Rusiya-Azərbaycan: sənaye sahəsində əməkdaşlıq tam
sürətlə inkişaf
edir
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Rusiya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın inkişafı yolları, həmçinin bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya
Sənaye Əməkdaşlığı
Forumunun əhəmiyyəti
barədə fikirlərini
AZƏRTAC-ın müxbiri
ilə söhbətində bölüşüb.
-Dmitri İvanoviç,
bu yaxınlarda Bakıda keçirilmiş
Azərbaycan-Rusiya Sənaye
Əməkdaşlığı Forumunun yekunlarını necə qiymətləndirirsiniz?
-Bizim Rusiya-Azərbaycan
iqtisadi tərəfdaşlığının
yaradılmasında ilk
addımlardan normal iş prosesinə keçdiyimiz açıq-aydındır.
Nəticələr göz
qabağındadır: ölkələrimiz
arasında əmtəə
dövriyyəsi ötən
il 2017-ci ilin göstəricilərini 19 faiz
üstələyərək 2,5 milyard dollara çatıb. Bu işgüzar missiyada hər iki tərəfdən
200 biznesmenin iştirak
etməsi şirkətlərin
birgə layihələrə
böyük marağının
göstəricisidir.
-Bu gün
hansı əməkdaşlıq
istiqamətləri daha
çox prioritet təşkil edir?
-Həm Rusiya,
həm də Azərbaycan üçün
sənaye sektorunda - energetika, neft-qaz, avtomobil və maşınqayırma sahələrində
müştərək müəssisələrin
açılması böyük
əhəmiyyət kəsb
edir. Qarşılıqlı sərmayə qoyuluşu
üzrə real nümunələrdən “SOCAR Polymer”
layihəsini, Pirallahı
Sənaye Parkında əczaçılıq müəssisəsinin
tikintisini, həmçinin
Gəncə Avtomobil Zavodunun Rusiyanın “KamAZ” və “Ural” Avtomobil Zavodları ilə əməkdaşlığını göstərmək olar.
Azərbaycanda “Mi” helikopterlərinin texniki xidməti və təmirini həyata keçirəcək servis
mərkəzinin yaradılması
planlaşdırılır. Azərbaycan yüngül sərnişin, o cümlədən
sualtı qanadlarla hərəkət edən gəmilərin tikintisində
maraqlıdır. Forum
çərçivəsində Rusiyanın üç şirkəti – “Rostselmaş”,
“Transmaşholdinq” və
“Servis İnvest” azərbaycanlı tərəfdaşları
ilə əməkdaşlığa
dair sazişlər imzalayıblar. Ümumilikdə
sənaye sahəsində
əməkdaşlıq tam
sürətlə inkişaf
edir.
-Rəqəmsal sahədə hər hansı təmas nöqtələri mövcuddurmu?
-Rusiyanın sənaye və ticarət naziri Denis Manturov forumdakı çıxışında
vurğulayıb ki, iqtisadi əməkdaşlığın
inkişafında kibertəhlükəsizlik
çox mühümdür.
Praktik olaraq Rusiya və Azərbaycan paralel şəkildə vergi sistemində və dövlət idarəçiliyi
xidmətlərində öz
rəqəmsal texnologiyalarını
tətbiq edirlər. “Kasperski laboratoriyası” “Yandeks” və “Mail.ru Group” kimi iri
internet şirkətləri
Rusiya bazarında sıfırdan başlayaraq
öz fəaliyyətlərini
genişləndiriblər. Onların
məhsulları azərbaycanlı
tərəfdaşlar üçün
də maraqlı ola bilər.
-Hər halda,
forumun sensasiyası xarici bazarlara birgə çıxış
imkanlarının müzakirəsi
olub?
-Bəli, biz
artıq beynəlxalq arenada qarşılıqlı
fəaliyyət göstərməyə
və orada yeni layihələr təqdim etməyə hazırıq. Bir sıra şirkətlər
Azərbaycanın çox
əlverişli coğrafi
mövqeyi ilə maraqlanırlar. Buradan logistika xərclərini azaldaraq üçüncü
ölkələrin bazarlarına
çıxmaq mümkündür.
Rusiyanın Sənaye
və Ticarət Nazirliyi və Rusiya İxrac Mərkəzi ixrac prosesinin dəstəklənməsinin
vahid sistemini işə salır. Bunun üçün 19 ölkədə (onların
arasında Çin, Türkiyə, AFR, Vyetnam, Özbəkistan və Sinqapur da var)
regional hablar yaradılacaq, onların vasitəsilə Rusiya malları dünyanın
100-dən çox ölkəsinə
göndəriləcək. Artıq
Hindistanın Mumbay şəhərində ilk
xarici ofis açılıb. Azərbaycanın
müəssisələri bu
sistem çərçivəsində
fəaliyyət göstərərək
öz mallarını
bütün dünyada
sata bilərlər. Sırf ticarət layihələri ilə yanaşı, birgə yığma istehsalatlarının
yaradılması üzrə
yaxşı ideyalar irəli sürülüb.
Onların çərçivəsində
maşınqayırma məhsullarını
Yaxın Şərqin
və Cənub-Şərqi
Asiyanın sürətlə
inkişaf edən bazarlarına tədarük
etmək olar. Artıq bu il
Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına
dair Fərman imzalayıb. Bu şirkət Rusiyanın “Rostex” firmasının yerinə yetirdiyi analoji funksiyaları həyata keçirəcək.
O, qeyri-neft sektorunun inkişafı, müdafiə
və idxalı əvəz edən sənaye məhsullarının
buraxılması ilə
məşğul olacaq.
Gəlirinin həcmi baxımından
dünyanın 10 ən
böyük sənaye
korporasiyalarının sırasında
olan “Rostex”lə əməkdaşlıq “Azərsilah”a
öz məhsullarını
miqyasına görə
ən böyük Afrika və Yaxın Şərq ölkələrinin bazarlarına
çıxarmağa kömək
edə bilər.
-Hansısa məqamda,
məsələn, təbii
qazın Avropa istehlakçılarına tədarükü
məsələsində Rusiya
və Azərbaycanın
iqtisadi maraqlarının
ziddiyyət təşkil
etməsi mümkündürmü?
-Məhz bu
məsələdə heç
bir ziddiyyət yarana bilməz. Çünki bu tədarük müxtəlif
bazarlara istiqamətlənib:
Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya, Rusiya qazı isə “Türk Axını” vasitəsilə Mərkəzi
və Şərqi Avropa ölkələrinə
nəql ediləcək.
Burada hər hansı rəqabətdən
söhbət gedə bilməz. Lakin müəyyən fəaliyyət istiqamətləri
üzrə maraqların
toqquşması müşahidə
olunarsa, Azərbaycan-Rusiya
Sənaye Əməkdaşlığı
Forumu kimi hər iki tərəfin
istənilən vaxt danışıqlar masası
arxasında qarşılıqlı
faydalı qərarların
qəbul edəcəyi
tədbirlər məhz
bunun üçün
keçirilir. Bu, bizim qarşılıqlı
fəaliyyətimizin bütün
tarixi boyu belə olub.
Mövqe.- 2019.- 10
aprel.- S.7.