Əmək müqaviləsinin imzalanması gələcəyə təminatdır
Sahibkarlığın inkişafı, yeni müəssisələrin istifadəyə verilməsi, ilk növbədə, işsizlik probleminin həlli baxımından vacibdir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən də kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından ibarət olmuşdur.
Bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Biz 9 milyondan artıq əhaliyə malik olduğumuz ölkədə 1 milyondan artıq iş yeri yaratmağa müvəffəq olmuşuq. Bunun nəticəsində işsizlik çox aşağı səviyyəyə, təqribən 5 faizə enmişdir. Bizim ən böyük nailiyyətimiz isə düşünürəm ki, yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. On-on beş il öncə bu göstərici 50 faizə bərabər idisə, bu gün həmin rəqəm 5 faizdir".
Azərbaycanda regional inkişaf və tərəqqiyə xidmət edən iqtisadi islahatların mühüm hədəflərindən biri də məşğulluğun səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əhalinin yüksək rifah halının təmin edilməsidir. Ölkədə biznes mühitinin liberallaşdırılması, sahibkarlığın inkişafı, vergi dərəcələrinin optimallaşdırılması, infrastrukturun müasirləşdirilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər məşğulluq strategiyasının uğurla reallaşdırılmasına imkan yaratmışdır.
Beynəlxalq Əmək Təşkilatının 1995-ci ildə apardığı tədqiqatlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ildə əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlara görə isə 16,25 faiz təşkil edirdi. 2003-cü ildə BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri sırasında öncül yerlərdən birini tutur.
İş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Regionlarda məşğulluğun səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri də bu sahədə qəbul olunmuş çoxsaylı dövlət proqramlarıdır. Son 13 ildə qəbul olunmuş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı» və digər sənədlər paxtaxt Bakıda və bölgələrdə işsizliyin səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətli olmuşdur.
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini tapmışdır.
Sənəddə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində kompleks tədbirlər nəzərdə tutulmuşdur. Habelə aidiyyəti dövlət qurumlarının, eləcə də İqtisadi İnkişaf, Vergilər, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi; yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması; qeyri-formal məşğulluğun qarşısının alınması; işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi; kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsi kimi mühüm tədbirlər Dövlət Proqramında mühüm hədəflər kimi göstərilmişdir.
Belə bir şəraitdə əmək münasibətlərinin rəsmiləşdirilməməsi, işəgötürənlərlə işçi arasında əmək müqaviləsinin imzalanmaması respublikamızın sürətlə inkişaf edən əmək bazarının ən ağrılı, həlli vacib problemlərindən birinə çevrilmişdir. Azərbaycanın sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox özəl şirkətlərində - ticarət, xidmət sahələrində vergi və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə iş yerlərinin rəsmiləşdirilməməsi hallarına geniş təsadüf olunur.
Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkə başçısının belə neqativ hallarla mübarizədə daha təsirli tədbirlərin görülməsi ilə bağlı verdiyi tapşırığın icrasını diqqət mərkəzində saxlayan aidiyyəti dövlət qurumları əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində sistemli iş aparır. Qanunvericiliyin imkan verdiyi inzibati vasitələrlə yanaşı, maariflənləndirmə tədbirlərindən də geniş iştifadə edilir. Əmək müqaviləsinin imzalanmasının zəruriliyi, işçilər üçün yaratdığı üstünlüklər, işçilərin pensiya təminatındakı rolu və digər mühüm məqamlar insanlara geniş izah olunur.
Məqsəd yalnız ölkə iqtisadiyyatında şəffaflıq və hesabatlılığı təmin etməkdən, vergidən yayınma hallarının qarşısını almaqdan ibarət deyildir. Bu həqiqət bir daha diqqətə çatdırılır ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi, eləcə də əmək haqlarının düzgün göstərilməsi, ilk növbədə, gələcəyə etibarlı təminatın yaradılması deməkdir. Əmək münasibətlərinin vaxtında rəsmiləşdirilməməsi isə zaman keçdikdə, təkcə işçilərin deyil, bir sıra hallarda hətta işəgötürənlərin də hüquqlarının pozulması ilə nəticələnir. Bu hüquqların müdafiəsinə yönəlmiş hüquqi prosedurlar isə heç də həmişə müsbət yekunla nəticələnmir.
Artıq ictimaiyyət arasında ümumi fikir formalaşır ki, əmək müqavilələrinin bağlanmaması vergidən yayınmanın əsas səbəblərindən biridir və bu, dövlət büdcəsinə daxilolmalara mənfi təsir göstərir. Qanunvericilik bazasında bu məsələ ilə bağlı edilmiş son əlavə və dəyişikliklərə əsasən, cəzalar da sərtləşdirilir. İşəgötürənlər tərəfindən fiziki şəxslərin əmək müqaviləsi bağlamadan hər hansı işə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə edilmiş dəyişikliklərə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilir.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilmiş dəyişikliyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə isə işçilərlə əmək müqaviləsi bağlamadan onları işə cəlb edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
S.Mustafayev
Mövqe.-
2017.- 17 mart.- S.10