20 Yanvar
1990-cı il – əsarətin son gecəsi
Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin
səviyyəsi məhz onun ən çətin anlarda, tarixi
sınaq günlərində baş verən hadisələrə
və çağırışlara ümumxalq reaksiyasında
özünü göstərir. 26 il əvvəl Azərbaycanın
üzləşdiyi belə bir seçim məqamında
xalqımızın mübarizlik əzminin kükrəyişi,
əsarətə boyun əyməyən iradəsi tariximizə
şanlı bir səhifə kimi yazıldı – milli
azadlıq və torpaqlarımızın
bütövlüyü uğrunda ümumxalq hərəkatının
20 Yanvar səhifəsi.
20 Yanvar yaxın keçmişimizdə
yaşadığımız ən faciəvi günlərdən
olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq
tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni doğuran səbəblərin,
onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin
araşdırılması, öyrənilməsi və öyrədilməsi
artıq ənənəyə çevrilmiş bir sualla
müşayiət olunur: 20 Yanvara gedən yol nədən və
haradan başlandı?
Zamanın
bu qısa və aydın sualının cavabında hadisələrin
şahidləri, bir qayda olaraq, 1990- cı ilin 20 yanvarı ərəfəsindəki
günlərin və ayların ictimai- siyasi hadisələrini
bir- bir xatırlayır və onların arasında faciəyə
yol açan səbəbləri və səhvləri
araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi
qınamağa, hətta günahlandırmağa qədər
uzanır. Bir ifratçılıqdan digərinə qədər
haçalanan mülahizələr yalnız bir fikirdə
ortaqlaşır: belə sonluğu heç kim
gözləmirdi.
Bəli,
doğrudan da, o zaman şox az adam inana bilərdi ki, dövlət
öz vətəndaşına, dinc adamlara belə divan tuta bilər.Yəqin,
ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin
nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi
ilə bitməsinə inanmaq dərəcəsində sadəlövh
tərbiyələndirilmişdik. Amma bəzən
Haqq davasında, qısa müddətə olsa da, Şər də
qalib gəlir.
20 Yanvar, əslində, Şərin Xeyirə zahirən
“qalib gəldiyi” bir an idi. Bu, Şərin gəldiyi biraylıq-onaylıq, birillik- onillik
yol deyildi. Bu, uzaqdan gələn bir yol idi. Bu yol dünənin əsarət boyunduruqları olan
1813-cü ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay”
müqavilələrindən başlanmışdı. Nəhayət, bu yol, bizə ən yaxın döngəsi
isə 1920-ci ilin 28 aprelindən yön almışdı,
davamı 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı
illərin ağrı-acılarından, 50- 60-cı illərin
ayrı-seçkiliklərindən, məhrumiyyətlərindən
keçib çatmışdı 20 Yanvara.
Bütün bunlar
çox uzun və üzüntülü bir hekayədir –
azadlıqsevər bir məmləkətin, insanpərvər bir
millətin, məğrur bir xalqın əsarət hekayətidir.
20 Yanvar isə bu hekayətin son fəslidir.Bu fəsildə
də qarşımıza Şər
çıxmışdı. Növbəti
dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid
edən namərd qonşularımız Vətən
torpaqlarımıza göz dikmişdilər.Ölkəmizin ərazi
bütövlüyünə qarşı məkrli təcavüz,
riyakar qəsdlər, SSRİ rəhbərliyinin
xalqımıza qarşı açıq-aşkar düşmənçilik
siyasəti artıq imperiya boyunduruğunda yaşamağın
daha ağır fəlakətlərə yol aça biləcəyini
anlatmaqdaydı.
Dağlıq
Qarabağ münaqişəsinin başlanğıcında
Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə
Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılmasına yönəlmiş “Dağlıq
Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi haqqında” qərarı və
1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin
“Dağlıq Qarabağda Xüsusi İdarəetmə
Forması yaratmaq haqqında” fərmanı imperiya rəhbərliyinin Ermənistanın
respublikamızın ərazi bütövlüyünə
açıq təcavüzünü gizli şəkildə dəstəkləndiyini
göstərirdi.
