Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam” - məşhur, qəlbləri alan misralarıyla başlayan qəzəlin müəllifi – adı əbədiyyata qovuşan İmadəddin Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustasıdır. Onun qəzəlləri necə öz dövründə dillər əzbəriydisə, bu gün də axıcılığı, ahəngdarlığı, fəlsəfi fikirlərinin dərinliyinə görə sevilir. Nəsimi istedadı, yaradıcılığı, özünü ifadə tərzilə ədəbiyyat tarixində nadir, oxşarsız bir hadisədir.

 

 

 

Böyük mütəfəkkirin yaradıcılığı qədər keçdiyi həyat yolu da diqqəti çəkir, mərdlik və yenilməzlik rəmzi olaraq valeh edir. Əsl adı Seyid Əli olan İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Şamaxıda alan Nəsimi, hələ gənc yaşlarından elmə böyük həvəs göstərmiş, klassik Şərq və qədim yunan fəlsəfəsini, ədəbiyyatını, Tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərini dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuşdur. Bu səbəbdən də Seyid Əliyə İmadəddin, yəni “dinin dayağı” ləqəbi verilmişdir.

 

 

 

Dövrünün görkəmli ariflərindən təhsil alan Nəsimi məşhur sufi şeyxi Həllac Mənsur Hüseyninin fəlsəfi görüşlərinə rəğbət bəsləyib və ilk şeirlərini “Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” təxəllüslərilə yazırdı. Böyük şair hürufilik təliminin başçısı Fəzlullah Nəimi ilə görüşdükdən sonra hürufilik təriqətini qəbul edir və onun adına uyğun olaraq “Nəsimi” təxəllüsü ilə şeirlər yazmağa başlayır. Nəsiminin dünyagörüşü, bədii istedadı Şərqin iki məşhur dini fəlsəfi təriqəti - sufizm və hürufiliyin təsiri altında inkişaf edib formalaşırdı.

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dahi şairin yaradıcılığa ilə bağlı bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasının ən görkəmli simalarından, zirvədə dayanan nümayəndələrindən biridir: “Nəsiminin Azərbaycan ədəbiyyatında mövqeyi, uca məqamı dedikdə, bu, ilk növbədə onun ana dilini, yəni Azərbaycan türkcəsini ö dövrdə məşhur olan ərəb və fars dilləri səviyyəsinə qaldırmasıdır. İlk dəfə Azərbaycan dilində şeirlərini poetik səviyyə, bədiilik, dilin zənginliyi baxımından ən yüksək zirvəyə qaldıran İmaməddin Nəsimi olmuşdur.

 

 

 

Nəsiminin böyüklüyü, ucalığı, möhtəşəmliyi, əzəməti də ondadır ki, o, doğma ana dilində yazdığı şeirlərilə sübut etdi ki, onun ana dili bədiilik, poetiklik, ədəbi dil baxımından o dövrdə Yaxın Şərqdə geniş yayılmış ərəb, fars dillərindən heç də geri də qalmır. Nəsiminin yaradıcılığını təhlil etdikdə, xüsusilə bunu vurğulamaq lazımdır. İkincisi, Nəsimi bizim ilk klassik şairimizdir ki, əsərlərini üç dildə yazıb: Ərəb, fars və doğma Azərbaycan türkcəsində. Nəsiminin daha bir yeniliyi ondadır ki, o, bir sıra klassik şeir janrlarını ilk dəfə bizim ana dilli ədəbiyyatımıza gətirib. Nəsimiyə qədər Azərbaycan türkcəsində müləmmə, tərcibənd, mürəbbe kimi janrlar yox idi. Ondan əvvəl Qazi Bürhanəddin ana dilində yazmışdır, o, da yalnız qəzəl və tuyuq. Türk ədəbiyyatşünasların özləri də etiraf edir ki, Nəsimi şeirlərinin lirizminə, axıcılığına, rəvanlığına, ahəngdarlığına, bədiiliyinə və dilin zənginliyinə, ifadə vasitələrinin rəngarəngliyinə görə ilk Azərbaycan türkcəsində yazan ən böyük sənətkarlardan biridir. Nəsimi həm də əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəldiyi üçün böyük şöhrət qazanmışdır”.

 

 

 

Könüllər fatehi Nəsimi ölümü ilə bəşəriyyatı heyran etdi. Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı üçün Nəsimi vətəndən didərgin düşməyə məcbur qalıb, İraq, Türkiyə, Suriyaya üz tutmuşdur. Təbliğ etdiyi hürufilik təliminə görə, Hələb şəhərində edam olunur. Onun edamı haqqında İbn əl-İmad Hənbəli yazırdı: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".

