Biznes sektoruna dövlət dəstəyi
daha da təkmilləşdirilir
Xəbər
verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin
"Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin
daha da təkmilləşdirilməsi haqqında" Fərmanına
əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik
hüquqi şəxs statuslu "Azərbaycan
Respublikasının Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi"
yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla mərkəzi və
yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının,
dövlət adından
yaradılan publik hüquqi şəxslərin
və səhmlərinin
(paylarının) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərin
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə
göstərdikləri xidmətlərin
və verdikləri hüquqmüəyyənedici sənədlərin
vahid "G2B" (dövlət–biznes) elektron reyestrinin yaradılması
nəzərdə tutulub.
Fərmanla Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin
Nizamnaməsi, habelə
"Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin strukturu",
habelə "Kiçik
və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı"
təsdiq edilib.
Fərmanla müəyyən edilib ki, Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın
inkişafını dəstəkləyən,
mikro, kiçik və orta sahibkarlığın
tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının
qorunmasında və problemlərinin
həllində iştirak
edən, onlara bir sıra xidmətlər
göstərən, dövlət
qurumlarının və
özəl qurumların
bu sahədə xidmətlərini əlaqələndirən
və səlahiyyətli
qurum kimi çıxış edən
publik hüquqi şəxsdir; Agentliyin
nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti
hesabına formalaşır;
Fərmanda nəzərdə
tutulan reyestrin operatoru funksiyalarını
Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində
sahibkar məmnunluğu,
operativlik, şəffaflıq,
nəzakətlilik, məsuliyyət
və rahatlıq prinsiplərini rəhbər
tutur; Agentliyin Aparatının işçilərinin
say həddi 240 ştat vahididir.
Fərmana əsasən,
Nazirlər Kabineti Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası
qanunlarının uyğunlaşdırılmasına
dair təkliflərini
hazırlayaraq üç
ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
edib.
Xatırladaq ki, belə bir dövlət qurumunun yaradılması Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına
dair Strateji Yol Xəritəsi"ndə
də öz əksini tapmışdı.
Sözügedən
sənədə görə
sahibkarlıq fəaliyyəti
üçün lisenziya
və icazələrin
sayının və ödənilən rüsumların
məbləğlərinin dəfələrlə
azaldılması; icazələrin
verilməsi prosedurlarının
sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması
üzrə işlərin
davam etdirilməsi; sahibkarların hüquqlarının
qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması;
ölkə ərazisindən
tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin
tətbiq olunması; ölkədə investisiyaların
təşviqinin artırılması
məqsədilə 7 il
müddətində vergi
və gömrük güzəştlərinin verilməsi;
idxal-ixrac əməliyyatları
zamanı gömrük
prosedurlarının sadələşdirilməsi
məqsədilə elektron
gömrük xidmətlərinin
daha da genişləndirilməsi;
tələb olunan sənədlərin və
prosedurların sayının
minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
“Yaşıl dəhliz”
və beynəlxalq təcrübədə mövcud
olan digər buraxılış sistemlərinin
yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin
aparılması, dövlət
orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma və
məsləhət xidmətləri
göstərən çağrı
mərkəzlərinin yaradılması
və s. işlər
həyata keçirilib.
Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb
və ölkə Dünya Bankının “Doing Business” hesabatında bəzi göstəriciləri üzrə
(məsələn, biznesə
başlama, 9 əmlakın
qeydiyyatı) yüksək
nəticə əldə
edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının
yaradılması ilə
dövlət xidmətləri
daha da genişləndirilib.
Ölkədə KOS subyektlərinin
inkişafına birbaşa
təsir edəcək
islahatların ünvanlılığının
təmin olunması üçün Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015- ci
il 5 iyun tarixli 215 nömrəli
"İri, orta və kiçik sahibkar meyarları"nın
təsdiq edilməsi haqqında” qərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.