Bununla
yanaşı, Ermənistan ərazisində yaşayan azərbaycanlıların
öz tarixi torpaqlarından qovulmasını SSRİ rəhbərliyinin “görməzliyə” vurması
soydaşlarımıza qarşı həyata keçirilən
etnik təmizləmə siyasətinin məhz ittifaqın
“yardımı” ilə baş tutmasına heç bir
şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin
isə baş verən proseslərə, sanki, heç bir
şey olmamış kimi, seyrçi münasibət göstərməsi,
özünü “bilməzliyə” və “eşitməzliyə”
vurması, ümummilli maraqların müdafiəsi yolunda
heç bir əməli addım atmaması xalqın əsəblərini
tarıma çəkmiş, səbr kasasını
doldurmuşdu. Mübarizə meydanında tək
qaldığını görən Azərbaycan
xalqının səfərbər olmaqdan başqa çarəsi
yox idi.
Bütün ümidlər haqsızlığa
qarşı öz etiraz səsini ucaltmağı bacaran, öz
tarixi yurdunu düşmənlərdən qanı bahasına
qorumağa həmişə hazır olan Azərbaycan
xalqına idi.
Azərbaycanlılara qarşı məqsədli
şəkildə həyata keçirilən bu fitnəkar siyasət
öz hüquqları və ərazi bütövlüyü
uğrunda meydanlara atılmış həmvətənlərimizin
ürəklərində azadlıq yanğısını daha
da alovlandırmışdı. Artıq
xalq sovet imperiyasının növbəti repressiya siyasətini
tarixinə və milli mənliyinə vurulmuş ləkə
kimi görürdü. Azadlıq eşqi ilə
yanan vətən övladları bu ləkəni, öz
qanları bahasına olsa da, yumağa hazır idilər.
O zaman
xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda
obyektiv səbəblər mövcud idi. Mərkəzi
hakimiyyətin milli mənafeyimizə zidd siyasət
yürütməsi, bunun qarşısının
alınması üçün respublika rəhbərliyinin
heç bir tədbir görməməsi xalqla hakimiyyət
arasında yaranmış uçurumu daha da dərinləşdirmiş,
kütləvi etiraz dalğasının baş
qaldırmasına rəvac vermişdi. Belə
bir məqamda insanların haqlı etirazlarını dinləmək,
mövcud problemlərin siyasi yolla həll edilinə yönəlmiş
addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə
sadiq qalaraq zora əl atdı. Bununla da
qırmızı imperiya antihumanist təbiətini ən iyrənc
yollarla belə həyata keçirdiyini aydınlığı
ilə sübut etmiş oldu.
Meydanlara öz haqq səsini ucaltmaq, milli
heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə
çıxan qorxubilməz vətən övladları
bütün fədakarlıqlara hazır idilər. Amma hələ də
heç kim baş verəcək vəhşilikləri
gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında vətəndaşlarına
qardaşlıq nəğməsi oxutmuşdu. “Qardaşın
qardaşa qarşı” bu qədər qəddarlıq
nümayiş etdirəcəyi ağlasığmaz
görünürdü. Ölməz şairimiz Bəxtiyar
Vahabzadənin dediyi kimi: “Axı, heç kəsin
ağlına gələ bilməzdi ki, qəlbi Vətən
hissi ilə çırpınan, əli silahsız, özü
günahsız olan bu atalar, analar, balalar, özünü dost
kimi, qardaş kimi qələmə verən bir ordunun əlində
qətlə yetirilsin”.
Soyuq 20 yanvar gecəsi bəşər
tarixinin ən faciəvi hadisələrindən biri baş
verdi – Bakı kimi dünyada tanınan böyük bir şəhərin dinc
sakinləri gülləbaran edildi. Dağlıq Qarabağda
qayda-qanun yaradılmasını, Ermənistanın silahlı təcavüzünün
qarşısının alınmasını tələb edən
dinc etirazçıların haqq səsini boğmaq və xalq hərəkatını,
nəyin bahasına olursa-olsun, yatırmaq məqsədi ilə
Azərbaycana yeridilən sovet qoşunları (onların
arasında silahlandırılmış xeyli sayda erməni
zabiti var idi) Bakıda və respublikanın müxtəlif
rayonlarında 131 nəfər mülki şəxsi
küçələrdə, evlərində, avtomobillərində,
iş yerlərində qətlə yetirdi. Cəza
əməliyyatları zamanı 744 insan yaralandı, 841 nəfər
qanunsuz həbs olundu.
O
müdhiş gecənin aydınlığa dönməsi
Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə
işıq saldı. Xalq düşmən
tankının tırtılları altında
parçalanmış, sinələri düşmən
güllələrindən dəlik-deşik olmuş
övladlarını qan gölündə tapdı. Bu, Azadlığa
gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri
idi. O günlərdə nə qədər sarsılsa da,
hüznlü və üzgün olsa da, xalq öz qəhrəman
övladlarını son mənzilə yola salmağa
özündə güc tapdı. Haqq, azadlıq
yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər
şərəfli idisə, düşmən silahının
nişangahında Vətənin şəhidlərini
qorxu-hürkü bilmədən, sonsuz bir etişamla son mənzilə
yola salmaq da bir o qədər namus və şərəf məsələsi
idi.