 

 

 

Nəsiminin ölümüylə bağlı çoxlu rəvayətlər dildən-dilə düşdü. Onu soymağa dabanından başlayıb, dözülməz əzablar versələr də, əqidəsindən dönmədi. Ölüm ayağında belə, Nəsiminin dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:

 

 

 

- Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?

 

 

 

Nəsimi qürurla cavab verir:

 

 

 

-Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar, - deyərək gözlərini əbədiyyən yummuşdur. Dahi şair Hələb şəhərində dəfn edilmişdir. Hal –hazırda, bu günümüzdə o yer ziyyarət olaraq anılmaqdadır.

 

 

 

M.Nağısoylu qeyd edib ki, Nəsimi hürufi ədəbiyyatının ən görkəmli, ən parlaq simalarından biridir: «Böyük şair əsərlərində həm hürufiliyi yayıb, həm sufiliyi təbliğ edib. İnsan gözəlliyini, insanın böyüklüyünü Nəsimi qədər yüksək səviyyədə bədii şəkildə ifadə edən ikinci bir şairi göstərmək çətindir. Nəsiminin ardıcılları, davamçıları olub. Bu baxımdan, Nəsimi ana dilli ədəbiyyatımızda həm də ədəbi məktəb yaradan ilk böyük sənətkarlardan biridir. Nəsimiyə qədər Nizami Gəncəvi də ədəbi məktəb yaratmışdır. Lakin Nəsimi ana dilində ədəbi məktəb yaratdı və onun şöhrəti Balkanlardan tutmuş orta Asiyaya qədər böyük bir coğrafi məkanda yayıldı. Hətta bir sıra şairlər ona olan ehtiram və məhəbbətin ifadəsi olaraq “Nəsimi” təxəllüsü ilə yazmağa başladılar. Və Nəsimiyə çoxlu nəzirələr, bənzətmələr yazıldı. Onların sırasında bir sıra böyük hökmdar şairlər var. Məsələn, Şah İsmail Xətai, Cahanşah Həqiqi, Sultan Süleyman kimi hökmdarlar da Nəsiminin əzəməti, böyüklüyü, iradəsi, həm də onun əsərlərinin bədiiliyi qarşısında baş əydilər. Ona görə əsərlərini ona ehtiram olaraq nəzirə şəklində yazdılar. Böyük Azərbaycan şairi Füzulinin yaradıcılığında Nəsiminin güclü təsiri var. Hətta Nəsiminin təsiri bizim aşıq ədəbiyyatında var. Məsələn, Sarı Aşıqın belə bir bayatısı var:

 

 

 

Gözəllik soy iləndir,

 

Şahmar da soy ilandır,

 

Nəsimi tək bu Aşıq

 

Yolunda soyulandır.

 

 

 

Yəni Sarı Aşıq Nəsimini özünün ustadı sayıb. Nəsimi kimi yolunda soyulmağı özünə şərəf bilib. Eləcə də, Aşıq Ələsgərin yaradıcılığında Nəsimiyə böyük ehtiram var.

 

 

 

Nəsimi ana dilimizin zənginliyini sübut edib. Təsadüfi deyil ki, Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. Ədəbi dilimizin inkişafında Nəsiminin yeri müstəsnadır. Nəsiminin şeirləri axıcıdır, zəngindir, elə bir bulaq kimi çağlayır. Həm də dilinin sadəliyi ilə seçilir. Məsələn, bircə nümunə deyim:

 

 

 

Düşdü yånə dəli könül gözlərinin õəyalinə,

 

Kim nə bilir bu könlümün fikri nədir, õəyali nə?

 

Al ilə ala gözlərin aldadı aldı könlümü,

 

Alını gör nə al ådər, kimsə irişməz alinə.

 

 

 

Cinas qafiyədir. İkinci beytdə bütün sözlər öz sözlərimizdir, bir dənə ərəb, fars sözü yoxdur. Həm də “al” sözünü iki mənada - bir hiylə mənasında, bir də qırmızı mənasında işlətməklə gözəl bədiilik yaradıb”.

