Suraxanı rayonunun
sosial-iqtisadi inkişafı: görülmüş işlər,
real vəziyyət və perspektivlər
Yolum tez-tez düşür Hövsandakı bu
yollardan. Bakı şəhərinin yol-nəqliyyat
infrastrukturunda xüsusi əhəmiyyət kəsb edənabad
Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı
avtomobil yolunun kənarlarıya uzanıb gedən zeytun
bağları göz oxşayır. Hər dəfə də təbiətin
bu qiyməli neməti barədə yunanların söylədiyi
bir atalar sözü yadıma düşür: Zeytun ana təbiətin
insana verdiyi ana südüdür. Suraxanı rayonu bol-bol
içib bu ana südündən. Bakının iqliminə
gözəl uyan və bol məhsul verən zeytun
bağları ölkə iqtisadiyyatına böyük töhfələr
verməkdədir. Artıq zeytun bağları məhsullarından
hazırlanmış süzmə zeytun yağları, konservləşdirilmiş
zeytun meyvələri həm ölkə, həm də xarici
bazarlarda öz laiqli yerini almaqdadır.
Atəşdən yoğrulan torpaq
Əmircan, Bülbülə, Qaraçuxur,
Hövsan, Yeni Suraxanı və Zığ qəsəbələrindən
ibarət olan Suraxanı rayonunda keçmişlə bu gün
eyni anda yaşayır sanki. Bu rayonda əsl qədim
Bakının ab-havasını duya bilirsən, hər
daşı, hə divarı tarix qoxuyan küçələri
ilə gəzişəndə zamanda səyahət edib qədim
Odlar Yurdu ilə, sabahlara addımlayan Bakını bir tabloda əks
olunmuş təsvir kimi görürsən – Usta-şagird
türbəsi, Pircan ovdanları, orta əsr neft
anbarları, Atəşgah məbədinin əks olunduğu
ağ-qara bir tablo kimi.
Əmican qəsəbəsində doğulub
böyümüş tarixçi alim, tədqiqatçı Həbib
Müslümovla görüşümüz də Suraxanı
rayonundakı məşhur Atəşgah məbədində
baş tutur. Həbib müəllimin Suraxanı rayonu, qədim
suraxanılar, bu rayonun tarixçəsi barəsində etdiyi
söhbətdən doymaq olmur: “Suraxanı paleolit
yaşayış düşərgəsinin 20 min il tarixi var.
Aleksandr Düma Qafqaza səfəri zamanı yazırdı ki,
suraxanılılar qədim midiyalılardır. ”Suraxanı”
sözü Avropa dil qrupuna aid olan sankskript dil qolundan törəmədir,
“sorx” sözü “qırmızı”, “xanə” isə “ev” mənası
daşıyır. Yerli suraxanılılar, yəni tatlar“parsi”
adlandırdıqları dildə danışırlar.Yerli
camaat hər zaman iddia edir ki, bu fars dili deyil.”
Qeyd edək ki, Suraxanı, Balaxanı,
Hövsan, Maştağa, Nardaran və Xiləəsəbələrində
hələ də parsi dilində danışanlarvar. Hər il
bu rayonda “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi,
Dünya Tatarlar Konqresi, Tatarıstanın Mədəniyyət
Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə tatarların
milli “Sabantuy” bayramı qeyd edilir. Buranın qədim yerli
camaatı olan tatların tatarlarla eyni soy-kökə malik
olması isə alimlərin araşdırma
mövzularındandır.
“Suraxanıda məskunlaşmış qədim
sorxların rəmzi qırmızı və xallı bəbir
hesab olunurdu,bu onların bayraqlarında da öz əksini
tapıb. Çox döyüşkən və mərd tayfalar
olublar. Odlardan yoğrulmuş bu torpaqlarda od ürəkli ərənlər
yaşayıb.
Orta əsrlərə dair mənbələrdə,
o cümədən V əsrdə bizanslı Paniyli Priskin salnaməsindəXəzər
dənizi sahillərində gecə -gündüz yanan
torpaqların,olması ilə bağlı məlumatlar
verilmiş, ərazi haqqında Atəş-i Baquan, «sualtı
qayadan qalxan od» kimi ifadələr işlədilmişdi.
Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmiş Atəşgah
məbədinin ilk tikililəriII, III əsrə aiddir. XVI-XVII əsrlərdə
İpək Yolu vasitəsi ilə ölkəmizdən keçən
tacirlər Suraxanıdakı əbədi odların
şöhrətini dünyaya yaydılar. Beləcə əvvəllər
zərdüştlərin məbədi olmuş Atəşgah
daha sonralar hindli zəvvarların müqəddəs məkanına
çevrilib,” – deyə alim söhbətinə davam edir.
