Sahibkarlığa mane
olan bürokratik amillər aradan qaldırılır
Ölkədə biznes mühititin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də məhz şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan qanunverici-institusional tədbirlərin gücləndirilməsidir. Təsadüfi deyildir ki, Aərbaycan Prezidenti İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən idarəçiliyin bütün sahələrində şəffaflığın və aşkarlığın artırılması, maliyyə intizamının gücləndirilməsi zərurətini önə çəkib.
Ölkə
Prezidentinin qanunvericilik təşəbbüsü əsasında
Milli Məclis 13 yanvar 2004-cü il tarixli «Korrupsiyaya
qarşı mübarizə haqqında» Qanun qəbul edib. Bundan başqa, qanun əsasında «Korrupsiyaya
qarşı mübarizə üzrə Dövlət
Proqramının (2004-2006-cı illər)» layihəsi
hazırlanaraq 3 sentyabr 2004-cü il tarixdə təsdiq edilib.
Proqrama əsasən, 2005-ci ildən
Ədliyyə, Gömrük, Vergilər, İqtisadi İnkişaf, Daxili İşlər, Xarici
İşlər nazirlikləri, prokurorluq və
digər dövlət orqanlarına işə qəbul
yalnız test üsulu
və müsabiqə yolu ilə həyata keçirilir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı
ilə Azərbaycan Respublikası Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi
yaradılıb. Ümumilikdə, ölkə
rəhbərinin 28 iyul 2007-ci il tarixli «Şəffaflığın
artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə Milli
Strategiyanın təsdiq edilməsi barədə», 2009-cu il 22 iyun tarixli «Dövlət və
bələdiyyə əmlakının və vəsaitlərinin
idarə olunması sahəsində korrupsiya
ilə əlaqədar hüquqpozmalara
qarsı mübarizənin gucləndirilməsi haqqında», 13 aprel 2010-cu il tarixli «Sahibkarlıq sahəsində
yoxlamaların nizama salinması və
istehlakçıların hüquqlarının qorunmasının
təmin edilməsinə dair bəzi tədbirlər
haqqında» fərmanları ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin
ardıcıl xarakter
daşıdığını bir daha təsdiqləyib.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli «Sahibkarlıq
sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestrinin forması və aparılması qaydası
haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə
fərmanına əsasən, Ədliyyə Nazirliyində
«Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat
reyestri» formalaşdırılaraq 2011-ci il may ayının 1-dən
fəaliyyətə başlayıb. Reyestrin
aparılmasını, istifadəsini və orada
saxlanılan məlumatların mühafizəsini təmin edən
qeydiyyat informasiya sisteminin vahid portalı www.yoxlama.gov.az internet
ünvanında yerləşdirilərək yoxlayıcı
orqanların və sahibkarlıq fəaliyyəti subyektlərinin
istifadəsinə verilib.
Azərbaycanın dinamik iqtisadi inkişafı, vətəndaşların sosial rifah halının ildən-ilə güclənməsi, hüquqi-siyasi şüur səviyyəsinin yetkinləşməsi hökumətə bu sahədə həm də inzibati tədbirləri gücləndirməyə, korrupsiyaya rəvac verən halları müəyyənləşdirərək qarşısını almağa imkan yaradır. 2011-ci il yanvarın 27-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclasından sonra bu sahədə tədbirlər daha da intensivləşib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə ölkə Prezidenti 2011-2012-ci illərdə bir sıra fərmanlar, sərəncamlar imzalanıb. Bunların bir qismi Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, bir sıra xidmətlərin «vahid pəncərə» sistemi əsasında tətbiqinin həyata keçirilməsini nəzərdə tutur. Tətbiq olunan cərimələrin müəyyən faizinin mükafat formasında yol polisi və gömrük orqanları əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunması da stimullaşdırıcı addım kimi mühüm əhəmiyyətə malikdir.