Xalq o günlərdə sarsılmadı, əyilmədi,
qorxmadı.
Qanlı faciənin qurbanları isə azadlığı
uğrunda can verdiyi Vətən torpağına yüz minlərin
çiyinlərində daşındılar və müqəddəs
torpaqda möhtəşəm bir ehtiramla əbədiyyətə
qovuşdular. Bakının dağüstü
hissəsindəki bu müqəddəs ərazi hələ əsrin
əvvəllərində – 1918-ci ilin martında düşmənlərin
soyqırıma məruz qoyduğu minlərlə
soydaşımızı öz qoynuna almışdı. Hələ o zaman erməni gülləsindən
şəhid olan baba- nənələrimizi,
ata-analarımızı, qardaş-bacılarımızı,
südəmər körpələrimizi qoynuna almış məzarlıq
bu dəfə də erməni təcavüzünə və
onu dəstəkləyən siyasətə qarşı
mübarizəyə qalxmış qəhrəmanlarımızı
öz bağrına basdı. O qəhrəmanlar ki,
hünərləri və ölməz xatirələri əbədi
istiqlaliyyət yolumuza hər zaman şəfəq
saçır.
O günə
qədər, yəqin, heç kimin ağlına gəlməzdi
ki, Azərbaycanda bu qədər qərənfil var... Sanki, o qərənfillər
on kilometrlərlə yollara döşənərək şəhidlərin
qəbri üstünədək iməkləyə-iməkləyə
gəlmişdi... Şəhidlərin qətlə yetirildikləri
yerlərə və onların məzarları üzərinə
sərilmiş milyonlarla qərənfil onların 20 yanvar gecəsində
xalqımızın günahsız axıdılan al
qanını xatırladır, bu haqsızlığa
qarşı dilsiz bir üsyan qaldırırdı!
Həmin günün ictimai-siyasi mənzərəsi faciəvi
olduğu qədər də möhtəşəm idi. Azadlığımız,
nicatımız, şərəfimiz yolunda ilk şəhidlərin
verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın,
milli məfkurənin, hamılıqla oyanışın
doğuluşu səhərinə apardı, əsarətlə
vidalaşmağı təcəssüm etdirdi. Baş verən
hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik
idealının 70 il davam edən sovet hərb
maşınının repressiyası qarşısında
sönmədiyini, əksinə, yeni güc
qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə
və zorakılığa daha boyun əyməyəcəyini,
milli iradəsinin sarsılmazlığını təkcə
imperiya rəhbərliyinə deyil, bütün dünyaya
göstərdi. Baş verən hadisələr
xalqımızın milli azadlığı uğrunda
mübarizəsini dönməzləşdirdi.
Qəhrəmanlıqla dolu keçmişi, dövlətçilik
ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər
yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər
olub birgə mübarizə aparmış, dünya mədəniyyət
xəzinəsinə öz dəst-xətti ilə dəyərli
töhfələr vermiş bir millət uzun müddət əsarət
altında yaşaya bilərdimi? Öz keçmişindən, sanki,
qan damarları ilə axıb gələn vətən sevgisi,
özünüdərk, zülmə, ədalətsizliyə
boyun əyməmək kimi hisslərlə güc alan bir xalq öz çiyinlərində bu əsarətin
ağırlığını, ağrı-acısını
çoxmu çəkəcəkdi? İyirminci əsrin
əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə
dayanaraq, Şərqdə ilk demokratik dövlət quran bir xalq
qısa zaman kəsiyindən sonra yenidən imperiya
caynağına düşməsini uzun müddət necə qəbul
edə bilərdi?! 20 Yanvar faciəsi,
sözün əsl mənasında, xalqımızın milli
özünüdərkində yeni bir mərhələnin
başlanğıcı oldu. Xalq öz qərarını
verdi: yolumuz Azadlıqdır!
