İdarəetmənin elektronlaşdırılması sahibkarlığın inkişafını
sürətləndirib
Son
illər həyata keçirilən tədbirlər
sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin
başlanğıcı və bu sahənin dinamik
inkişafı naminə prinsipial siyasi iradə nümayişi
kimi dəyərləndirilə bilər. Azərbaycan Prezidentinin
19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi
razılıq (lisenziya)
tələb olunan növlərinin sayının
azaldılması, xüsusi
razılıq (lisenziya)
verilməsi prosedurlarının
sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında" fərmanının
əhəmiyyəti xüsusi
qeyd olunmalıdır.
Fərmanın preamblua hissəsində qeyd olunurdu ki,
"Sahibkarlıq fəaliyyətinin
inkişafı Azərbaycan
Respublikasında dövlət
siyasətinin prioritet istiqamətlərindəndir. Lakin sahibkarlıq
fəaliyyətinin xüsusi
razılıq (lisenziya)
tələb olunan növlərinin sayının
çoxluğu, xüsusi
razılıq (lisenziya)
verilməsinin mövcud
prosedurları sahibkarlığın
inkişafına əlavə
çətinliklər və
korrupsiya hallarına şərait yaratmışdır".
Fәrmanla İqtisadiyyat və
Sənaye Nazirliyinə
həm də Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi
üçün tələb
olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə
və digər sənədlərin
elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində
işləri sürətləndirmək
tapşırılmışdı.
Belə bir
portalın yaradılması
sahibkarlığa "e-xidmətlər"in
göstərilməsi istiqamətində
həyata keçirilən
tədbirlərin tərkib
hissəsidir. Xatırladaq
ki, Azərbaycan Respublikası Prezidentinin hələ 23 may 2011-ci il tarixli fərmanı
ilə «Elektron hökumət»in formalaşdırılması
və elektron xidmətlərin tətbiqi
istiqamətində işlərə
təkan verilmişdir.
«Elektron hökumət»
müasir informasiya texnologiyalarından istifadə
etməklə dövlət
qurumları tərəfindən
ölkə ərazisində
yaşayan bütün
vətəndaşlara, hüquqi
və fiziki şəxslərə, xarici
ölkə vətəndaşlarına
və vətəndaşlığı
olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir.
«Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında» fərman nəinki elektron hökumətin inkişafı,
həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi
baxımından böyük
əhəmiyyət kəsb
edir. Fərmanda göstərildiyi kimi, elektron xidmətlərin genişləndirilməsi korrupsiya
hallarının qarşısının
alınması və şəffaflığın təmin
edilməsi baxımından
təsirli vasitələrdən
biridir. Elektron xidmətlər, eyni
zamanda dövlət orqanı ilə vətəndaş arasında
qarşılıqlı münasibətlərin
səmərəliliyi və
keyfiyyətinin artırılmasında,
şəffaflığın təmin edilməsində,
korrupsiyaya şərait
yaradan halların aradan qaldırılmasında
mühüm əhəmiyyət
daşıyır.
Elektron xidmətlər dövlət
orqanı əməkdaşları
ilə vətəndaş
arasında birbaşa təması minimuma endirməklə, korrupsiyaya
şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya
qarşı mübarizədə
əhəmiyyətli tədbirlərdən
birinə çevrilir.
Fərmanda bu məqsədlə dövlət
qulluqçularının informasiya
texnologiyalarından istifadə
sahəsində hazırlıq
səviyyələrinin artırılması
üçün tədris
kurslarının təşkili
nəzərdə tutulmuşdur.
Əminliklə demək olar ki, artıq vətəndaşlar elektron
xidmətlərin üstünlüklərini
yeni yaradılmış
bir sıra portalların uğurlu fəaliyyətinə nəzərən
praktik olaraq hiss edir, atılan
addımları razılıqla
qarşılayırlar. Vətəndaşlar
informasiya texnologiyalarının
və internetin imkanlarından istifadə edərək bir sıra dövlət orqanlarına müraciət
imkanı qazanırlar.
Bundan başqa, dövlət orqanları tərəfindən
tətbiq edilən rüsum və tariflər barədə məlumat almaq məqsədilə «www.rusum.az» saytı,
dövlət qurumlarının
və vətəndaşların
münasibətlərinin etik
davranış çərçivəsində
tənzimlənməsinə dəstək vermək,
bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə
«www.etika.az» saytları yaradılmışdır.