Görülmüş
tədbirlər sırasında 16 fevral 2011-ci il tarixli «Normativ
hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının
Qanunu ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar
normativ hüquqi aktların ekspertizasının
aparılması qaydasının müəyyənləşdirilməsini,
dövlət orqanları tərəfindən tətbiq edilən
rüsum və tariflər barədə dəqiq məlumatlar
almaq məqsədilə «www.rusum.az» saytının
yaradılmasını, dövlət qurumlarının
nümayəndələrinin və vətəndaşların
münasibətlərinin etik davranış çərçivəsində
tənzimlənməsinə dəstək vermək məqsədilə
«www.etika.az» saytlarının yaradılmasını qeyd etmək
olar.
2007-ci
il 28 iyul tarixli «Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya» çərçivəsində
normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətinin açıq hökumət
prinsiplərinə uyğunlaşdırılması, qərarların
qəbulu prosesində ictimaiyyətin iştirakının
genişləndirilməsi, şəffaflığın
artırılması, beynəlxalq öhdəliklərin
icrasının təmin edilməsi məqsədilə ölkə
başçısı 2012-ci il 5 sentyabr tarixdə «Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı»nın və
«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı»nın təsdiq
edilməsi haqqında» sərəncamlar imzalayıb.
Sərəncamla imzalanmış «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» 28 maddədən ibarətdir. Planda korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə də geniş yer ayrılmışdı. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, etik davranış qaydalarının, ərizə və şikayətlərə baxılması işinin, cinayət təqibi sahəsində qanunvericiliyin, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin, təkmilləşdirilməsi tədbirlərini bu baxımdan xüsusi qeyd etmək olar.
Fəaliyyət
Planında, həmçinin, cinayət yolu ilə əldə
edilmiş gəlirlərin leqallaşdırılmasına
qarşı mübarizə, dövlət
qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi,
maraqlar toqquşmasının qarşısının
alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin
təqdim edilməsi, sahibkarlıq fəaliyyəti
üçün daha da əlverişli mühitin
yaradılması, audit, vergi, gömrük, dövlət
satınalmaları, sosial müdafiə və digər sahələrdə
fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə
geniş yer ayrılıb.
Fəaliyyət
Planının 12-ci bəndində nəzərdə tutulan tədbirlər
ölkədə sahibkarlıq mühitinin daha da
liberallaşmasını, respublikada güclü orta təbəqənin
formalaşmasını təmin edir.
İnsan
və hüquq azadlıqlarının təmini elə bir
mürəkkəb prosesdir ki, bu sahədə islahatların
sonu və son imkanları görünmür. Ölkə rəhbərliyi məhz bu
reallıqdan çıxış edərək Azərbaycanın
inkişaf etmiş
ölkələr səviyyəsinə qaldırılması üçün hüquqi-siyasi
liberallaşma sahəsində kompleks tədbirlərin zəruriliyini önə
çəkir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında İnsan Hüquqları
sahəsində Milli Fəaliyyət
Proqramı» da sosial-iqtisadi
inkişaf prosesinin
keyfiyyətcə yeni mərhələsində
hüquqi-siyasi islahatların uğurla davam etdirilməsi
məqsədini ön plana
çəkir.
Prezident
İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
yaradılmışdır. Agentlik «ASAN xidmət» mərkəzlərini yaratmaqla
onların vahid şəkildə idarə
edilməsini, xidmət mərkəzlərində fəaliyyət
göstərən dövlət orqanlarının əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının
qarşılıqlı inteqrasiyasını, bu
sahədə idarəetmə sisteminin
təkmilləşdirilməsini təmin edən dövlət
orqanı kimi fəaliyyət göstərir.
«ASAN xidmət», ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının reallaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş «bir qapı» prinsipi üzrə təqdim edilir. Vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.
Həmin mərkəzlərdə xidmətlər hər bir vətəndaş üçün həyata keçirilir və təqvimin bütün günlərində fasiləsiz açıq olur. «ASAN xidmət» mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiya və s. dövlət orqanlarının əməkdaşları müasir xidmətlər göstərirlər. Adından da göründüyü kimi, yeni mərkəzlər sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.
Samir Mustafayev
Mövqe.- 2019.- 6 dekabr.- S.10.