Siyasi və
iqtisadi böhranlar məngənəsində boğulan və
daha da azğınlaşan, 70 il
özünə bayraq etdiyi kommunizm ideyaları iflasa uğrayan
və dayaqları silkələnən sovet imperiyası
Bakı qırğınını törətməklə
ömrünü uzatmaq istəyirdi. Lakin bu önun özünəqəsdinə
bərabər oldu.Tarixin səhnəsindən birdəfəlik
silinmək ərəfəsində imperiyanın ucqar bir
guşəsində əvvəlcədən qurulmuş plan əsasında
dinc nümayişçilərin gülləbaran edilməsinə
qərar verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra
aydın olacaqdı ki, bu qərarı verənlərin və
bu faciəni törədənlərin özlərinin də bu
suallara cavabları yox imiş.
Baş verənlər isə Azərbaycan xalqının
milli mübarizə əzmini və iradəsini sındıra
bilmədi.
Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi
və zəncirvari təsiri ilə bütün imperiya ərazisində
milli azadlıq hərəkatlarının daha da
alovlanmasına və Sovet İttifaqının süqutunun daha
da sürətlənməsinə rəvac verdi.
Bu hadisə sovet imperiyası üçün
“sonun başlanğıcı” oldu. Bu faciənin
baş verməsinə qədər ölkədə mövcud
problemlərin, baş qaldırmış etirazların siyasi
yolla həll olunacağına ümidlər hələ də
qalmaqda idi. Lakin bir insanın yaşaya biləcəyi
qədər ömür yaşamış qırmızı
imperiya özü ilə həmyaşıd olan nəslin
böyüklü-kiçikli hamısına atəş
açmaqla bu ümidləri tamamilə alt-üst etdi.
O zamana qədər hələ də
Azərbaycanın müstəqilliyinə müəyyən qədər
skeptik yanaşanlar bu hadisənin baş verməsi ilə
artıq imperiya boyunduruğunda yaşamağın
qeyri-mümkünlüyünü dərk etdilər və
milli azadlıq hərəkatının
iştirakçılarına çevrildilər. Bu faciəvi tarix onilliklər ərzində insanlara
sırınan “humanist” əsaslı kommunizm
ideologiyasının puçluğunu sübut etdi. Məhz bu hadisədən sonra kommunist partiyasından
kütləvi istefalar, cəmiyyətin bütün təbəqələrinin
müxtəlif formalarda ifadə olunan etirazları ittifaqın
hər yerini bürüdü və onun dayaqlarını
sarsıtdı.
Həmin ərəfədə SSRİ-nin bir çox
respublikalarında ittifaq əleyhinə etirazlar baş
qaldırmışdı. Gürcüstan və
Baltikyanı ölkələrdə də qoşun hissələri
dinc nümayişçilərin üstünə
yeridilmişdi. Lakin Azərbaycanda baş
qaldıran etirazlara qarşı törədilmiş Qanlı
Yanvar aksiyası qəddarlığı, misli görünməmiş
vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlkilərdən
çox fərqlənirdi. Xüsusi qəddarlıqla
müşayiət olunan kütləvi qətliam aktının
həyata keçirildiyi müddətdə Sov. İKP MK katibləri Girenko və Primakovun, SSRİ
müdafiə naziri Yazovun, daxili işlər naziri Bakatinin və
digər yüksək rütbəli hərbçilərin
Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən
planlaşdırılmış olduğunu göstərirdi.
İmperiyanın
çeşidli qoşun hissələrinin fövqəladə
vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm
ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq
normalarının kobud şəkildə pozulması demək
idi. “Bakı şəhərində
fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
yalnız qanlı cinayət hadisəsi törədildikdən
sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin
xalqımıza qarşı qəzəb hissi o qədər
güclü və hərbi təcavüz həyata keçirmək
niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri-
insanlıq aktına əvvəlcədən “hüquqi don”
geyindirməyə belə ehtiyac duymamışdı.
Baş
verəcək hadisələrin və faciənin miqyası barədə
məlumatların geniş xalq kütləsinə
çatdırılmasının qarşısını almaq
məqsədi ilə Azərbaycan Televiziyasının enerji
blokunun partladılması da qanlı cinayətin əvvəlcədən
müəyyən edilmiş plan əsasında həyata
keçirildiyini bir daha göstərirdi. Bununla
respublika televiziyası və radiosunun verilişləri tamamilə
kəsilmiş və bütün ölkə ərazisində
informasiyasızlıq mühiti yaradılmışdı.
Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda
idarə etməyə alışmış kommunist rəhbərlər
bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə
çatdıran, o səsləri Xalqın Səsinə
çevirən yenilməz bir qüvvə – Azadlıq
sevgisi vardı bu millətin
canında! Bu sevgini
boğmağa isə heç bir yumruğun gücü
çatmayacaqdı!
