İnsan hüquq və
azadlıqlarının Azərbaycan Konstitusiyasında təsbiti
Demokratik-hüquqi
dövlət quran Azərbaycan cəmiyyətində dövlət
orqanları və vəzifəli şəxslər
qarşısına vətəndaşlara öz konstitusion
hüquqlarını həyata keçirməkdə köməklik
göstərmək vəzifəsi qoyulur ki, bunun da konkret
formaları xüsusi qanunlarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olunmuş vətəndaşların
seçki hüququnun reallaşdırılması və
seçki kampaniyasının həyata keçirilməsi Azərbaycan
Respublikasının seçki qanunvericiliyinə əsasən
dövlət kütləvi informasiya vasitələrində
seçkilərdə iştirak edən
siyasi partiya və hər bir namizədə pulsuz
çıxış etmək imkanı verilir. İkincisi,
seçkilərin hazırlanmasına və keçirilməsinə,
seçki komissiyalarının səlahiyyət müddətində
onların fəaliyyətinin təmin edilməsinə çəkilən
xərclər dövlət hesabına ödənilir.
H.Babaoğlu göstərir ki, Azərbaycan
dövlət orqanlarının vətəndaşların
hüquq və azadlıqlarının həyata keçirilməsinə
köməyi icazə verilmiş siyasi nümayiş və
mitinqlərin polis tərəfindən mühafizə
olunmasında, ölkədə məşğulluq problemi
üzrə xüsusi dövlət strukturlarının
yaradılmasında (əmək hüququnun həyata
keçirilməsi), dövlətin fəaliyyətinin bir
çox digər istiqamətlərində təzahür olunur
və bütün bu məsələlər qanunla tənzimlənir.
Hüquqi, dünyəvi və demokratik dövlət
quruculuğu yolu seçmiş Azərbaycan cəmiyyətində
milli azadlıqların hüquqlarının qorunması sahəsində
də düşünülmüş və məqsədyönlü
dövlət siyasəti həyata keçirilir. Azərbaycan
tarixən dinlərin, mədəniyyətlərin, dillərin,
svilizasiyaların qovşağında yerləşib, tolerant
ölkə olub. Bu gün Azərbaycanda yəhudilər,
avarlar, ləzgilər, talışlar və kürdlər tarixən
formalaşmış dostluq və qardaşlıq mühitində
yaşayırlar. Bakı müstəqillik dövründə də
beynəlmiləl şəhərdir və bunu 2001-ci ildə
Bakıda olan Roma papası xüsusi olaraq
vurğulamışdır. Bu sahədə həyata
keçirilən dövlət siyasəti, ilk növbədə
milli azadlıqların hüquqlarının qorunmasının
təmin edilməsini nəzərdə tutur. Milli
azlıqların hüququnun qorunması üçün
xüsusi təminat tələb olunur. Azərbaycanda belə təminat
dövlət səviyyəsində verilmişdir.
Respublikamızın Konstitusiyasının 5-ci maddəsində
göstərilir ki, Azərbaycan xalqının vahidliyi onun
dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün vətəndaşların
ümumi və bölünməz vətənidir. 25-ci maddədə
isə dövlət irqindən, milliyyətindən, dinindən
və dilindən asıls olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir.
Konstitusiyanın 45-ci maddəsində hər kəsin ana dilindən
istifadə etmək hüququ təsbit edilmişdir. Bu hüquq
və azadlıqlar milli azlıqlar üçün də nəzərdə
tutulmuşdur. Yəni hər bir şəxs öz dilində
yazıb-oxumaqda, danışmaqda, kütləvi informasiya vasitələri
yaratmaqda, tarixi mənbələri öyrənməkdə
milli-mənəvi irsini mənimsəməkdə və digər
prosesləri gerçəkləşdirməkdə azaddır.
H.Babaoğlu yazır: "Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiyasında mükəmməl şəkildə
milli azadlıqların hüquqlarının qorunması təsbit
olunmuşdur. Onların
reallaşdırılması, milli azadlıqların mədəni
və mənəvi inkişafı üçün ölkədə
müvafiq əlverişli şərait
yaradılmışdır ki, bu da bu istiqamətdə həyata
keçirilən dövlət siyasətinin vacib hissəsi kimi
çıxış edir".