Strateji Yol
Xəritəsinə əsasən,
bu prioritet çərçivəsində Azərbaycan dövləti
biznes mühitinin institusional əsaslarını
gücləndirməlidir. Xüsusilə,
azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes
münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik,
hesabatlılıq və
şəffaflığın artırılması əsas
istiqamət kimi götürülməlidir. Dövlətin daha bir rolu
xarici bazarlara çıxışın təmin
edilməsi üçün
azad ticarət sazişlərinin bağlanması,
texniki tənzimləmə
və milli standartlaşdırma sisteminin
beynəlxalq tələblərə
uyğun formalaşdırılmasını
təmin etməkdən
ibarət olacaq. Dövlət
vergi ödəyiciləri
ilə vergi orqanları arasında qarşılıqlı etimadın
və şəffaflığın
daha da artırılması
və optimal vergi yükü siyasəti vasitəsilə
biznes mühitinin səmərəliliyinin yüksəldilməsi
istiqamətində də
fəaliyyətini davam
etdirəcək.
Sənəddə qeyd olunur ki,
maliyyə sektoru və real sektor
arasında tarazlıq
nöqtəsinin müəyyən
edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi
yolu ilə mümkündür: "Yalnız
tam rəqabət şəraitində iqtisadiyyata
stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi
sağlam və tam təkmil rəqabət qanunvericiliyinin
olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən
rəqabət qurumu tərəfindən tətbiqini
və ümumilikdə
rəqabət prinsiplərinə
əməl edən, rəqabətin inkişafındakı əngəlləri
aradan qaldıran və inhisarçılığa
yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin
pozulması hallarının
ilkin araşdırılması
və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların
qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti
olduğundan onların
müvafiq ixtisaslaşması
tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə
uyğun olaraq Azərbaycanda müstəqil
fəaliyyət göstərən
rəqabət orqanının
yaradılması nəzərdən
keçiriləcək və
beynəlxalq təcrübəyə
uyğun Rəqabət Məcəlləsi
qəbul ediləcəkdir".
Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı
ölkələrində tətbiq
olunan vergi xidmətlərinin əksəriyyətinin
göstərilməsi qarşıya
məqsəd qoyulub. Bu məqsədlə
özəl sektorun inkişafını və
sahibkarlıq subyektlərinin
rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri
olan, səmərəli
və ədalətli vergi və icra
sisteminin təqdim edilməsi istiqamətində
islahatlar davam etdirilir. Vergi sistemi və
onun idarə olunması əlverişli
biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq
subyektləri tərəfindən
vergi ödənişlərinin
həyata keçirilməsini
asanlaşdıran islahatlar
aparılıb: "Şəffaflığı
artıraraq, vergi ödəyiciləri ilə
vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə
də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən
etmək üçün
vergi sistemi və inzibatçılığının
təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək
məqsədilə, digər
ölkələrdə şirkətlərin
vergi yükü və bütün əməliyyatlar üçün
dəyər zənciri
boyunca vergilər nəzərə alınaraq,
ədalətli vergi səviyyəsi qiymətləndiriləcək.
Sahibkarlıq subyektlərinə lazım
olan maliyyə öhdəliyinin proqnozlaşdırılması
üçün ölkənin
vergi öhdəliklərinin
aydın müəyyənləşdirilməsi
və proqnozlaşdırılması
sahəsində mümkün
islahatlar təhlil ediləcək və qiymətləndiriləcək. Bu islahatlar
çərçivəsində sahibkarlıq subyektlərinin
rəsmi qeydiyyatını
təşviq etmək
və vergi bazasını genişləndirmək
məqsədilə vergi
əməletməsi xərclərinin
azaldılması təşəbbüsləri
nəzərdən keçiriləcək.
İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması,
prioritet sektorlarda inkişafın təşviqi
və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri
davamlı olaraq qiymətləndiriləcək".
Samir Mustafayev
Mövqe.- 2019.- 8 may.-
S.10