Sərmayə qoyuluşlarının həcmi
iqtisadi fəallığı
artırır
Dövlət
büdcəsində əsaslı kapital qoyuluşları
üçün nəzərdə tutulan vəsaitlərin ilbəil
artımı cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının
ödənilməsinə, ölkənin mövcud istehsal
potensialından səmərəli istifadəyə, elmi-texniki
tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə
geniş imkanlar açır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2019-cu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 3916,0 milyon manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin
69,9 faizini bilavasitə
tikinti-quraşdırma işlərinin
dəyəri təşkil
edib. Ümumi sərmayənin 64,5 faizi məhsul istehsalı obyektlərinin, 26,5 faizi xidmət sahələri üzrə obyektlərin,
9,0 faizi isə ümumi sahəsi 595,6 min kvadrat metr
olan yaşayış
evlərinin tikintisinə
sərf olunub. Daxili mənbələrdən
əsas kapitala yönəldilmiş vəsait
ümumi sərmayənin
69,4 faizini təşkil
edib.
Əsas kapitala yönəldilmiş
sərmayənin ümumi
dəyərində müəssisə
və təşkilatların
vəsaitləri 60,7 faiz,
büdcə vəsaitləri
25,6 faiz, əhalinin şəxsi vəsaitləri
6,4 faiz, bank kreditləri 5,8 faiz, büdcədənkənar fondların
vəsaitləri 1,2 faiz,
sair vəsaitlər isə 0,3 faiz təşkil edib.
2019-cu ilin yanvar-aprel aylarında Bakı şəhərində
Əmlak Məsələləri
Dövlət Komitəsinin
Əmlak Xidmətləri
Məkanı, Mərdəkan-Qala
avtomobil yolu, Sumqayıt şəhərində
“SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq
Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci
Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya
Mingəçevir-Bəhrəmtəpə -Beyləqan avtomobil
yolları, bunlardan əlavə Naxçıvan
Muxtar Respublikasında
1170 şagird yerlik 2 ümumtəhsil məktəb
binası, 200 yerlik məktəbəqədər təhsil
müəssisəsi, bir
növbədə gəlişlərin
sayı 35 nəfər
olan 2 ambulatoriya-poliklinika
müəssisəsi, Qobustan
və Şəmkir rayonlarında
310 çarpayılıq 2 xəstəxana
və s. mühüm əhəmiyyətli obyektlər
istifadəyə verilib.
Ümumiyyətlə,
2003-cü ildən etibarən
ölkə iqtisadiyyatında
ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri baş
verib, investisiyaların
həcmi əhəmiyyətli
dərəcədə artıb.
Hazırda Azərbaycanda dövlət
investisiya siyasəti ölkənin sosial-iqtisadi
inkişaf məqsədlərinə
uyğun olaraq daha əlverişli investisiya mühitinin təmini məqsədilə
ümumi biznes şəraitinin yaxşılaşdırılması,
xüsusi mülkiyyətin
qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi,
bütün investorlar
üçün azad rəqabət
mühitinin yaradılması,
iqtisadi sabitliyin qorunması prinsiplərinə
əsaslanaraq aşağıdakı
prioritetlərin həyata
keçirilməsinə yönəldilir:
a) infrastruktur sahələrinin
inkişafı və onların obyektlərinin davamlı istismarının
təmin edilməsi;
b) regionların tarazlı
inkişafının təmin
edilməsi; c) insan
kapitalının davamlı
inkişaf etdirilməsi
və sosial təminatın gücləndirilməsi.
Ümumilikdə, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması
istiqamətində həyata
keçirilən ardıcıl
və sistemli tədbirlər Azərbaycanın
bütün dünyada
etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, respublikaya
xarici sərmayə qoyuluşlarını təmin
edir. Həyata keçirilən səmərəli
siyasətin nəticəsi
olaraq Azərbaycan bu gün xarici
investisiya cəlbediciliyinə
görə dünya ölkələri sırasında
ön sıralardadır.