Bu gün hər bir azərbaycanlının
qürur duyduğu, YUNESKO-nun Dünya İrsinin İlkin
siyahısında yer alan qədim Atəşgah
keçmişimizdən gələcəyimizə xəbər
aparır, salam verir. 2015-ci ilin aprelin 26-da dövlət
başçısı “Atəşgah Məbədi” Dövlət
Tarix-Memarlıq qoruğunda Birinci Avropa Oyunlarının məşəlini
alovlandırmaqla tariximizə sevgi, dünyaya açıq
qapı mesajını vermiş oldu.
Neft qoxulu Suraxanı torpaqları elm və mədəniyyətimizə
bir çox görkəmli simalar bəxş edib. Tarixçi,
mütəfəkkir Abbasqulu ağa Bakıxanov, dünya
şöhrətli rəssam Səttar Bəhlulzadə, məşhur
satirik Səməd Mənsur, şair Tofiq Bayram, SSRİ Xalq
artisti Mirzağa Əliyevin adları ölkənin mədəniyyət
tarixinə həkk olunub.
Bakının neft erası Suraxanıda
başlayıb
Tarixi məlumatlara görə, ağ neftin
çıxdığı yeganə yer də Suraxanı olub.
Eramızdan əvvəl Misir fironlarının sarayına suiti
dərisində burdan ağ neft aparılması barədə rəvayətlər
var.
Qara qızılın, başqa
sözlə desək Azərbaycanın neft sənayesinin inkişafı
məhz Suraxanı neft yatağı ilə bağlıdır.
1904-cü ildə dünyada ilk dəfə burada neft
yatağının sənaye üsulu ilə istismarına
başlanıb. 1880-ci ildə Azərbaycanda ilk dəmir yolu
burada salınmışdı. 20 km-lik Bakı-Suraxanı
polad magistralı o zaman üçün texniki tərəqqinin
göstəricisi idi. Milli burjuaziya burada təşəkkül
tapırdı. Əmircanlı Murtuza Muxtarov, Şəmsi
Əsədullayev kimi neft milyonerləri eyni zamanda xeyriyyəçi
əməlləri, inşa etdirdikləri memarlıq nümunələri
ilə tarixdə iz qoydular.
1926-30-cu illərdə
keçmiş SSRİ-də ilk dəfə olaraq, buruq
sularından yod alınması üsulları işlənib
hazırlandı və bunun nəticəsində Suraxanı və
Ramana yod zavodları işə salındı. İkinci
dünya müharibəsi illərində kimya sənayesi cəbhəni
və arxanı lazımi məhsullarla təmin edirdi. 1944-cü
ildə Suraxanı və Ramana yod zavodları əsasında
Bakı yod zavodu yaradıldı.
Heydər Əliyev 1970-80-ci illərdə bu
rayondan SSRİ Ali Sovetinə deputat seçilib və hakimiyyətdə
olduğu dövrdə rayonun sosial qayğıları ilə
yaxından maraqlanır, suraxanı neftçilərinin əməyini
yüksək qiymətləndirirdi.
Bu gün Suraxanı quruda neft
yataqlarının işləndiyi, istehsal həcminə görə
ən öndə gedən rayondur. 2006-cı ildə
Zığ və Hövsan yataqlarının işlənməsinə
dair imzalanmış beynəlxalq müqavilələr uğurlu
nəticələr göstərməkdədir.
Hazırda rayonun iqtisadiyyatında neft-qaz sənayesi
aparıcı yer tutur, burada üç əməliyyat
şirkəti -“Absheron Operating”, “Bahar Energy”, “Suraxanı Oil”,
bu sahəyə bağlı kiçik müəssisələr
fəaliyyət göstərir. Neft-qaz sənayesi quşçuluq
və zeytunçuluq, fərdi maldarlıq təsərrüfatları
inkişaf edib. Hazırda rayonda fəaliyyət göstərən
iri sənaye müəssisələrinin sayı 58-dir.
Samur-Abşeron su kanalı, Hövsan-Digah-Qaradağ maqistral qaz
kəməri, Bakı-Novorossiysk neft kəməri rayonun ərazisindən
keçir.
Keçmişin neft səltənət olan
Suraxanı paytaxtın ən çox park və bağları
olan rayonlarındandır. Rayonda 30-dək park var, onlardan
13-ü son 10 ildə salınıb, daha 14-ü yenidən
qurulub. Yüksək inkişaf və abadlıq işləri hər
addım başı nəzərə çarpır.
Rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasovun bildirdiyinə görə,
2017-ci rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun
istehsalı 145%, əsas kapitala yönəldilən
investisiyalar 211%, kənd təsərrüfatı 163%, pərakəndə
ticarət dövriyyəsi 224% təşkil edib,orta aylıq əmək
haqqı 611 manat olub, 4840 yeni daimi iş
yeri açılıb.”Küçələrə və məhəllədaxili
ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt
örtüyü çəkilib, 95 min kvadratmetrdən
çox sahədə cari təmir işləri
aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına
uyğun olaraq, rayonun qəsəbələrində yollar
salınıb və ya yenidən qurulub. Vətəndaşların
yaşayış sahələrinə olan ehtiyacını
ödəmək məqsədilə Hövsan qəsəbəsinin
qərb hissəsində Dövlət Neft Şirkətinin daimi
istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq
sahəsinin kateqoriyası dəyişdirib, həmin ərazidə
3200 mənzilli, 12 min nəfərin
yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət
yaşayış kompleksinin, məktəbin və iki uşaq
bağçasının tikintisi nəzərdə tutulub.
