İqtisadiyyata investisiya qoyuluşları səmərəli nəticələr
verir
Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf məqsədinə
xidmət edən mühüm tədbirlərdən
biri də respublikada əlverişli
investisiya mühitinin
yaxşılaşdırılması, sərmayə
qoyuluşlarının təşviq edilməsidir. Son 16 ildə bu sahədə
həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatına
yerli və xarici investisiya yatırımlarının sürətlənməsinə
ciddi təkan verib.
Qanunvericiliyə əsasən, Azərbaycanda investisiya fəaliyyətinin dövlət tənzimlənməsində başlıca məqsəd vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir. Bunun təmin olunması üçün bütün mənbələrdən – respublika və yerli büdcələr hesabına maliyyələşən investisiya qoyuluşları həyata keçirilir.
Azərbaycanda əcnəbi şirkətlərin investisiya fəaliyyəti 1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlməklə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.
Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Apelyasiya şuralarının təşkili, "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.
İqtisadiyyat Nazirliyindən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin
"Sahibkarlıq fəaliyyətinin xüsusi
razılıq (lisenziya) tələb olunan növlərinin sayının
azaldılması, xüsusi razılıq
(lisenziya) verilməsi prosedurlarının
sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında" 19 oktyabr
2015-ci il tarixli 650 nömrəli Fərmanına
əsasən, 2015-ci ilin 2 noyabr
tarixindən İqtisadiyyat Nazirliyi
tərəfindən dövlət təhlükəsizliyi ilə
bağlı hallar istisna
olmaqla lisenziyaların "ASAN xidmət"
mərkəzləri vasitəsilə verilməsinə
başlanılıb. Həmçinin Azərbaycan
Respublikası Prezidentinin
"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər
haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli
Fərmanına əsasən lisenziya tələb
olunan fəaliyyət növlərinin
sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilmiş qüvvədə
olan müddətli lisenziyalar
müddətsiz elan olunub.
Yeni verilən
lisenziyalar isə müddətsiz müəyyən
edilib, lisenziyanın verilməsinə
görə ödənilən dövlət rüsumunun
məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya
verən dövlət orqanların sayı 23-dən 4-ə,
lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib.
Lisenziya verilməsi üçün
tələb olunan prosedurlar
isə sadələşdirilib.
Bu istiqamətdə mühüm addımlardan biri də ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi ilə qeydiyyatı sisteminin formalaşdırılması olub. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü
il tarixli 300 nömrəli
Qərarına əsasən elektron
imzanın alınması müddəti 2 gündən 1 günə
endirilib. Həmçinin, "Tikinti layihələrinin ekspertizadan
keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının
"bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə
başlanılıb.
Aparılan
islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit
Yükdaşımalar üzrə Koordinasiya Şurası
yaradılıb, Şuranın Əsasnaməsi və tərkibi
təsdiq edilib. Azərbaycan Respublikasının ərazisindən
dəmir yolları, dəniz nəqliyyatı, dəniz
limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında
"bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə
tutulub. "Bir pəncərə"
prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin
həyata keçirilməsi isə Kordinasiya
Şurasına həvalə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilməsi də bu istiqamətdə mühüm addımlardan olub. Həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilib. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilib.
Dövlət
başçısının "Qeyri-neft ixracının təşviqi
ilə bağlı əlavə tədbirlər
haqqında" 1 mart 2016-cı il tarixli fərmanına əsasən,
qeyri-neft məhsullarının ixracı ilə məşğul
olan şəxslərə ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan dəyərin 3 faiz baza olmaqla (məhsulların
növündən asılı olaraq ixrac təşviqinin baza
məbləğinə əmsallar tətbiq edilməklə)
ixrac təşviqi ödənilir. İnvestisiya təşviqi
sənədi Azərbaycan Respublikasının Vergi
Məcəlləsində və “Gömrük
tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən
edilmiş güzəştləri əldə
etməyə əsas verən sənəddir. Bu
güzəştlərə mənfəət və ya gəlir vergisinin 50%-dən
azadolma; torpaq və əmlak
vergisindən tam azadolma;
layihə çərçivəsində xaricdən idxal olunan texnika,
texnoloji avadanlıq və qurğunun
gömrük rüsumu
və ƏDV-dən tam azadolma
aiddir.
İqtisadiyyat Nazirliyinin məlutına əsasən, 2019-cu ildə 500-dək sahibkarlıq subyektinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 3 milyard manatdan çox investisiya yatırılacağı, 23 minə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulub.
Bundan
əlavə, "Gömrük sistemində islahatların davam
etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında" 4 mart 2016-cı il tarixli sərəncama əsasən,
elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi,
gömrük rəsmiləşdirilməsi zamanı tələb
olunan sənədlərin və prosedurların sayının
minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən
elektron formada qısa idxal bəyannaməsini təqdim etmək
yolu ilə malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən keçirilməsi
üçün "Yaşıl dəhliz" və beynəlxalq
təcrübədə mövcud olan digər
buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin
həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.
Bütün bunların nəticəsi olaraq, Azərbaycan aparıcı beynəlxalq nüfuzlu hesabatlarda mövqeyini ilbəil gücləndirir. Dünya Bankı tərəfindən dərc edilən "Doing Business 2019" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 25-mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan və rəqabətqabiliyyətlilik üzrə ən geniş qiymətləndirmə hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 35-ci yerə yüksəlib.
Samir Mustafayev
Mövqe.- 2019.- 25 dekabr.- S.10.