Tədqiqatçıların fikrincə,
müasir Azərbaycan dövlətinin milli azlıqların
qorunması sahəsində həyata keçirdiyi siyasi kursunun
aşağıdakı istiqamətlərini ayırmaq olar:
- dövlət suverenliyi, milli dövlətçilik
və ərazi bütövlüyü prinsipinə dönmədən
əməl olunması;
- milli azlıqların qorunması sahəsində
Azərbaycan Konstitusiyasının tələblərinə və
beynəlxalq standartlara uyğun olaraq siyasi kursun ardıcıl
həyata keçirilməsi beynəlxalq normalara uyğun milli
qanunvericilik bazasının yaradılması;
- Azərbaycançılıq, vətənçilik
ideyalarının cəmiyyətdə tam bərqərar edilməsi
üçün hüquqi-ideoloji, mənəvi-psixoloji
bazanın daha da möhkəmləndirilməsi;
- milli-dini mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşların hüquqi bərabərliyinin
təmin edilməsi, milli-irqi ayrıseçkiliyi, dini
dözümsüzlüyə yol verilməməsi.
Avropa Şurasının tamhüquqlu
üzvü kimi Azərbaycanda Avropa standartlarına uyğun
islahatlar aparılır, yəni müstəqil dövlət
quruculuğu üçün hüquqi baza yaradılır,
ölkəmiz müvafiq Avropa Konvensiyalarına qoşulur. Bu
baxımdan Azərbaycan Avropa Şurasının Milli
Azlıqların Müdafiəsi haqqında Çərçivə
Konvensiyasına qoşulmasını göstərmək olar. Həmin konvensiyanın Məşvərət Komitəsinin
2003-cü il aprel ayının əvvəlində Azərbaycanda
olan nümayəndə heyətinin rəhbəri, Norveç təmsilçisi
Azbiyorn Eyde bu sahədə ölkəmizdə mövcud olan vəziyyətlə
tanış olaraq, ümumiyyətlə, insan
hüquqlarının qorunması istiqamətində Azərbaycanda
görülən işləri yüksək dəyərləndirərək
qeyd etmişdir ki, milli azlıqlar problemi bir çox Avropa
ölkələrində mövcud olduğu üçün
çərçivə konvensiyası heç də bəzi
Avropa ölkələri tərəfindən razılıqla
qarşılanmamışdır. Azərbaycan təcrübəsi
isə digər ölkələr üçün nümunə
də ola bilər: "Biz sizin təcrübənizdən bəhrələnir,
bəzi şeyləri sizdən öyrənirik. Qubada yəhudələrin
özlərini əsas əhalidən qətiyyən ayırmaq
fikrində olmadığını gördük".
Konstitusiya ilə milli
azlıqların hüquq və azadlıqlarına dövlət
təminatının verilməsi onların yaşadıqları
ölkənin ümumi mənafe və maraqlarına zidd
olmamalı, etnotəəssübkeş millətçiliyə
və separatizmə xidmət göstərməməlidir.
BMT-nin müvafiq sənədlərində milli
azlıqların milli müqəddərat hüququ onların vətəndaşlıq
və insan hüquqlarının müdafiə vasitəsi kimi
qiymətləndirilir. Milli azlıqların bu hüquqdan istifadə
edərkən ərazilərində yaşadıqları
dövlətin torpaqlarına milli xüsusiyyətlərinə
görə göz dikməsi, onları parçalamağa səy
göstərməsi qətiyyən yolverilməz hesab edilir. Bu baxımdan, ölkəmizdə erməni millətçilərinin
separatçılığın təzahürü kimi
Dağlıq Qarabağ problemini göstərmək olar ki, bu
da Ermənistanın Azərbaycana qarşı bu günədək
davam edən təcavüzü üçün zəmin
yaratmışdır.
