Azərbaycanın aqrar-sənaye sektoru
bu il daha
da böyüyəcək
Qeyri-neft sektorunda əsas
ağırlıq aqrar
bölmənin üzərinə
düşür
Qədim əkinçilik
mədəniyyətinə malik
olan Azərbaycanın
aqrar-sənaye sektoru ötən illərdə kompleks islahatlar nəticəsində
əsaslı inkişaf
yolu keçib. Son 15 ildə Prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi
kimi respublikamızın
aqrar-sənaye kompleksinin
inkişafında əsaslı
irəliləyiş baş
verib. Dövlət aqrar bölmədə
çalışan sahibkarlara
yeni texnikaların əldə olunmasına, yanacaq və motor yağlarına, buğda və çəltik səpininə,
toxum və ting istehsalına, gübrə satışına
və digər məqsədlərə görə
yardım və subsidiyalar ayırıb, olduqca güzəştli şərtlərlə kreditlər verib. Fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib.
2014-cü ildə
aqrar islahatların keyfiyyətcə növbəti
inkişaf mərhələsi
və ən mütərəqqi metodların
tətbiqi vüsət
götürüb. 2015-ci ildə
ölkəmizdə “Kənd
təsərrüfatı ili”
elan olunub və müvafiq layihələr həyata keçirilib. Dünyada maliyyə
və iqtisadi böhranın hökm sürməsinə baxmayaraq
ötən illərdə
respublikamızda kənd
təsərrüfatına dövlət
dəstəyi əsaslı
şəkildə gücləndirilib.
Ən başlıcası,
Prezident İlham Əliyevin tapşırığına
əsasən kənd təsərrüfatına ayrılan
dövlət yardımları sahəsində
şəffaflığın artırılması istiqamətində
kompleks tədbirlər
görülüb.
Bu istiqamətdə
ən mühüm tədbirlərdən biri Azərbaycanda son məhsula görə subsidiyaların verilməsi
mexanizminin tətbiqidir.
Süni mayalanma yolu ilə əldə
edilmiş hər bir buzova görə
subsidiya bu mexanizm əsasında verilir. “Elektron kənd təsərrüfatı”
informasiya sisteminin yaradılması üçün
Avropa İttifaqı təcrübəsi nəzərə
alınmaqla və beynəlxalq ekspertlərin
də cəlb olunması ilə geniş miqyaslı işlər görülüb.
Görülən tədbirlər nəticəsində
təkcə keçən
il aqrar sektor 4,2% böyüyüb.
Cari ildə bu böyümənin daha çox olması gözlənilir.
2017-ci ildə Azərbaycanda
kənd təsərrüfatının
ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 mlrd.
manat təşkil edib. Bunun təxminən 3 mlrd.
manatı heyvandarlıq,
2,9 mlrd. manatı isə bitkiçilik məhsullarının payına
düşür. Ötən
il 2016-cı ilin müvafiq dövrünə
nisbətən 3,5 dəfə
çox pambıq,
29,9 min ton çox dən üçün günəbaxan,
2,4 dəfə çox
şəkər çuğunduru
və 31,2 faiz çox tütün yarpağı yığılıb.
Meyvə və giləmeyvə yığımı
4,2%, üzüm 8,8%, ət istehsalı 3,4%, süd istehsalı 1,2%, yumurta istehsalı 7,3% artıb. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub.
Hazırda təsərrüfatlarda
2018-ci ilin məhsulu üçün müvafiq
işlər görülür.
Təmiz herik şumu daxil olmaqla cari ilin
payızlıq əkinləri
üçün 438,2 min
hektar sahədə şum qaldırılıb.
Gələn ilin məhsulu üçün
16,8 min hektar sahədə dən üçün payızlıqlar
səpilib. Ümumi əkinin 7,1 min hektarı və yaxud 42,5%-i buğda, 8,5 min hektarı və ya 50,4%-i arpa əkinləridir.
Kənd təsərrüfatı məhsulları üzrə
bazar infrastrukturunun daha da inkişaf
etdirilməsi, o cümlədən,
topdansatış bazarlarının
genişləndirilməsi və
yenilərinin yaradılması,
həmçinin, yeni
“yaşıl market”lər
şəbəkəsinin və
“fermer mağaza”larının
araya-ərsəyə gətirilməsi,
ən müasir standartlara cavab verən ət kəsimi məntəqələrinin inşası,
ixrac bazarlarında logistik mərkəzlərin
qurulması da prioritet vəzifələr
sırasında mühüm
yer tutur. İri taxılçılıq
təsərrüfatlarının formalaşdırılması prosesi
uğurla reallaşdırılır.
Azərbaycanda 21-ci əsrin müasir
biznes texnologiyası sayılan aqroparkların yaradılmasına da başlanıb. İntensiv
ferma modelinə dövlət dəstəyi
siyasəti çərçivəsində
kiçik ailə təsərrüfatlarının mövqeyinin möhkəmləndirilməsi
xüsusilə diqqət
mərkəzində saxlanır.
Son dövrdə keçirilən
ümumrespublika müşavirələri
və digər mötəbər tədbirlərdə
dövlət başçısı
taxıl, pambıq, üzüm, barama, tütün, fındıq,
çay, çəltik,
sitrus meyvələri və digər məhsulların istehsalında
köklü dəyişikliklərə
nail olunması, heyvandarlığın inkişafında beynəlxalq standartlara uyğun kompleks yenidənqurma işlərinin həyata keçirilməsi barədə
silsilə tapşırıqlar
verib. Aqrar bölmədə elmi-texniki
yeniliklərin tətbiqi
də ilbəil genişlənir.
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
– FAO-nun tərəfdaşlıq
və əlaqələndirmə
ofisinin təsis edildiyi az sayda
ölkələrdən biridir.
Aqrar sahədə reallaşdırılan
islahatların yeni mərhələsinin dinamikası
ona dəlalət edir ki, tezliklə
ölkəmizdə daha
mükəmməl kənd
təsərrüfatı kompleksləri
formalaşacaq, ərzaq
təhlükəzisliyi tam
həllini tapacaq və Azərbacanın rəqabətədavamlı aqrar-sənaye
məhsullarının
ixracı ilbəil artacaq. Təbii ki, ixracın artması ölkəmizə
daxil olan valyutanın da artmasına səbəb olacaq.
N.NOVRUZ
Mövqe.-
19 yanvar.- S.6.