İmperiyanın zora söykənmiş siyasəti ilə
Azərbaycan xalqının məğrurluğu və
qırılmaz iradəsi qarşılaşarkən hansı tərəfin
məğlubiyyətə düçar olacağı əvvəlcədən
aydın idi. Sadəcə, M. Qorbaçov və onun ətrafındakı
cinayətkarlar bunu anlaya bilməzdilər. Yarandığı
gündən etibarən, xalqımıza qarşı qərəzli
siyasət yürüdən sovet imperiyası belə bir qəddarlıq
aktı ilə özünün düşmənçilik “ənənəsindən”
əl çəkmədiyini bir daha göstərdi. Qanlı Qorbaçov başda olmaqla, ittifaqın
bütün vəzifəli şəxslərinin heç nə
olmamış kimi davranmaları, törətdikləri misilsiz
cinayəti ört-basdır etmək cəhdləri hakim dairənin
Azərbaycan xalqına qarşı qərəzinin və nifrətinin
açıq təzahürü idi.
Azərbaycan SSR rəhbərliyinin
qanlı olay barədə rəsmi bəyanat verməməsi,
belə bir çətin anda xalqın dərdinə şərik
çıxmaması xüsusilə ağrılı məsələ
idi: “Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü
ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də
Yanvar faciəsi ilə bağlı
çağırılmış sessiyasına respublikanın
bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi
isə onların xalqın taleyinə biganə
qaldıqlarını, törədilmiş cinayətdə bu və
ya digər dərəcədə iştirak etdiklərini bir
daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta
şəhidlərin dəfn mərasiminə gəlməyi belə
lazım bilməmişdi” (20 Yanvar faciəsinin 10-cu
ildönümü haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanından, 16 dekabr 1999-cu il).
Bu fakt bir daha hakimiyyətlə xalq arasında o
zaman dərin uçurumun yarandığını və rəhbərlikdə
təmsil olunan şəxslərin xalqın iradəsini ifadə
etmək iqtidarında olmadığını göstərirdi.
Qanlı
Yanvar faciəsindən sonra bu hadisəyə verilən
reaksiyalar və ya ümumiyyətlə, hadisəyə münasibət
bildirilməməsi kimin kim olduğunu və
kimin hansı məqsədə xidmət etdiyini tam
aydınlığı ilə göstərirdi. Xalqın
taleyüklü bir anında ümummilli lider Heydər
Əliyevin ən faciəvi günlərindən birini
yaşayan Azərbaycanın xalqının acısına şərik
çıxması isə onun öz xalqına sonsuz məhəbbətinin
ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi
qanlı hadisə ilə bağlı elə ertəsi gün
Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək
öz xalqına başsağlığı verən Heydər
Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin
təşkilatçılarını və
icraçılarını cəsarətlə ittiham etdi və
onların cəzalandırılmasını tələb etdi.
Bu qanlı faciənin önlənə bilməsi
üçün bütün imkanların mövcud olduğu
bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini
kökündən yanlış addım kimi qiymətləndirən
Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının
iradəsini qırmağın mümkün
olmadığını və olmayacağını
açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə
baxmayaraq, xalqımıza qarşı törədilmiş
qanlı faciənin əsl səbəbkarlarının elə
həmin gün imperiyanın mərkəzindən bütün
dünyaya bəyan edilməsi xalqımızın üzləşdiyi
ən çətin məqamlarda ulu öndər Heydər
Əliyevin ümummilli mövqedən çıxış etmək
cəsarətini, onun təkcə xalqın qələbələrinin
deyil, həm də dərdinin önündə
dayandığını bir daha sübut etdi.
