İqtisadi sahədə şəffaflıq
və liberallıq təmin edilir
Müasir texnologiyaların və mütərəqqi beynəlxalq
təcrübənin tətbiqi son illər
vergi inzibatçılığı sahəsində
əhəmiyyətli irəliləyişlərlə
yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə
müsbət imicinin formalaşmasına da böyük təsiri olub. Ötən illərdə vergi inzibatçılığının bütün sahələrində olduğu kimi, qeydiyyat sahəsində də
genişmiqyaslı islahatlar həyata
keçirilməklə uğurlu nəticələr
əldə edilib.
«Biznesə
başlama» göstəricisi üzrə Azərbaycanda kommersiya
hüquqi şəxslərin qeydiyyatı üçün
yerinə yetirilməli olan prosedurların sayı 2, sərf
edilən müddət 3 gün, tələb olunan məbləğ
isə 72 manatdır. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə
(VÖEN və ƏDV qeydiyyatı daxil) 2
günə bərabərdir.
Son
illər biznes mühitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində biznesə
başlama prosedurları əsaslı şəkildə sadələşdirilib.
Xüsusilə 2011-2013-cü illərdə
elektron qeydiyyat üzrə
aparılan islahatlar biznes
qurmaq istəyən sahibkarların işini xeyli
asanlaşdırıb. 2011-ci il iyulun 1-dən fərdi sahibkarların «e-qeydiyyat» sisteminə başlanılıb və
bu da sahibkarlıq fəaliyyətini
həyata keçirən fiziki şəxslərin
vergi orqanına getmədən internet vasitəsilə uçota
dayanmasına imkan verib.
2012-ci ilin fevral ayından isə Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də qeydiyyatı elektron üsulla aparılmaqdadır. Kommersiya hüquqi şəxslərin «e-qeydiyyat» sisteminin tətbiqi üçün ölkənin 4 qanunvericilik aktına dəyişikliklər edilib. Bu sistemin tətbiqi hüquqi şəxsləri dövlət qeydiyyatı ərəfəsində yerinə yetirilməli olan 3 məcburi prosedurdan keçmək zərurətini tamamilə aradan qaldırıb və qeydiyyatın aparılmasına sərf edilən müddət azaldılıb. Bundan əlavə, hüquqi şəxslərə «elektron imza»dan istifadə etməklə sənədlərini qeydiyyat orqanına təqdim etmək imkanı yaradılıb.
Hesabatın
vergi orqanlarının işinə aid daha bir göstəricisi
olan «Vergilərin ödənilməsi» reytinqi üzrə
ölkəmiz MDB məkanında ilk yerlərdən birini tutur.
Bu metodologiyaya əsasən,
orta ölçülü
şirkətin il ərzində ödəməli
olduğu vergi və
digər ödəmələr, həmçinin onların
inzibatçılıq yükü müəyyən
edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən
olan mənfəət və gəlirlərə
görə vergilər, o cümlədən
əmlak icarəsindən vergilər, dividend
və kapital vergiləri, maliyyə
köçürmələrindən əldə edilən gəlirdən
vergilər, işəgötürənin ödədiyi əmək
vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri
və s. aid edilir.
Dövlət
büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin
təqdim edilməsi sahəsində vergi sistemində tətbiq
edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində
öz əksini tapıb və «Vergilərin ödənilməsi»
göstəricisinə görə ölkəmizin mövqeyi
xeyli yaxşılaşıb. Hesabatda
ölkədə sosial müdafiə
ayırmaları üzrə hesabatların və ödənişlərin
elektron formada
aparılması və digər sahələrdə əldə
edilmiş nailiyyətlər nəzərə
alınıb. Artıq Azərbaycanda məcburi
dövlət sosial sığorta
haqlarının ödənişi və hesabat
sisteminin avtomatlaşdırılması tam başa
çatdırılıb ki, bunun da nəticəsində
həmin hesabatların hazırlanmasına və ödənişlərin
həyata keçirilməsinə sərf olunan
vaxt 72 saat qiymətləndirilib.
Son
illər qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin
sayının artması ölkədə əlverişli biznes
mühitinin mövcudluğunu bir daha təsdiqləyir. Vergilər
Nazirliyinin
Asan
Sertifikat Xidmətləri Mərkəzinin 2013-cü ildə fəaliyyətə
başlaması və «Asan imza»nın təqdim edilməsi
elektron qeydiyyat sahəsində təklif olunan xidmətlərin
çeşidinin və keyfiyyətinin müasir tələblərə
uyğunlaşdırılmasında mühüm rol oynayıb.
