Aqrar sektorun inkişafı yeni vüsət alıb
Rəqabət
qabiliyyətli kənd təsərrüfatı məhsulları
istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla
xarici bazarlara çıxış imkanları əldə etmək,
kənd yerlərinin tarazlaşdırılmış
inkişafına nail olmaq bu sahədə yürüdülən
siyasətin əsas hədəfləridir. Bu hədəflərə çatmaq məqsədilə
islahatların davam etdirilməsi respublikanın
uzunmüddətli inkişafının
strateji istiqamətlərini
özündə ehtiva
edən «Azərbaycan
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyasında da dolğun əksini tapıb.
Sənəddə qeyri-neft sənayesinin inkişafı baxımından
xüsusi əhəmiyyət
kəsb edən sahələr kimi kənd təsərrüfatı
məhsullarının emalına
xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin
müasir texnologiyaların
tətbiqi nəticəsində
istehsal güclərinin
artırılması və
yeni müəssisələrin
yaradılması istiqamətində
kompleks tədbirlərin
həyata keçirilməsi;
aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi;
özəl aqroservis xidmətləri şəbəkəsinin
genişləndirilməsi; kənd
təsərrüfatının sığortalanması mexanizminin
təkmilləşdirilməsi nəzərdə tutulur.
Son illər regionlarda
aqrar sektorun inkişafının stimullaşdırılmasına
xidmət edən tədbirlər daha da intensivləşib. Ölkə başçısının
qanunvericilik təşəbbüsü
əsasında kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq
olunan vergi güzəştlərinin müddətinin
2014-cü il yanvarın
1-dən daha beş il müddətində uzadılması deyilənləri
əyani təsdiq edir. Xatırladaq ki, 2001-ci il
yanvar ayının 1-dən
qüvvədə olan
qanuna əsasən, kənd təsərrüfatı
məhsullarının istehsalı
ilə məşğul
olan (o cümlədən
sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə
müəyyən edilmiş
hüquqi şəxslərin
mənfəət vergisini, əlavə
dəyər vergisini, sadələşdirilmiş sistem
üzrə vergini və həmin fəaliyyət prosesində
istifadə olunan obyektlərdən əmlak
vergisini ödəməkdən,
fiziki şəxslər
isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində
istifadə olunan obyektlərdən əmlak
vergisini ödəməkdən
azaddırlar.
Ölkə başçısının
2014-cü il 16 yanvar tarixli «Kənd təsərrüfatı və
ərzaq məhsulları
bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında»
sərəncamında kənd
təsərrüfatında yüksək məhsuldarlığın
təmin edilməsinin,
yerli məhsulların
rəqabət qabiliyyətinin
artırılmasının, fermerlərə dövlət
dəstəyinin daha səmərəli təşkili
və ərzaq təhlükəsizliyinə nail
olunmasının zəruriliyi
bir daha önə çəkilib.
Son illər
ölkədə aqrar-sənaye
komplekslərinin yaradılması
istiqamətində də
tədbirlər həyata
keçirilir. Xüsusən
də regionlarda aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial
imkanlardan daha səmərəli istifadə
edilməsi, yerli xammala əsaslanan kənd təsərrüfatı
məhsulları emalı
məsələləri xüsusi
diqqət mərkəzindədir.
"Kənd təsərrüfatı
və ərzaq məhsulları bazarının
fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə
tədbirlər haqqında"
sərəncamda göstərildiyi
kimi, kənd təsərrüfatında yüksək
məhsuldarlığın təmini, yerli məhsulların rəqabət
qabiliyyətinin artırılması, fermerlərə
dövlət dəstəyinin
daha səmərəli
təşkili, ərzaq
təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət
siyasətinin mühüm
istiqamətlərini təşkil
edir. Sərəncamla kənd təsərrüfatı
məhsulları ixracının
artırılması, istehsalçı
və istehlakçıların
maraqlarının qorunması,
ərzaq bazasının
səmərəli fəaliyyətinin
təmini məqsədi
ilə əlavə tədbirlər müəyyənləşdirilib.
Sərəncam əsasında
kənd təsərrüfatının
inkişafında strateji
hədəfləri və
prioritet istiqamətləri
özündə əks
etdirən "Azərbaycan
Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"
hazırlanaraq hökumətə
təqdim edilib.
Yeni strategiyada məhsulun
istehsalçıdan istehlakçıya
çatdırılması mərhələsində mövcud
maneələrin aradan
qaldırılması, ərzaq
bazarında süni qiymət artımının
qarşısının alınması,
kənd təsərrüfatı
və ərzaq məhsullarının qəbulu
üzrə ixtisaslaşmış
terminalların və onların
saxlanılması üçün
anbarların yaradılması,
həmin məhsulların
daşınmasına xidmət
edən nəqliyyat infrastrukturunun təşkili,
xüsusi ərzaq mağazaları şəbəkəsinin
genişləndirilməsi ilə
bağlı layihələr
də mühüm yer tutur. Həmçinin, Azərbaycanda
taxılçılığın inkişafı üçün
iri aqrar komplekslərin yaradılması
da diqqət mərkəzindədir.