Cinayətin törədildiyi vaxtdan keçən ilk illər
ərzində 20 Yanvar hadisələrinə lazımi
siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən
biri idi. Mövcudluğunun mahiyyətində zorakılıq
və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyinin
göstərişi əsasında baş vermiş bəşəri
cinayətə hüquqi qiymət verə biləcək qədər
səmimiyyətinin və iradəsinin olmaması əvvəlcədən
məlum idi. Ona görə də
1990-cı ilin dekabrında SSRİ baş hərbi
prokurorluğunun hərbi qulluqçuların 20 Yanvarda
Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində
cinayət tərkibi görməyərək işə xitam
verməsi heç kimi təəccübləndirməmişdi.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
faciəli olayların araşdırılması ilə
bağlı yaradılmış istintaq komissiyasının fəaliyyətini
heç bir nəticə və heç bir əsas olmadan
dayandırması isə təəccüb doğurmaya bilməzdi. Bu o zamankı
ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə
siyasi- hüquqi qiymət verə bilmək iqtidarında
olmadığını nümayiş etdirirdi. Təəssüf
ki, sovet rejiminin süqutundan sonrakı ilk ildə – 1992-ci ilin
19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19 –
20- də Bakı şəhərinə qoşunların yeridilməsi
ilə əlaqədar faciəli hadisələrin təfsilatının
və səbəblərinin təhqiqi üzrə Azərbaycan
Respublikası Ali Soveti komissiyasının işinin
yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli
Şurasının qərarında da ölkənin ali
qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin
qənaətbəxş olması ilə kifayətlənməsi,
qanlı hadisənin sifarişçiləri və
icraçılarının göstərilməməsi Azərbaycan
xalqına qarşı törədilmiş ən ağır
cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə
və əhəmiyyətinə görə qiymət verilmədiyini
bir daha təsdiqlədi.
20 Yanvar hadisələrinin təkcə xalqımıza
qarşı deyil, bütün insanlığa zidd cinayət
olduğunu sübut etmək, faciə qurbanlarının
hüquqlarının müdafiəsini təmin etmək,
axıdılmış günahsız qanların
baiskarlarının cəzalandırılması
üçün siyasi, hüquqi zəmin formalaşdırmaq
olduqca önəmli məsələ idi. Məhz buna görə
Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında” 5 yanvar
1994-cü il tarixli fərmanında Azərbaycan Respublikası
Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə
qəbul olunmuş müvafiq qərarda Qanlı Yanvar hadisələrinin
əsl səbəblərinin açıqlanmadığı və
həqiqi günahkarların aşkar edilmədiyi nəzərə
çatdırıldı və Azərbaycan
Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə
Milli Məclisin xüsusi sessiyasının keçirilməsi
tövsiyə edildi.
Beləliklə, 1994-cü ilin martında Azərbaycan
Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə
siyasi- hüquqi qiymət verilməsi haqqında xüsusi qərar
qəbul etdi. Bu qərarın qəbul edilməsinin
əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin
müdafiəsi naminə küçələrə
çıxmış silahsız adamların qəddarcasına
qətlə yetirilməsi hərbi təcavüz və hərbi
cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri
və icraçıları açıq şəkildə
bəyan edildi və bu cinayətin istintaqını həyata
keçirən hüquq- mühafizə orqanlarının fəaliyyətinin
qənaətbəxş olmadığı bildirildi. Bununla da,
nəhayət ki, tarixi faciəyə dövlət səviyyəsində
münasibət bildirilməsi təmin edildi.
Tariximizdə ilk dəfə ümummilli hüzn
gününə çevrilmiş bu faciənin baş verdiyi
vaxtdan artıq 26 il keçir. Ulu öndər
Heydər Əliyevin vurğuladığı kimi, “Əbədi,
dönməz və sarsılmaz” olan müstəqilliyimizin
işığında yaşayan xalq hər il yanvarın 20-də
Şəhidlər xiyabanına üz tutur,
azadlığımızın qandallarını
sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.
Şəhidlər xiyabanını ziyarətə gələn
yüz minlərlə həmvətənimiz
azadlığımız uğrunda şəhid olmuş
insanların məzarı qarşısında baş əyərək
onların xatirəsini əziz tuturlar. Prezident İlham
Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən
söylədiyi kimi: “Azərbaycan xalqı bu günü
heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik
uğrunda, Vətən uğrunda özlərini qurban verən
şəhidlərimizin hamısının xatirəsini həmişə
qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki,
bugünkü müstəqil, qüdrətli Azərbaycan
xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin,
canlarını qurban vermiş insanların bu işdə
böyük xidməti olubdur. Bu da heç vaxt yaddan
çıxarılmamalıdır.”
Bəli, Vətən şəhidləri, qeyrət
mücahidləri unudulmaz. Onlar xalqın azadlığı
yolunda canlarından keçməyə hazır
olduqlarını göstərdilər və qorxub- çəkinmədən
bu yolla getdilər. Ölümə gedən yollar onları əbədi
ölməzliyə, xalqımızı isə əbədi
azadlığa qovuşdurdu. Bu, bir Tarixdir – Qanlı və Şanlı tarix. Qanla
yazılmış şanlı tarix isə onu unudanları
bağışlamır.
Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı,fəlsəfə doktoru
Mövqe.-
2018.- 20 yanvar.- S.4-5.