Yeni iqtisadi mərhələ
yeni uğurlar gətirir
Azərbaycan
iqtisadiyyatı 2018-ci ildə gözlənilən proqnozları
əzmlə doğruldur
İyulun 8-də Prezidenti İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ölkə iqtisadiyyatının
qazandığı uğurlardan söhbət
açılıb. Əsas
məsələ yeni iqtisadi
mərhələyə keçidin səmərəli
şəkildə başa çatdırılması və
oturuşmuş strukturların dinamik fəaliyyətə davam
etməsidir. Çünki, hökumət iqtisadi sahədə
kifayət qədər rasional makroiqtisadi siyasət aparıb,
islahatlar həyata keçirib, sahibkarlığın
inkişafını təmin edib. Nəticədə
qlobal və regional miqyasda gözlənilən riskləri
neytrallaşdırmaqla yanaşı, valyuta ehtiyatlarını
qoruyub saxlamaq və artırmaq, sosial proqramların
dayanıqlılığını qorumaq mümkün olub.
Dövlət
başçısının yeni iqtisadi mərhələdə
həyata keçirdiyi strateji xəttin əsas komponentləri çevik addımlarla
dayanıqlı iqtisadi inkişafın təmini, islahatların
kpmpleks həyata keçirilməsi yolu ilə makroiqtisadi
sabitliyin möhkəmləndirilməsi, biznes və investisiya
mühitinin yaxşılaşdırılması, iqtisadi şaxələndirmə
mexanizminin təkmilləşdirilməsi, regionların və
sahibkarlığın inkişafı sürətləndirilməsidir.
Bu istiqamətə əldə olunan nəticələr
hesabına ilin birinci yarısında qeyri-neft ixracı xeyli dərəcədə
artıb.
İqtisadi
artımın səviyyəsi rəqəmlərdə daha
atdın görünür. Bu ilin birinci
yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru
2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil
edib. İqtisadiyyatın şaxələndirilməsində
xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında
7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz,
ticarətdə 2,5 faiz artıma nail olunub. Qeyri-neft
sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard
manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə
müqayisədə 275 milyon manat və ya 7,3 faiz
çoxdur. Əsas kapitala
yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə
22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
Qeyri-neft sektorunun
inkişafına yönələn səylər öz bəhrəsini
verir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar
investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə
yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə
1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək
yeni iş yerinin açılması nəzərdə tutulur.
Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə
fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7
müəssisə istifadəyə veriləcəkdir.
Balaxanı,
Pirallahı, Mingəçevir sənaye parklarında 10-a yaxın iri müəssisə
işə salınıb. Neftçalada və Masallıda sənaye məhəllələrinin
tikintisi başa çatıb, Hacıqabul və Sabirabadda isə
ilin sonunda tikinti işləri yekunlaşacaq. Təkcə
Neftçalada 8 müəssisə fəaliyyət göstərir.
Regionlarda xalça emalatxanalarının tikintisi sürətlə
davam edir.
İslahatlar iqtisadi fəallığın artmasına
güclü təsir edir. Dövlət tərəfindən
ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi,
investisiyaların cəlb edilməsinin
stimullaşdırılması yeni istehsal sahələrinin mənimsənilməsini
və məhsuldarlığın artırılmasını təmin
edir. İqtisadiyyat Nazirliyinin 251 sahibkarlıq subyektinə
verdiyi 283 investisiya təşviqi sənədi sayəsində
reallaşdırılan layihələr nəticəsində
yerli istehsala 2,5 milyard manatdan artıq investisiya yatırılıb.
Qeyri-neft
sektorunun sürətlə inkişaf edən və ixrac
potensialını ardıcıl olaraq artıran kənd təsərrüfatında
aqroparkların yaradılması davam edir. Ümumi dəyəri
1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması
üzrə işlər sürətlə davam etdirilir. Artıq fəaliyyət
göstərən aqropark və iri fermer təsərrüfatlarında
50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin
tətbiqi nəticəsində buğda, arpa, dənlik
qarğıdalı və digər kənd təsərrüfatı
bitkiləri üzrə hər hektardan əldə edilmiş
orta məhsuldarlıq ölkə üzrə müvafiq
göstəricilərdən 2 dəfəyədək
çoxdur.
Qeyri-neft sektorunda keyfiyyətli
və ixracyönümlü məhsulların istehsalı ticarət
əlaqələrinin genişləndirilməsinə rəvac
verib. Bu gün Azərbaycanın Rusiya, Çin, Birləşmiş
Ərəb Əmirliklərində və Şərqi Avropada
ticarət nümayəndələri fəaliyyət göstərir.
Belarusda və Ukraynada Azərbaycan ticarət evləri
açılıb, Çində “Şərab Evi”nin, Latviyada
və Birləşmiş Ərəb Əmirliklərində
ticarət evlərinin ilin sonunadək açılması
planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi
ilə Rusiyanın Həştərxan şəhərində
“Azərbaycan İş Mərkəzi” açılıb.
Təsadüfi
deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına
görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 35-ci, yol infrastrukturunun inkişafına görə
36-cı, inkişaf edən ölkələr arasında
inklüziv inkişaf indeksinə görə 3-cü, ümumi
infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir.
Nazirlər Kabinetinin son
iclasında qazanılan uğurları Prezident İlham
Əliyev belə ifadə edib: “Biz güclü iqtisadiyyat qura
bilmişik, bu gün heç kimdən asılı deyilik,
özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə
böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri
bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində
Azərbaycan qədər inkişaf edən ikinci dövlət
yoxdur”.
N.NOVRUZ
Mövqe.- 2018.-11
iyun.- S.14.