 

 

 

Nəsimi şeirlərində şairin axtarışları, dünya və kainat haqqında düşüncələri mühüm yer tutur. Şair dövrün siyasi, ictimai, əxlaqi mövzularında gözəl əsərlər yazıb. Onun gənclik dövründə yazdığı əsərlərdə insan məhəbbəti, insan gözəlliyinin tərənnümü xüsusi yer tutur. Getdikcə şairin yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı tərbiyəvi şeirlər də yaranmağa başlayır. O, insanlarda gördüyü pislikləri tənqid edir, acgözlüyü, paxıllığı, xudpəsəndliyi insana yaraşmayan sifətlər kimi pisləyir. O, həyatın sirlərini öyrənməyə, dünyanı başa düşməyə can atır. Bütün suallara hürufilərin görüşlərini mənimsədikdən sonra cavab tapır. O, bütün kainatın insan varlığında olduğunu, insanın özünü öyrənməklə dünyanın sirlərini öyrənə biləcəyi fikriləri irəli sürən hürufilərin görüşlərini təsdiq edir. Hürufilik hərflərin müqəddəsliyinə əsaslanan və dünyanın sirlərini ərəb əlifbasının rəmzlərilə izah edən bir təriqətdir. Hərflərin müqəddəsliyi və onun rəmzi mənada anlaşılmasının tarixi çox qədimdir. Hürufilər dünya və kainatın sirlərini hərflərlə və bu hərfləri insan üzündəki xəttlərlə əlaqədar şəkildə izah etməyə çalışırlar. Hürufilərə görə həyatın bütün sirləri Qurandakı hərflərdə və bu hərflər də insan üzündədir.

 

 

 

Nəsimi yaradıcılığındakı “mən” həyatdır, gözəllikdir, kainatdır, bəşəriyyətin taleyidir. O, əbədi və əzəldir. Dünyada müxtəlif şəkildə təzahür edir. O, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərdə insanı özünü dərk etməyə çağırır.

 

 

 

İnsanı başqa varlıqlardan ayıran ruhun əsas xüsusiyyəti onun ilahi surət almasıdır. Zərrə günəşdən ayrıldığı kimi ruh da ilahi mənşədən ayrılıb. Ruh uzun bir dövr keçərək insanda öz varlığını dərk etməlidir. Ruhla bədən birləşdikdən sonra insan kamala çatmaqla özünü dərk edib həqiqi insan ola bilir. Bu yol ilə təkmilləşən insan əbədi bir varlıq olaraq yaşayar. Şeirlərdə maddənin məhv olmayıb əbədi yaşaması da vurğulanır.

 

 

 

“Dəryayi mühit cuşa gəldi...”, “Məndə sığar iki cahan...”, “Mərhaba...”, “Dilbəra, mən səndən ayrı...”, “Əzəldən nur idim, şimdi həq oldum...”, “Dün gecə bir dilbər ilə”, “Etməgil...”, “Firqətin yandırdı bağrım...”, “Üzün günündən ey qəmər”, “Hardasan”, “Ey könül, şad ol...”, “Ağrımaz” və s. qəzəlləri Nəsimi irsinin parlaq nümunələrindəndir. Nəsiminin ölməz irsi bu gün də Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin kitabxanalarında – Avstraliya Milli Kitabxanası, Britaniya Muzeyi Kitabxanası, Düşənbə Əlyazmalar Fondu, Tehran Milli Kitabxanası, Təbriz Milli Kitabxanası, İstanbul Topqapı Sarayı Muzeyi Kitabxanası, Antalya Elmalı Xalq Kitabxanası və digər kitabxanalarda mühafizə olunur.

 

 

 

Nəsimi bizim iftixarımızdır, fəxrimizdir. Nəsimiyə ən böyük dəyəri ulu öndərimiz Heydər Əlliyev verib. Məhz Heydər Əliyevin zamanında 1973-cü ildə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973 - cü ildə beynəlxalq miqyasda qeyd olunub. Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, haqqında “Nəsimi” filmi çəkilib. Bakının ən böyük rayonlarından biri və metro stansiyası onun adını daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərimiz kimi ədəbiyyata, dilə böyük önəm verir. 2017-ci ilin may ayında Parisdə YUNESKO - nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018- ci ilin sentyabr ayında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə “Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı”nın təntənəli şəkildə keçirilməsi, 2018-ci ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi bunun ən parlaq nümunəsidir. Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqının kiçik planetlərdən birinə onun adının verilməsi böyük şairin yaradıcılığına olan dəyərdir. Müvafiq vəsatət Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb. Planetə Nəsiminin adının verilməsi Azərbaycan üçün qürurverici, hədsiz sevindirici hadisədir.

 

 

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsimi cahana və zamana sığmayan əbədiyaşar, qüdrətli söz ustasıdır. Nəsimi fəlsəfi-bədii poetik dilin ümmansız dəryası, Azərbaycan adəbi bədii dilinin əsasını milli zəmində quran, poeziyada böyük çevriliş edən, dərin iz qoyan böyük sənətkardır. Onun əsərləri poeziya xəzinəsinin incisi, gövhəridir.

 

 

Sevda Kərimova

Azad Azərbaycan.- 2019.- 21 iyun.- S.6