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına
göstərilən yüksək
diqqət və qayğının nəticəsi
olaraq ümumi daxil məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf
edən dövlətlərindən
birinə çevrilmiş
Azərbaycan investisiya
cəlbediciliyini də
qoruyub saxlayıb: 1993-2018-ci illərdə
ölkə iqtisadiyyatına
230 milyard dollara yaxın investisiya qoyulub. Dünyanın mötəbər «beyin mərkəzi» sayılan Davos Forumunun 2018-2019-cu illər üçün hesabatında Azərbaycanı
rəqabət qabiliyyətliliyinə
görə dünyada
35-ci yerə layiq görülüb. Respublikamız
bu göstərici ilə MDB məkanında lider mövqeyini qoruyub saxlayıb.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət Proqramları
regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının
qeyri-neft sektorunun tərəqqisi hesabına
aradan qaldırılması
üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti üçün yaxşı
imkanlar açıb. İqtisadiyyatın şaxələndirməsi
tədbirləri, sahibkarlığın
inkişafı, investisiya
mühitinin daha da yaxşılaşdırılması
nəticəsində qeyri-neft
sektorunun dinamik inkişafı davam edir və onun
real artım tempi, neft sənayesinin
artım tempini üstələyib. 2019-cu ilin
ötən 6 ayında
qeyri-neft sektorunda 2 faizlik artım tempi bunu bir
daha təsdiqləyir.
Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə
istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində yerli
və əcnəbi sahibkarlar daha böyük rol oynamağa başlayırlar.
Bütün bunlar faktiki
olaraq ölkədə
biznes mühitinin daha da yaxşılaşdırılması,
bu sahəyə dövlət dəstəyi
tədbirlərinin genişləndirilməsi,
iqtisadiyyata yerli və xarici investisiyaların, müasir
texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb
edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların
istehsalı istiqamətində
həyata keçirilən
siyasətin məntiqi
nəticəsidir.
Prezident İlham Əliyevin
təşəbbüsü ilə sahibkarlığın
inkişaf etdirilməsi,
onların birbaşa vergi yükünün azaldılması məqsədi
ilə 2010-cu ildən
mənfəət vergisinin
dərəcəsi 22 faizdən
20 faizə, fiziki şəxslərdən gəlir
vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35
faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün
xüsusi razılıq
(lisenziya) alınmasına
görə dövlət
rüsumunun məbləğinin
azaldılmasına dair
qanunvericiliyə dəyişikliklər
edilib. Son illər «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında»
Azərbaycan Respublikasının
Qanunları ilə sahibkarlar üçün
bir sıra güzəşt və imtiyazlar nəzərdə
tutulub. Məcəllədə əksini tapmış
vergi güzəştlərinin
böyük bir qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi
vəziyyətinin yaxşılaşdırılmasına,
ikinci qrupu isə stimullaşdırıcı
xarakter daşıyaraq
müəyyən sahələrin
inkişafının təmin
edilməsinə
yönəlib.
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 13 oktyabr tarixli «Azərbaycan Respublikası Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında»
Fərmanına uyğun
olaraq, güzəştli
kreditlərin istifadəsi
qaydalarına edilmiş
dəyişikliklər iri
və uzunmüddətli
investisiya layihələrinin,
həmçinin kiçik
sahibkarlığın güzəştli
şərtlərlə maliyyələşdirilməsi
imkanlarını genişləndirib,
güzəştli kreditlər
üzrə müddətin
maksimum həddi 10 ilədək məbləği
isə 10 milyon manatadək artırılıb.
Son illər respublika
iqtisadiyyatına investisiya
cəlbini sürətləndirmək
istiqamətində həyata
keçirilmiş mühüm
tədbirlərdən biri
də Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin
yaradılmasıdır. Şirkətin
başlıca vəzifəsi
ölkə iqtisadiyyatına investisiyaların
təşviqini təmin
etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.
Azərbaycan İnvestisiya Şirkətinin
fəaliyyətinin məqsədi
əsasən ölkə
iqtisadiyyatının qeyri-neft
sahələrində fəaliyyət
göstərən səhmdar
cəmiyyətlərinin və
digər kommersiya təşkilatlarının nizamnamə
kapitalındakı iştirak
payını, o cümlədən
səhmlərini almaqla
müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən
ibarətdir.
Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən
biri də Azərbaycan müəssisələrinin
ixracyönümlü və
idxalın əvəzləşdirilməsinə
yönəlmiş layihələrində
iştirak və həmin layihələrə
yerli və ya xarici investorların
cəlb edilməsidir.
Eyni zamanda, şirkət ölkədaxili
kapital bazarının
inkişafına, investisiya
mühitinin təkmilləşdirilməsinə,
yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının
qeyri-neft sahələrinə
cəlb edilməsinə
çalışır.
Azərbaycanın regionlarına investisiya axınını şərtləndirən
mühüm amillərdən
biri də ölkənin böyük
həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Hazırda
strateji valyuta ehtiyatları 46 milyard
ABŞ dollarına çatan
respublikamız bu vəsaitin müəyyən
qismini bölgələrdəki
pespektivli və rentabelli sahələrin inkişafına yönəldərək
külli miqdarda gəlir əldə etməyə iddialıdır.
Samir Mustafayev
Mövqe.- 2019.- 2
iyul.- S.-10