Sahibkarlar üçün əlverişli şəraitin
yaradılması vergi islahatlarının
başlıca hədəfidir
Qlobal böhran şəraitində respublikada inkişaf proseslərinin davamlılığını, biznes mühitinin ildən-ilə yaxşılaşmasını təmin edən başlıca amillərdən biri də beynəlxalq standartlara cavab verən çevik vergi sisteminin formalaşdırılmasıdır. Vergilər Nazirliyi ötən illərdə sürətli iqtisadi inkişafı təmin edən yeni iqtisadi strategiyanın uğurla həyata keçirilməsinin vacib strukturu kimi özünü təsdiqləyib.
Nazirlikdən bildirildiyinə görə, Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlb¬edici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə güstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması kimi məsələlərə aydınlıq gətirilib.
Məqalədə vurğulanır ki, aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib: "İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb".
Vergilər nazirinin məqaləsində qeyd edilir ki, zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib: "Təsadüfi deyil ki, bütün bunlar qısa müddət ərzində ölkəmizin bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına gətirib. 2016-cı ildə Dünya İqtisadi Forumunun tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında Azərbaycan 138 dövlət arasında 37-ci yerdədir (MDB ölkələri sırasında isə 1-ci yerdə). Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business 2017» hesabatında isə ölkəmiz 65-ci pillədə qərarlaşıb. Bu hesabatda Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə «Biznesə başlama» göstəricisi üzrə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib".
Məqalədə son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olmasının, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşmasının bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmədiyi qeyd olunur: "Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb".
Müəllif qeyd edir ki, yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nin təsdiq olunmasıdır: "Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir. Strateji yol xəritələri 2016-2020-cı illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabət¬qabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib".
F.Məmmədov yazır ki, yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılmasına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə dövlət tərəfindən güclü dəstək verilir. Bunlarla paralel dövlət idarəetmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi və gömrük sistemində şəffaflıq təmin edilməkdədir.
Məqalədə bildirilir ki, islahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illər vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir: "Bu vəzifələrin sırasına ilk növbədə iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılması, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması daxildir".
Müəllifin qənaətincə, iqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də fundamental islahatları labüdləşdirib. «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nə dair sənəddə, eləcə də «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır: "Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib".
(ardı növbəti sayımızda)
S.Mustafayev
Mövqe.- 2017.- 2 mart.- S.10