2012-ci ilin sonlarında
Nəqliyyat, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən
keçirilmiş respublika
müsabiqəsində «Ən yaxşı elektron
dövlət xidməti» nominasiyasında Vergilər Nazirliyinin «Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı»
layihəsi qalib gəlib. Həyata keçirimiş islahatar
ölkəmizin beynəlxalq reytinq cədvəllərində
biznesə başlama və qeydiyyat
üzrə mövqeyinin möhkəmlənməsinə
müsbət təsirini göstərib.
Biznes
mühitində daha bir xidmətin - yeni yaradılan kommersiya
hüquqi şəxs üçün seçilmiş adın
qeydiyyat orqanında bron edilməsi üzrə e-xidmətin
istifadəyə verilməsi də mühüm yeniliklərdən
biri olub. Ümumiyyətlə, son illərdə Vergilər Nazirliyi
tərəfindən bu sahədə görülmüş işlər təkcə
qeydiyyat prosedurlarının təkmilləşdirilməsi
məsələlərini deyil, həmçinin
biznes mühitinin
sağlamlaşdırılması, təsisçilərin və
kreditorların hüquqlarının müdafiəsi sahəsini
də əhatə edib.
Bundan
əlavə, Beynəlxalq Maliyyə Korporasiyasının
"Azərbaycanda kommersiya fəaliyyəti ilə məşğul
olan hüquqi şəxslərin təsisçilərin qərarı
ilə könüllü ləğv edilməsi və bu sahədə
beynəlxalq təcrübə"yə dair tövsiyələri
nəzərə alınmaqla Vergilər Nazirliyi tərəfindən
beynəlxalq təcrübə daha ətraflı öyrənilib.
Kommersiya hüquqi şəxslərin könüllü ləğv edilməsi
prosedurlarının təkmilləşdirilməsi məqsədilə
müvafiq normativ-hüquqi
aktlarda – Mülki Məcəllədə,
İnzibati Xətalar Məcəlləsində
və «Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında qanunda» dəyişikliklər
edilməsi barədə təkliflər hazırlanaraq hökumətə
təqdim edilib.
Həmin
layihələr əsasında Azərbaycan
Respublikasının Mülki və İnzibati Xətalar məcəllələrinə
və «Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında Qanununa dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
qanunları 2013-cü il 22 noyabr tarixdə Milli Məclisdə
qəbul edilib. Həmin dəyişikliklərlə
əlaqədar sahibkarlara daha
bir xidmət - ləğvetmə
qaydası və müddətləri barədə məlumatın
mətbuatda yerləşdirilməsinin, həmin məlumatın
qəzetdə dərc edilməsi barədə məlumatlandırmanın
elektron qaydada
aparılması üzrə e-xidmət təklif edilir.
Qanunvericilikdə aparılmış dəyişikliklərə uyğun olaraq Vergilər Nazirliyinin 2014-cü il 11 fevral tarixli əmri ilə «Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları» yeni redaksiyada təsdiq edilib. Qanunvericilikdəki dəyişikliklərlə əlaqədar müvafiq texniki tapşırıq hazırlanıb aidiyyəti üzrə təqdim olunub.
Hazırda vergi ödəyiciləri qeydiyyat ilə bağlı ərizələrini elektron şəkildə təqdim edə bilirlər. Bank idarələri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin təşkili sahibkarların marağına xidmət etməklə hesabların açılması prosedurunun əhəmiyyətli dərəcədə sadələşməsinə və vergi ödəyicilərinin vaxta qənaət etmələrinə şərait yaradıb. Bu səbəbdən də banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasına dair sazişə qoşulan bankların sayı ilbəil artır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli fərmanına müvafiq olaraq «ASAN ödəniş» sisteminin yaradılması təmin edilib. Fərmanda qeyd olunurdu ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə "ASAN ödəniş" sisteminin təşkilini və fəaliyyətini, ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təmin edib.
"ASAN
ödəniş" sistemi inzibati cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi barədə qərarların
və xüsusi texniki vasitələrin köməyi ilə
aşkar olunan yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinin foto və ya
video görüntülərinin vətəndaşların
elektron ünvanlarına, mobil telefon nömrələrinə
elektron qaydada göndərilməsini; inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra müddətinə nəzarət edilməsini
və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə
elektron qaydada ödənilməsini təmin edib.
Bütün
bunlar qeydiyyatla bağlı islahatların bundan sonra daha da
sürətlə aparılmasına və respublikamızda
biznes mühitinin daha da yaxşılaşdırılmasına
əminlik yaradır.
Samir Mustafayev
Mövqe.- 2019.- 3 dekabr.- S.10.