkcə şəfa ocağı kimi deyil,
unikallığı ilə turistlərin də diqqətini cəlb
edir: “ Duzdağ elə bir məkandır ki, turistlər də
bu mağaranı görmək üçün bura üz
tutur. Əcnəbi turistlərin bəziləri mağarada duz
layının həqiqətən duz
olub-olmadığını yoxlamaq üçün dadına
da baxırlar. Onlar əmin olduqdan sonra heyrətlərini gizlədə
bilmirik. Mərkəzimiz çox qonaq-qaralı olduğundan,
çalışırıq ki, burada müalicə olunan xəstələrin
də istirahəti, müalicəsi pozulmasın”.
Burada olarkən öyrənirik ki,
Naxçıvanda Duzdağ mağarasının analoqu
Polşanın Krakov şəhərində, Ukraynanın
Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən
Qırğızıstanda da var. Ancaq Naxçıvandakı
Duzdağ öz müalicəvi əhəmiyyətinə
görə digərlərindən bir neçə cəhətdən
üstündür: “Naxçıvandakı şaxtalar
dağın altında horizontal şəkildə yerləşdiyindən
təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin
səhhətinin pisləşməsinə gətirib
çıxarmır. Burada temperatur sabitdir, nisbi rütubət
aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn
xəstələrin, təxminən, 300 metr məsafəni qət
etməsi isə yeraltı şöbədəki havaya tədricən
öyrəşmək imkanı yaradır”.
Azərbaycan Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) təşkilatçılığı ilə
Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə
qatılan KİV rəhbərləri də mağaranın
içərisini gəzərək xəstələr
üçün yaradılmış şəraitlə tanış
olub, mağaranın içərisindəki palatalara baş
çəkdilər. Mərkəzdə diqqət çəkən
daha bir məqam bu qədər qonaq, xəstə qəbul edən
şəfa ocağının təmizliyi idi. Z.Həsənova
deyir ki, Mərkəzin təmizliyinin qorunması
üçün palatada müalicə olunan xəstələrə
içəriyə yemək keçirməyə icazə
verilmir. Amma Mərkəzin girişində bunun
üçün şərait yaradılıb. Z. Həsənova
deyir ki, müalicə başa çatdiqdan sonra böyüklərdə
65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.
Qeyd edək ki, Naxçıvan Muxtar
Respublikası Duzdağ Fizioterapiya Xəstəxanası 1979-cu
ilin dekabr ayının 29-da Duzdağda qədim duz məbədlərinin
bazası əsasında yaradılıb. Qısa vaxt ərzində
keçmiş SSRİ ərazisində məşhurlaşan xəstəxananın
şöhrəti bütün dünyaya yayılıb.
Aradan keçən illər ərzində
Naxçıvan şəhərindən 12 kilometr aralıda
300 metr məsafədə 110 metr dərinlikdə
dünyanın daha bir möcüzəsi sayıla bilən
kompleks yaradılıb. Ümumi sahəsi 15 min kvadratmetrə
yaxın olan Mərkəzdən yeraltı şaxtaya məsafə
2,4 kilometrdir. Əvvəllər Duzdağ
Fizioterapiya xəstəxanasının yerüstü hissəsinin
kənarda yerləşməsi xəstələrin yeraltı
hissəyə gediş-gəlişində bəzi çətinliklər
yaradırmış. Bu çətinikləri aradan
qaldırmaq məqsədilə müəssisə 2008-ci ildə
istfadəyə verilərək Duzdağ Fizioterapiya Mərkəzinin
müalicəxana bölməsində fəaliyyətini
davam etdirir.
Duzdağ Fizioterapiya Mərkəzi bu gün
allergik astma və xroniki bronxiti olan xəstələr
üçün bir ümid yerinə çevrilib. Xəstələr
Duzdağa gələn kimi səhhətlərində müsbətə
doğru bir dönüş yarandığını,
Naxçıvanın təmiz havasını ciyərlərinə
çəkərək rahat nəfəs aldıqlarını
deyirlər.
Duzdağ Fizioterapiya Mərkəzində həmsöhbət
olduğumuz Dilavər Kərimov da uzun illərdir ki, astma
bronxit xəstəliyindən əziyyət çəkir. Həmsöhbətimiz
deyir ki, onun davası-dərmanı
bu mağaranın havasıdır: "Mən 1987 ci ildən
buraya müalicə məqsədi ilə gəlirəm. Mənim
dərmanım demək olar ki, buradı. Özümü pis hiss edən kimi
özümü çatdırıram Duzdağa. Hər il gələ
bilməsəm də çalışıram ki, imkan olduqca
Duzdağın havasını alım. 14 gün burada qalıb
müalicə olunumaq mənə xəstəliyimi demək olar
ki, unutdurur. Elə müalicəm buranın
havasıdır".
D. Kərimovun sözlərinə görə,
özü əslən Ordubadın Tivi kəndindən olsa da,
Bakıda yaşadığından Duzdağ şəfa
ocağına tez-tez gələ bilmir: "Mən dərdimin dərmanının
burada olduğunu bilirəm. Buna görə mənə həkimin
göndəriş verməsinə ehtiyac yoxdur. Eləki hava
limanında təyyarədən enirəm, xəstəliyim
yüngülləşir. Naxçıvanın
havasının mənə dərman olduğunu bilirəm.
Bakıda yaşadığımdan, xəstəliyimdə
ağırlaşma hiss edəm kimi özümü Duzdağa
çatdırıram. Burada sadəcə yatıb, 14 gün
havasını udmaq nəfəsimin açılmağına
kifayət edir".
Dərmansız, öz havası ilə
insanların dərdinə çarə olan bu Mərkəz,
regionun ən böyük müalicəvi turizm obyektidir.
KİV rəhbərləri də bu Mərkəzin öz
unikallığı ilə turist cəlb etmək potensialını,
təbii şəfa ocağı kimi əvəzolunmaz
olduğu barədə fikirlərini bölüşdülər.
Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzindən yüksək
təəssüratlarla ayrılaraq Naxçıvan səfərinin
ilk gününə möcüzəvi mağaranı ziyarət
etməklə yekun vurdular. Sabah isə bizi Sədərək və
Şərur rayonlarına səfər gözləyirdi. Bu səfərlərlə
bağlı isə növbəti sayımızda...
Ardı var...
Zülfiyyə QULUYEVA
Mövqe.-
2017.- 10 iyun.- S.4.