Qanunsuz sahibkarlığa
qarşı mübarizə
gücləndirilir
Son
illər sahibkarlıq fəaliyyətinin
leqallaşdırılması tədbirləri çərçivəsində
Cinayət Məcəlləsində iş adamlarının mənafeyinə
xidmət edən mühüm dəyişikliklər edilib. Konkret olaraq ölkə başçısının
2016-cı il 20 may tarixli sərəncamına
əsasən edilmiş
dəyişikliklərə görə, Azərbaycanda
qanunsuz sahibkarlıqla
məşğul olan şəxslər cərimə
ödəməklə məsuliyyətdən
azad olunublar. Cinayət Məcəlləsinin 192-ci (qanunsuz
sahibkarlıq) maddəsinə
edilən qeyd bölməsində göstərilir
ki, "Bu məcəllənin 192.1-ci maddəsində
nəzərdə tutulmuş
əməli ilk dəfə törədən
şəxs cinayət
nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə
cinayət məsuliyyətindən
azad olunur".
Həmin dəyişikliklərə qədər qanunsuz sahibkarlıqla məşğul
olan şəxslər
cinayət nəticəsində
vurulmuş ziyanın
(əldə edilmiş
gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan
məhrumetmə ilə
cəzalandırılırdılar. Ötən il iyun ayının 1-dən qüvvəyə
minmiş yeni qanunla azadlıqdan məhrumetmə cəzası
ləğv edilib. Bu dəyişiklikləri yüksək
dəyərləndirən ekspertlərin
fikrincə, Cinayət
Məcəlləsinin qəbulundan
ötən 16 il müddətində Azərbaycan
iqtisadiyyatının inkişafı
və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə
olan məhsulların,
xidmətlərin dəyəri
və insanların gəlirləri bir neçə dəfə artıb. Buna baxmayaraq, məsuliyyətin
yaranmasına səbəb
olan məbləğlər
bu dövr ərzində Cinayət Məcəlləsində artırılmayıb.
Cinayət Məcəlləsində məsuliyyət müəyyən
edən həmin məbləğlərin dəyişməməsi
hazırda ictimai təhlükə törətməyən
əməllərə görə
bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb
edilməsinə səbəb
olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində
nəzərdə tutulmuş
həmin məbləğlər
artırılıb. Əvvəllər
vergi və gömrük rüsumlarından
2000 manat məbləğində
yayınan sahibkarlar cinayət məsuliyyətinə
cəlb edilirdi. Yeni qanun qüvvəyə
mindikdən sonra cinayət məsuliyyəti
yaradan hədd 10 dəfə artırılaraq
həmin məbləğ
20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan
şəxslər artıq
cinayət məsuliyyətinə
deyil, inzibati məsuliyyətə cəlb
ediləcəklər. Bu
da həmin məbləğə qədər
olan əməllərin
dekriminallaşdırılması deməkdir.
Rəqəmlərə gəlincə, iqtisadi fəaliyyət sahəsində
olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin
məbləğ 20 dəfə
artırılaraq 20 min
manat olub. Bu da həmin
məbləğə qədər
olan hissədə əməllərin dekriminallaşdırılması
deməkdir. Başqa bir dəyişikliyə
əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz
sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini
törətmiş şəxslər
əldə etdikləri
qanunsuz gəliri və ya vurduqları
ziyanı dövlət
büdcəsinə tamamilə
ödədikdə məsuliyyətdən azad ediləcəklər. Dekriminallaşan
əməllərə görə
bu qanun qüvvəyə minənədək
məhkum edilmiş və hazırda cəzasını çəkən
şəxslər cəzadan
azad olunurlar. Onlar, habelə bu qanunla cinayət
hesab olunmayan əməllərə görə
əvvəllər məhkum
edilmiş və cəzasını çəkmiş
şəxslər məhkumluğu
olmayan hesab edilirlər.
«Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
və «Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının 6 may
2016-cı il tarixli qanunları iqtisadi fəaliyyət sahəsində
olan inzibati xətalara və cinayətlərə
görə inzibati və cinayət məsuliyyətinin müəyyən
edilməsi meyarlarında
dəyişikliklər aparılıb,
bəzi inzibati və cinayət əməllərinə görə
məsuliyyətdən azad
olunmanın şərtləri
müəyyən olunub,
əvvəllər cinayət
sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə
hüquqi tənzimləmə
mexanizmləri təsbit
edilib.
Yekun müddəalarda bu Qanun qüvvəyə
minənədək məhkum
edilmiş və hazırda cəzasını
çəkən şəxslərin
cəzadan azad olunması, habelə həmin qanunla cinayət hesab olunmayan əməllərə
görə əvvəllər
məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin
məhkumluğu olmayan
hesab edilməsi, eləcə də məhkum edilmiş və hazırda cəzasını
çəkən və
ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti
bu qanunla yaxşılaşdırıldığı hallarda, həmin məsələlərə qanunvericiliklə
müəyyən edilmiş
qaydada baxılması
qaydaları öz əksini tapıb.
