Dövlət aztəminatlı vətəndaşların
sosial müdafiəçisidir
Cənab Prezidentin son Sərəncamı yüksək səviyyəli sosial siyasətin daha bir təzəhürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” imzaladığı Sərəncam dövlət başçısının yüksək səviyyəli sosial siyasətinin daha bir təzəhürüdür. Sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Dekabrın sonuna kimi həyata keçiriləcək ödənişdən 73 minədək ailə (290 minə yaxın ailə üzvü) yararlanacaq.
Azərbaycanda
son dövrlərdə sosial siyasətin mütəmadi olaraq
güclənməsi həm də həssas əhali
qruplarına yönələn dövlət
qayğısının artması fonunda özünü
göstərir. Həyat səviyyəsinin
yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət sosial cəhətdən
həssas əhali qruplarına dövlət
qayğısının mütəmadi şəkildə
artırılması, sosial təminat sisteminin daha geniş əhali kateqoriyalarına yönəldilməsi
ilə müşayiət olunur. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə
edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas
əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin
mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti
cəlb edir.
Dövlətimiz
son illərdə əhalinin aztəminatlı hissəsinin vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
çox mühüm addımlar atıb. Bu
addımların nəticəsidir ki,
2003-cü ildən bəri əhalinin yoxsul
olan hissəsi 46,7 faizdən 5 faizə qədər
azalıb.
2002-ci ildə ölkəmizdə yaşayış minimumu adambaşına 35 manat idi. Həmin ildə əhalinin 46,7 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Hazırda yaşayış minimumu 180 manat, yoxsul kəsim isə 5 faiz həddindədir. Ötən müddətdə yaşayış minimumu 5,14 dəfə artırıldığı halda yoxsulluq həddi 9,4 dəfə azaldılıb.
Aşağı gəlirli insanların olması sosial və institusional məsələlərlə yanaşı həm də iqtisadi məsələdir. Aztəminatlı insanların azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq, çoxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində mühüm amildir.
İqtisadi artımın davamlılığını təmin edən ən başlıca cəhətlərdən biri iqtisadi inkişafın sahəvi və coğrafi diversifikasiyasıdır. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, həmçinin, regionların tarazlı inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil etməlidir.
Tədqiqatlar göstərir ki, inflyasiyanın sürətli artımı ilk növbədə əhalinin aztəminatlı
təbəqələrinə daha
ağır zərbə vuraraq, onlardan bir qədər
yuxarı səviyyədə olan ailələrin
aztəminatlı vəziyyətə düşməsinə gətirib
çıxarır. Bu baxımdan makroiqtisadi sabitlik,
davamlı olaraq iqtisadi
artımın təmin edilməsi, ölkənin gəlir və
xərclərinin səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir.
Dövlət
2018-ci ildən etibatən ölkədə təkrəqəmli
inflyasiyaya nail olub. 2019-ci ildə də inflyasiya
təkrəqəmlidir və proqnozlara əsasən
qarşıdakı illərdə də bu
vəziyyət davam edəcək.
Məlum olduğu kimi, işsizlik yoxsulluğu, aztəminatlı kateqoriyanı formalaşdıran əsas amillərdən biridir. Azərbaycan dövləti məşğulluq siyasətində aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməyə çalışır. Passiv tədbirlər, əsasən, işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir. Aktiv tədbirlər isə, əsasən, peşə təlimlərinin təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən, əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə, işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlib.
Digər mühüm məsələ əməkhaqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir. Məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün son illərdə minimum əməkhaqqının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yalnız 2019-cu il ərzində minimum əməkhaqqı 120 manat və ya təzminən 2 dəfə artırılaraq 250 manata çatdırıldı.
Pensiyaların
artırılması istiqamətində də ciddi addımlar
atılır. Cari dövrdə minimum pensiyalar 116 manatdan 200
manata qədər artırılıb.
Dövlət minimum əməkhaqqının və minimum pensiyanın yaşayış minimumuna çatdırılmasını əsas hədəf kimi müəyyənləşdirilib. Artıq bu hədəfə çatılıb. Digər hədəf ünvanlı sosial yardımın müəyyənləşdirilməsi üçün istifadə edilən ehtiyac meyarının həddinin yaşayış minimumuna çatdırılmasıdır.
Dövlət
aztəminatlı, sosial qayğıya ehtiyacı olan insanlara
kömək məqsədilə hər il dövlət büdcəsindən
böyük məbləğdə maliyyə ayrılır. Həmin
vəsaitlər dövlət büdcəsinin sosial
yönümlü xərclərinə aid olub “sosial
təminat və sosial müdafiə”
bölməsində toplanır. Büdcəsinin xərcləri
hesabına dövlət əhaliyə müxtəlif formada ödənişlər və xidmətlər
həyata keçirir. Birbaşa
formada müxtəlif sosial
ödənişlər, yəni pensiyalar,
aztəminatlı ailələrə müavinətlər, məcburi
köçkünlərə ərzaq təminatı üzrə
müavinətlər və s.
ayrılır. Dövlət büdcəsində bu bölmə üzrə ayrılan vəsaitlərin
həcmi, onun artım dinamikası, xərclərin
bölüşdürülməsi şəkli qayğıya
ehtiyacı olan insanlara
dövlətin münasibətini ifadə edir.
Dövlət aztəminatlı vətəndaşların
sosial müdafiəçisidir və bu öhdəliyini yerinə yetirmək üçün ən böyük
mənbə kimi dövlət büdcəsindən
istifadə edir. 2014-cü ildə sosial təminat və sosial
müdafiə xərclərinə 2,072 milyard
manat və ya xərclərin
10,3 faizi ayrılmışdı.
2020-ci ildə bu istiqamətdə
ayrılacaq vəsait 3,244 milyard manat və ya 56,6 faiz çox olacaq.
İstənilən ölkədə dövlətin sosial qayğısına ehtiyacı olan insanlar var. Hər bir ölkədə əlillər, ailə başçısını itirən yeniyetmələr, işsizlər, çoxuşaqlı ailələr, tənha qocalar və s. qayğı tələb edən aztəminatlı insanlar yaşayır. Bu insanların məsələləri ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər məcmu halda sosial müdafiə və ya sosial təminat siyasəti adlandırılır. Son illərdə aztəminatlı, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin dövlətin daşıdığı funksiyalar içərisində daha sürətlə ön sıraya keçməsi müşahidə olunur.
Vasif CƏFƏROV
Mövqe.- 2019.- 25 dekabr.- S.6.