Son illər
regionlarda kənd təsərrüfatı üzrə
ənənəvi məşğulluq
sahələrinin inkişafı
da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının
Prezidentinin 13 iyul
2017-ci il tarixli sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
pambıqçılığın inkişafına dair
2017-2022-ci illər üçün
Dövlət Proqramı"nın
məqsədi ölkədə
pambıqçılıq məhsullarına
tələbatın ödənilməsi,
pambıq emalı
müəssisələrinin xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının
ixracının artırılması,
kənd yerlərində
əhalinin məşğulluq
səviyyəsinin yüksəldilməsi
üçün pambıqçılığa
dövlət dəstəyinin
gücləndirilməsindən və bu sahənin
inkişafının stimullaşdırılmasından
ibarətdir.
Dövlət başçısının 14 iyul 2017-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının
inkişafına dair
2017-2022-ci illər üçün
Dövlət Proqramı"
təsdiq edilib. Dövlət
Proqramının məqsədi
kənd təsərrüfatı
məhsulları istehsalçılarının
birgə təsərrüfatçılıq
fəaliyyətini təşviq
etmək, könüllülük
əsasında kənd
təsərrüfatı kooperativlərinin
təşkilinə əlverişli
şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın
formalaşmasına və
inkişafına dəstək
verməkdir.
Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında tütünçülüyün
inkişafına dair
2017-2021-ci illər üçün
Dövlət Proqramı"nın
məqsədi tütün
və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin
genişləndirilməsi və
müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması,
xammal təminatının
yaxşılaşdırılması, tütünçülük məhsullarının
ixracının artırılması
və kənd əhalisinin məşğulluq
səviyyəsinin yüksəldilməsi
üçün ölkədə
tütünçülüyün inkişafını stimullaşdırmaqdan
ibarətdir.
27 noyabr
2017-ci il tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan
Respublikasında baramaçılığın
və ipəkçiliyin
inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı”
ipəkçiliyin dayanıqlı
əsaslarla inkişafına
nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək,
istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının
ixrac potensialını
gücləndirmək və
məşğulluğu artırmaqdan
məqsədini önə
çəkir.
9 fevral 2018-ci
il tarixli "Azərbaycan Respublikasında
çəltikçiliyin inkişafına
dair 2018-2025-ci illər
üçün Dövlət
Proqramı”nın məqsədi
isə ölkə əhalisinin düyüyə
olan tələbatının
daha dolğun ödənilməsi, idxalın
əvəzlənməsi, çəltik
emalı sənayesinin
inkişaf etdirilməsi
və kənd əhalisinin məşğulluq
səviyyəsinin yüksəldilməsi
üçün ölkədə
çəltikçilik sahəsinin
inkişafını stimullaşdırmaqdır.
Ölkə başçısının 12
fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında çayçılığın
inkişafına dair
2018-2027-ci illər üçün
Dövlət Proqramı"ının
məqsədi ölkədə
quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay
emalı müəssisələrinin
xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının
ixracının artırılması
və kənd əhalisinin məşğulluq
səviyyəsinin yüksəldilməsidir.
13 fevral
2018-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına
dair 2018-2025-ci illər
üçün Dövlət
Proqramı”ının məqsədi
ölkədə sitrus
meyvələrinə olan
tələbatın daha
dolğun ödənilməsi,
istehsal edilmiş məhsulların ixracının
artırılması və
kənd əhalisinin məşğulluq səviyyəsinin
və maddi rifahının yüksəldilməsi
üçün sitrus
meyvəçiliyinin inkişafıdır.
Bunlardan əlavə, bölgələrdə
müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması
kənd təsərrüfatının
intensiv inkişafı,
mövsümi qiymətlərin
tənzimlənməsi, məhsul
itkisinin qarşısının
alınması, daxili bazarın qorunması və ixrac potensialının
artırılması üçün
həyata keçirilən ardıcıl
tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq
təcrübə, xarici
ölkələrin iri
fermer təsərrüfatları
ilə qarşılıqlı
əməkdaşlıq, eləcə
də modelləşdirmə
seqmentləri nəzərə
alınır, Avropa İttifaqı ölkələrinin
qabaqcıl təcrübəsinə,
Dünya Bankının
tövsiyələrinə istinad
olunur.
Samir Mustafayev
Mövqe.- 2019.- 18
dekabr.- S.10