Bundan başqa, 1991-ci ildən Azərbaycan
müstəqillik əldə etdikdən sonra qondarma
"Talış-Muğan Respublikası", bədnam
"Sadval" təşkilatının isə Dağıstan
və Azərbaycan torpaqları hesabına üzdəniraq
"Lar-Ləzgistan" yaratmaq cəhdlərini də ölkəmizdə
məhz milləti separatizmin nümunəsi kimi göstərmək
olar.
Ölkə vətəndaşlarının
yüksək hüquqi bilik və hüquqi mədəniyyət
səviyyəsinin olması. Demokratik-hüquqi dövlətdə
və ədalətli vətəndaş cəmiyyətində
ümumən qəbul olunmuş insan hüquq və
azadlıqları haqqında normaların səmərəliliyi
və reallaşması bir çox şərait və
amillərin olmasından asılıdır. Onlara
tədqiqatçılar tərəfindən dövlət
hakimiyyəti orqanları sistemində demokratiya təsisatlarının
qanunvericiliyin inkişaf səviyyəsi, iqtisadiyyatın vəziyyəti,
cəmiyyətin mənəvi-mədəni potensialı və
s. aid edilir. İnsan hüquqlarına dair normaların reallaşmasına
qeyd olunan və digər amillərin təsiri onların həyata
keçirilməsinə zəmin yaradır. Bununla
yanaşı, insan hüquqları və azadlıqların təkamülü
və reallaşmasına beynəlxalq səviyyədə
işləyən mexanizmlərlə bərabər milli
mexanizmlər də təsir göstərir. Müasir dövrdə
hər kəsə öz hüquqlarını müdafiə
etmək üçün beynəlxalq orqana birbaşa
müraciət etmək hüququ verilir. Lakin öz
hüquqlarını müdafiə etmək üçün
beynəlxalq orqanlara müraciət etmək hüququna fərd
yalnız bunun üçün dövlətdaxili bütün
müvafiq imkan və vasitələri istifadə etdikdən
sonra malik ola bilər. Demokratik ölkələrdə
konstitusiyalarda və qanunvericilikdə təsbit olunmuş insan
hüquqları və azadlıqlarının müdafiəsinin
təmin olunmasına kömək edən təsisat və
mexanizmlər sisteminin yaradılması və işləməsi
sahəsində böyük təcrübə
toplanmışdır.
İnsan və vətəndaş hüquq və
azadlıqlarının reallaşdırılmasına demokratik
inkişaf yolu ilə irəliləyən Azərbaycan
Respublikasında da böyük əhəmiyyət verilir.
Onların elanedilmə dərəcəsinə görə Azərbaycan
Respublikasının Konstitusiyası, mütəxəssislərin
fikrincə, ümumi qəbul olunmuş və
tanınmış beynəlxalq standartlara cavab verir.
Konstitusiyada həm insan və vətəndaş hüquq və
azadlıqları geniş təsbit edilmiş, həm də
onların müdafiəsi və təminatı mexanizmləri
müəyyənləşdirilmişdir.
Konstitusiyanın insan və vətəndaş
hüquqları, azadlıqları və vəzifələrinə
həsr olunmuş ikinci bölməsinin 3-cü fəsli
"Əsas insan və vətəndaş hüquqları və
azadlıqları" adlanır. Bu fəslin bütün mətni,
mütəxəssislərin fikrincə, insana, onun ləyaqəti
və hüquqlarına hörmət ruhunda
yazılmışdır. Bəşər
sivilizasiyasının iki mütərəqqi ideyasının -
konstitusionalizm və insan hüquqlarının müdafiəsi
ideyalarının üzvi surətdə
bağlılığı Azərbaycan Respublikasının
Konstitusiyasında özünün geniş ifadəsini
tapmışdır. Konstitusiyaya görə,
insan və vətəndaş hüquqları və
azadlıqlarının əsas prinsipi hər kəsin
doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz
hüquqları və azadlıqlarının olması,
hüquqlar və azadlıqların hər kəsin cəmiyyət
və başqa şəxslər qarşısında məsuliyyətini
və vəzifələrini də əhatə etməsidir.
Rüfət, Nadiroğlu
Mövqe.-
2018.- 7 dekabr.- S.6.