Sosial müdaifə sahəsində effektiv proqram

 

Rəşad Həsənov: “Özünüməşğulluq proqramının əhatə dairəsi sürətlə genişlənir”

 

Əhalinin məşğulluq səviyyəsinin artırılması Azərbaycan hökumətinin qarşısında dayanan əsas məsələlərdən biridir. Hökumət indiyə qədər bu məqsədlə müxtəlif layihə və proqramlar həyata keçirib, ciddi iqtisadisosial islahatlar aparıb.

Məşğulluğun artırılması üçün atılan mühüm addımlardan biri də özünüməşğulluq tədbirlərinin gücləndirilməsidir. Hökumət çalışır ki, əhalinin aşağı gəlirli hissəsi ünvanlı yardımlara möhtac olmasın, müstəqil çəkildə öz məşğulluğunu təmin edə bilsin. Bu baxımdan Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamdan sonra ölkəmizdə ilk dəfə olaraq dövlət səviyyəsində özünüməşğulluq proqramının tətbiqinə başlanılıb.

Proqramın icrasına başlanıldığı son 2 ilin nəticələri göstərir ki, bu layihə məşğulluğun artırılması baxımından uğurludur. Dövlət özünüməşğulluq proqramı ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsində yeni mərhələnin əsasını qoyub. Iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də bu fakta ayrıca toxunulub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, ötən il 6 min ailəni özünüməşğulluq proqramı ilə əhatə etmək mümkün olub: “6 min ailəyə mikrokiçik biznesə başlaması üçün aktivlər təmin edildi. Bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır”.

Nazir məlumat verib ki, özünüməşğulluq proqramından istifadə etmək istəyənlərin sayı çoxdur: “Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlarabu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcəkdir. Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb. Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır”.

Müşavirədə Prezident İlham Əliyev söyləyib ki, özünüməşğulluqla bağlı məsələləri beynəlxalq maliyyə qurumları ilə də müzakirə ediblər: “Dünya Bankı ilə bu ilin əvvəlində müzakirələr aparılıb və biz onları bu proqrama dəvət etdik. Dünya Bankının bu proqramda iştirakı təbii ki, bizə əlavə maliyyə resursu verəcək”.

Əlavə edək ki, özünüməşğulluq proqramı bütün ölkə ərazini əhatə etməklə aztəminatlı ailələrə hədəflənib. Ən önəmli fakt ondan ibarətdir ki, dövlət səviyyəsində özünüməşğulluq proqramı icrası dünyada ilk dəfə Azərbaycanda baş tutub.  Azərbaycan dövlətinin özünüməşğulluq proqramının əsas məqsədi əhalinin aztəminatlı hissəsinin məşğulluğunu artırmaqla mərhələli şəkildə ünvanlı sosial yardım mexanizmindən sosial reabilitasiyaya keçidin təmin edilməsi, o cümlədən aztəminatlı ailələrinin sosial təminatının gücləndirilməsi, gəlirlərin dayanıqlığının təmin edilməsi və sahibkarlığının inkişafıdır.

İqtisadiSosial İnkişaf Mərkəzinin eksperti, iqtisadçı Rəşad Həsənov da özünüməşğulluq proqramının sosial müdaifə sahəsində effektiv proqram olduğunu hesab edir. O bildirdi ki, Azərbaycanda sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımlar yeni məna kəsb etməyə başlayıb: “Artıq passiv mexanizmlərdən aktiv mexanizmlərə keçid baş verir. Passiv mexanizmlər həm dövlət büdcəsi üzərində ciddi maliyyə yükü yaradır, həm uzunmüddətli dövrdə maliyyə asılılığı yaradır, vətəndaşların əmək bazarında iştirakını zəiflədir. Vətəndaşların əmək bazarında iştirakının zəifləməsi isə iqtisadiyyata mənfi təsir edir. Bu baxımdan daha dayanıqlı əsaslarla sosial rifahın gücləndirilməsi işləri görülməlidir ki, bunlardan biri də özünüməşğulluq proqramıdır.

Özünüməşğulluq fərdi, kiçik sahibkarlığın, ailə təsərrüfatlarının inkişafında kifayət qədər effektiv mexanizmdir. Hazırda bu proqramdan müəyyən kriteriyalara cavab verən insanlar istifadə edə bilir. Gələcəkdə kriteriyalara baxılması, onun genişləndirilməsinə ehtiyac var. Eyni zamanda bir subyektə verilən 5 min manatlıq aktivin də artırılması zəruridir. 5 min manatla biznesə başlamaq, onu inkişaf etdirmək çətindir. Amma proqramın tətbiqinə yeni başlanılıb, tələb çox yüksəkdir, ona görə də gələcəkdə proqram təkmilləşdirilə bilər”.

R.Həsənov dedi ki, proqramın əhatə dairəsi sürətlə genişlənir: “2016-cı ildə ilk dəfə pilot layihənin icrası məqsədilə 6 milyon manat ayrıldı. 2018-ci ildə İşsizlikdən Sığorta Fondundan 36 milyon manat, 2019-cu ildə 54 milyon manat ayrılıb. Elə qrup insanlar var ki, onların kapitalı, sərmayə qoymaq üçün vəsaiti yoxdur. Azərbaycanda fərdi sahibkarlığın, kiçik sahibkarlığın qarşısında dayanan ən böyük maneələrdən biri ilkin kapital çatışmazlığıdır. Bu istiqamətdə problemin müəyyən bir qismini həll edən mexanizm kimi özünüməşğulluq proqramı aktual layihədir”.

Ekspert onu da bildirdi ki, tələb yüksək olduğundan proqramın icrasında şəffaflığı bir qədər də artırmaq lazımdır: “Bu proqrama böyük maraq var  və çalışmaq lazımdır ki, mexanizmin icrası zamanı ciddi nöqsanlara yol verilməsin. Ona görə də proqramın təkmilləşdirilməsinə, bir qədər də inkişaf etdirilməsinə ehtiyac var. Eyni zamanda nəzarət və icra mexanizmlərinin təkmilləşdirilməsi vacibdir”.

 

Vasif CƏFƏROV

Mövqe.- 2019.- 7 avqust. S. 4.