Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

 

Sosial müdafiə sistemi XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində Qərbi Avropa ölkələrində formalaşmağa başlayıb. Sistemin qurulması barədə ilk sosial qanun isə Almaniyada Kansler Otto fon Bismark tərəfindən qəbul edilib. Tezliklə bir sıra digər Avropa ölkələri də bu təcrübədən yararlanmağa başlayıblar.1949-cu ildə Beynəlxalq Əmək Təşkilatının yaranması, eləcə də BMT-nin insan hüquqları sahəsində standartların formalaşması sosial müdafiə sisteminin inkişafına təkan verib.

Azərbaycanda sosial müdafiə sisteminin formalaşması

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu sahədə ilk addım kimi 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunub.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edilib. İlk hökumət kabinetində Əkbər ağa Şeyxülislamov əkinçilik və əmək naziri vəzifəsinə təyin olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqamətlərindən biri də əhalinin məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsi idi. Cümhuriyyətin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələr üzrə 315 qanun layihəsi təqdim olunub. Onlardan 10-u sosialyönümlü idi. Bununla yanaşı, pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi. Cümhuriyyətin fəaliyyəti dövründə 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında Əmək Birjası da yaradılmışdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Son dərəcə çətin bir şəraitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi.

Xalqının ən çətin məqamında hakimiyyətə qayıdan Heydər Əliyevin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb oldu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüş yarandı. Ümummilli Liderin aztəminatlı vətəndaşlara xüsusi qayğısının nəticəsi olaraq əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiyaların, müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi kimi bir sıra istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Uzaqgörən siyasətçinin müdrik siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılıb.

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

Ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər

Ölkədə əmək pensiyaları və sosial müavinətlərin miqdarı getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Belə ki, oktyabrın 1-də ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə təqaüdlərin orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Gələn ildə də əmək pensiyaları üzrə 336 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə 3,8 milyon manat, digər xərclər üzrə isə 9,5 milyon manat artım nəzərdə tutulur. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyası isə daha da artaraq orta göstərici 272 manata çatacaq. Orta aylıq əməkhaqqının isə 14,9 faiz artacağı proqnozlaşdırılır.

Hazırda ölkəmizdə 1 milyon 309 min nəfər pensiya alır ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Təqaüdçülərin 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır. Azərbaycanda əlillərin sayı 620 minə yaxındır. Onlar əlilliyə görə əmək pensiyası və ya təqaüd hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

Yeni qayda olaraq əhaliyə göstərilən xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun elektronlaşdırılması həyata keçiriləcək.

Hər kəsin “DOST”u...

Prezident İlham Əliyev əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin təqdimatı zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması buna bariz nümunədir. Sosial xidmətlərin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli şəkildə təqdim olunması agentliyi və mərkəzləri hər kəsin, xüsusilə həssas qrupların “DOST”una çevirəcək.

Ümumilikdə, Bakıda və respublikanın regionlarında 2019-2025-ci illərdə 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulub.

Sosial cəhətdən həssas qrupların işlə təminatı

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb.

 

Xocavənd rayonundan məcburi köçkün, Gözdən Əlillər Cəmiyyətinin üzvü Qədir Qurbanov altı yaşında yaxınlığında bomba partlaması nəticəsində gözlərini və sağ əlini biləkdən aşağı itirib. Sadəcə sol əli işlək olan bu gənc təhsilini davam etdirib və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirib. Bundan əlavə o, kompüter kurslarında biliklərini artırıb. Yüksək bilik və bacarıqları ilə seçilən gənc martda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən poçtlardan birində işlə təmin edilib. O, ölkə başçısının sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına çıxışına şərait yaradılmasına yönəlmiş Sərəncamını yüksək qiymətləndirib. Onun ən böyük arzularından biri də bütün əlillərin işlə təmin edilməsi və öz bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır. Ölkədə sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər onun bu arzusunun tezliklə gerçəkləşəcəyinə rəvac verir.

Bundan başqa aztəminatlı ailələr, işsiz və işaxtaranlar özünüməşğulluq proqramına cəlb olunur. Ölkənin bütün bölgələrində həmin şəxslərə mal və materiallar verilir. Onlar həmin aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıb genişləndirməyə çalışırlar. Proqrama cəlb olunanların əksər hissəsini əlillər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplardan olanlar təşkil edir.

Nə vətən fədailəri, nə də ki, onların varisləri unudulmurlar...

Azərbaycanda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid və ya əlil olanlara xüsusi dəyər verilir. Döyüşlərdə şücaət göstərənlərin adları yaddaşlara həkk olunduğu kimi onların vərəsələri də unudulmurlar.

Dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsi üçün bütün səylərini səfərbər edib. Ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 2300-dən çox şəhid hərbi qulluqçunun 3 mindən artıq vərəsəsinə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib. Prezident İlham Əliyevin müvafiq Fərmanı uğurla həyata keçirilməkdədir.

Şəhid hərbi qulluqçuların vərəsələri ölkə başçısının bu addımını yüksək qiymətləndirir, dövlət qayğısını hər zaman hiss etdiklərini deyirlər.

Bundan əlavə, şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin mənzillə təminatı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri də ölkə başçısının həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindəndir.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə həmin zümrədən olanların üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınmasına görə 20 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində cari ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan yaranıb.Görülən işlər, imzalanan sərəncam və fərmanlar, həyata keçirilən islahatlar Azərbaycanda sosial müdafiə sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldığının göstəricisidir. Dövlət başçısının həssas qruplara, sosial müdafiəyə ehtiyacı olanlara diqqət və qayğısı hər addımda hiss olunur.Azərbaycanda vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlərin sosial ədalətlilik prinsipi əsasında təqdim edilməsi, əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün sahələrində ciddi islahatlar aparılması beynəlxalq təşkilatlar tərəfindən keçid dövrü ölkələri üçün örnək göstərilir. Sosial xidmətlərin müasir standartlara uyğun təmin edilməsi Azərbaycanda sosial müdafiənin inkişaf etmiş ölkələrlə bir sıraya yüksələcəyinə sadəcə sayılı vaxtın qaldığını deməyə əsas verir. Tezliklə müasir çağırışlara cavab verən sosial müdafiə sisteminin qurulacağına Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti zəmin yaradır...

Mövqe.- 2018.- 18 dekabr.- S.6.