2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə
olan və rayonun inkişafına daim böyük diqqət
göstərən Prezident İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə
MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış
kompleksində tikiləcək ilk 7 mərtəbəli
binanın təməlqoyma mərasimində iştirak edib”.
Sahibkarlığa Kömək Milli Fondu və
icra hakimiyyətinin birgə təşkilatçılığı
və 170 sahibkarın iştirakı ilə rayonda 2 kredit
yarmarkası keçirilib, 21 sahibkara 5,3 milyon güzəştli
şərtlərlə kreditlər verilib. Bunun nəticəsində
300 yeni iş yeri yaradılıb. Rayon MKTB-yə 36-sı məcburi
köçkün olmaqla cəmi 568 nəfər işaxtaran
şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş
işə qəbul olunub.
Rayonun qəsəbələrində 20
“Nümunəvi abad məhəllə” salınıb”.
Dövlət başçısının
tapşırığı ilə Bülbülə və
Zığ göllərininətraflarının
abadlaşdırılmasına başlanılıb. Rayonun
aidiyyəti müəssisələri tərəfindən lay
suları və neftlə çirklənmiş hektarlarla torpaq
sahəsi təmizlənərək texniki rekultivasiya olunub.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin
baş elmi işçisi Zəkiyyə Hacıyevanın
söylədiyinə görə, mərkəz müntəzəm
olaraq gənclərimizə yönəlik layihələr həyata
keçirir: “AMEA-nın Y.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutu və RİH arasında əməkdaşlıq
müqaviləsi imzalanıb. Razılaşmaya əsasən,
rayon məktəblərinin 10-cu sinfində təhsil alan və
gələcəkdə I qrup ixtisaslarını seçən,
xüsusi istedadı ilə fərqlənən, habelə aztəminatlı
ailələrdən olan 15 nəfər şagird 2017-ci il
sentyabrın 15-dən 2 il müddətində adıçəkilən
institutun alimləri tərəfindən kimya fənnindən
hazırlaşdırılır,” – deyə o qeyd edib.
“Bir bələdiyyə – azı bir layihə”
proqramı çərçivəsində Bülbülə,
Hövsan, Əmircan qəsəbələrində Şəhidlər
xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11
şəhidin xatirəsi əbədiləşdirilib, ağacəkmə
kampaniyaları həyata keçirilib
Suraxanı rayonunda turizmin inkişafı
üçün böyük imkanlar var. Atəşgah məbədi
paytaxta səyahətə gələn turistlərin ən
çox görmək istədiyi məkanlardandır. Bu gün
bütün dünyada alternativ tibb və təbii qaynaqlara əsaslanan
müalicə mənbələrindən geniş istifadə
edilir. Yeni Suraxanıdakı 2 saylı bərpa xəstəxanasında
kükürdlü su ilə oynaqların, fəqərələrin
iltihabı və mübadilə xəstəliklərinin,
Zığ qəsəbəsindəki “Duzlu göl” dəri və
oynaq xəstəliklərinin müalicəsinə kömək
edir. Bu sahələrə investisiya yaradılıb,
dünya standartlarına uyğun kurortlar yaratmaqla yeni
Suraxanı brendi yaratmaq olar. Bir zamanlar
Suraxanı torpaqlarından Misir saraylarına möcüzəvi
dərman və gözəllik vasitəsi kimi daşınan
ağ neftin də yenidən şöhrətini özünə
qaytarmaq olar. Ötən əsrin sonlarında Varşavada
yaşayan həkim və alternativ tibb mütəxəssisi
P.Pauletta Suraxanının ağ nefti ilə xərçəng
xəstəliyini müalicə etdiyini iddia etmişdi.
Dünyanın bir çox ölkələri təbiətin
onlara bəxş etdiyi ən xırda sərvətlə belə
dünyaya çıxa, bunu özlərinin brendi halına gətirməklə
ticarət yarada bilirlər. Hollandlar öz
gül-çiçək bazarları, italiyanlar hətta adi
spaqettiləri ilə dünyaya səs salırlar.
Dünyanın min bir sərvətlə
mükafatlandırdığı qədim Azərbaycanın isə
dünyaya qürurla təqdim edəcəyi çox şeyi
var. Bu mənada Suraxanı da ölkənin gələcək
iqtisadi inkişafında hər zaman olduğu kimi yenə
önəmli rol oynayacaq, suraxanılılar bu gün
gördükləri böyük quruculuq işləri ilə
adlarını ölkə tarixinə qızıl hərflərlə
yazacaqlar.
Quliyeva Zülfiyyə
Mövqe.-
2018.- 25 aprel.- S.6.