Qanunun 2.4-cü maddəsində göstərilir ki, bu qanunun 1-ci maddəsinə əsasən,
cinayət hesab olunmayan əməllərə
dair məhkəmələrin,
ibtidai istintaq və ya təhqiqat
orqanlarının icraatında
olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəza tətbiq edilməsi zərurətini aradan qaldıran yeni qanunun qüvvəyə
minməsi ilə əlaqədar cinayət işinə xitam verilir və ya cinayət təqibinin başlanması
rədd edilir.
Cinayət Məcəlləsinin 10.3-cü
maddəsinə əsasən,
əməlin (hərəkət
və ya hərəkətsizliyin) cinayət
sayılmasını və
bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən,
yaxud cinayət törətmiş şəxsin
vəziyyətini başqa
cür yaxşılaşdıran cinayət
qanununun geriyə qüvvəsi vardır.
Beləliklə, Cinayət Məcəlləsinin
192, 192-1, 193, 205-2, 213-cü maddələrində
göstərilən əməllərin
törədilməsi nəticəsində
dövlət büdcəsinə
ödənilməkdən yayındırılmış
vergi məbləğləri
iyirmi min manatdan az olduqda
həmin cinayətlərə
dair işlər
üzrə cinayət
təqibi başlanıla
bilməz, başlanmış
cinayət təqibinə
isə xitam verilməlidir.
Bundan sonra
vergi orqanları qeyd olunan maddələrdə
göstərilən əməllərin
inzibati məsuliyyətə
səbəb olması
məsələsini araşdırır
və qanunvericiliklə
müəyyən edilmiş
qaydada müvafiq tədbirlər görürlər.
Yəni vergi orqanları tərəfindən inzibati
xəta tərkibinin bütün əlamətlərinin
olub-olmaması araşdırılmalı
və inzibati xəta tərkibi mövcud olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin
101-ci maddəsində müəyyən
edilmiş müddətlər
gözlənilməklə inzibati
xəta haqqında protokol tərtib edilir.
Cinayət xarakterli materiallar
Vergilər Nazirliyinin Hüquq baş idarəsi və Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi vasitəsilə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamentinə
göndərilən zaman
vergi orqanları tərəfindən son dəyişikliklər nəzərə alınır
və həmin materialların göndərilməsi
üçün müvafiq
sənədlər hazırlanarkən
qeyd olunan dəyişikliklərin tələbləri
rəhbər tutulur. Bu işə Vergilər Nazirliyinin Vergi
cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi də cəlb olunub. Qeyd etmək lazımdır ki, bu idarə
vergilər nazirinin 17 may 2016-cı il tarixli əmri ilə vergi orqanları tərəfindən
hesablanmış vergilər
və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış
borcların dövlət
büdcəsinə alınması
işinin təşkilinin
daha da təkmilləşdirilməsi, vaxtında təqdim
edilməmiş vergi bəyannamələrinin alınması,
habelə vergi orqanları ilə icra qurumları arasında işin təşkili, vergi cinayətlərinin sayının
azaldılması üçün
cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən
araşdırılması, vergi cinayətlərinin
təhlili və araşdırılması sahəsində
Vergi Cinayətlərinin
İbtidai Araşdırılması
Departamentinə metodiki
kömək göstərilməsi
məqsədilə yaradılıb.
Ölkə Prezidentinin
sərəncamları Azərbaycanda
vergi borcları kimi qanunsuz əməllərin
də dekriminalizasiyası
istiqamətində çox
mühüm addım hesab edilə bilər. Bu, biznes fəaliyyəti
ilə məşğul
olarkən qanunsuz əməllərə yol vermiş, lakin cəmiyyətə yararlı
insanları cinayət
dünyasına qatılmaqdan
xilas etməklə yanaşı, dövlət
büdcəsindən məhkumların
saxlanmasına ayrılan
xərcləri də azaldacaqdır.
Cinayət məsuliyyətinə
cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün
əsas ola bilməz. Bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin
dövlət büdcəsindən
yayındırdıqları borcları silinmir, onlar buna görə,
sadəcə, cinayət
məsuliyyəti daşımırlar.
Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş
dəyişiklik vergi ödəyicilərini vergi
öhdəliklərindən azad etmir. Başqa
sözlə, həmin
borc məbləğləri
könüllü şəkildə
ödənilmədiyi təqdirdə,
onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə
olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görür.
Samir Mustafayev
Mövqe.- 2019.- 14 dekabr.- S.10