Son illərdə uğurla fəaliyyət göstərən «www.e-qanun.az» portalında da cəmiyyətdə bütün
ictimai münasibətlər
spektrini tənzimləyən
qanunlar və digər normativ hüquqi sənədlər
yerləşdirilmişdir.
Respublikamızda «e-hökumət» quruculuğu istiqamətində
ən mühüm addımlardan biri 2012-ci ildə «bir pəncərə» prinsipi ilə işləyən və dövlət orqanlarının göstərdiyi
elektron xidmətlərin
cəmləşdirildiyi vahid
«Elektron hökumət»
(www.e-gov.az) portalının istifadəyə verilməsidir.
Portal e-xidmətlərin
göstərilməsi zamanı
dövlət orqanlarının
informasiya sistemləri
arasında mübadiləni
təmin etməyə
imkan verir. Burada hər bir dövlət qurumu elektron xidmətlərini portal vasitəsilə – «bir pəncərə» prinsipi əsasında istifadəçilərə
təqdim edir, məlumatların keyfiyyətinə,
tamlığına və
düzgünlüyünə cavabdehlik daşıyır.
Vətəndaş istənilən
dövlət qurumuna müraciət etməklə,
ona aid lazımi
məlumatı qanun çərçivəsində əldə edə bilər. Portal vasitəsilə dövlət
idarəçiliyində keyfiyyətli
elektron xidmətlərin
göstərilməsi vətəndaşların
həmin xidmətlərdən
fəal istifadəsinə
imkan yaradır.
«Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında» fərmanda
Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2010-2012-ci illər üçün
Dövlət Proqramı
(Elektron Azərbaycan)»,
eləcə də informasiya və kommunikasiya texnologiyalarının
inkişafı ilə bağlı
qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə
konkret sahələr üzrə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi qaydalarının
və xidmət növlərinin müəyyən
edilməsi tapşırılmışdı.
Nazirlər Kabinetinin «Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları» və «Elektron xidmət növlərinin siyahısı»nın
təsdiq edilməsi haqqında qərarına əsasən isə müxtəlif dövlət
orqanlarının elektron
xidmətlərinin vahid
reyestri yaradılmışdır.
Elektron xidmətlər
reyestrinin formalaşması
Nəqliyyat, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə
(NRİTN) həvalə edilmişdir.
Elektron Xidmətlər
Reyestrinə 40-dan çox
dövlət qurumu qoşulmuşdur və həmin qurumlar Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan elektron xidmətləri həyata keçirirlər.
"Elektron hökumət"
saytında təqdim edilən xidmətlərdən
ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətdən 225-i "elektron
hökumət" və
müvafiq dövlət
qurumlarının portallarına
inteqrasiya edilmişdir.
Statistika göstərir
ki, vətəndaşlar
bu xidmətlərə
çox böyük maraq göstərirlər.
Gündən-günə elektron
hökumət portalına
daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parollar alanların, elektron viza alan
şəxslərin, bilavasitə
bu xidmətlərdən
istifadə edən şəxslərin sayı
artır. Vətəndaşlar
üçün Nəqliyyat,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Dövlət
Sosial Müdafiə
Fondu, Daxili İşlər,
Səhiyyə, Vergilər,
Təhsil, Ədliyyə
və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, həmçinin
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın xidmətləri
daha çox maraq doğurur.
Ümumilikdə, son illərdə
tətbiqinə start vermiş e-xidmətlər
bir tərəfdən
dövlət orqanlarının
fəaliyyətində çevikliyi,
şəffaflığı, hesabatlılığını təmin etmiş, digər tərəfdən
vətəndaşlara göstərilən
xidmətlərin keyfiyyəti,
səmərəliliyi əhəmiyyətli
dərəcədə
artmışdır. NRİTN
tərəfindən yaradılmış
«www.e-gov.az» portalının da əsas məqsədi
həm də çevik və səmərəli idarəçiliyin
həyata keçirilməsinə,
sahibkarlara göstərilən
xidmətlərin səviyyəsinin
yüksəldilməsinə fəal texnoloji dəstəyin təmin edilməsidir.
Bu gün
e-xidmətlər həm
də Azərbaycanın
sabit və davamlı inkişafı ilə bağlı məsələdir. Ölkədə
sahibkarlığın inkişafı,
biznes mühitinin liberallaşdırılmasında e-xidmətlərin mühüm
rolu vardır. Məsələn, 2007-ci ildən
vergi bəyannamələrinin
elektron formada təqdim edilməsi sisteminə keçid «e-xidmətlər» sahəsində
mühüm yeniliklərdən
olmuşdur. Bu məqsədlə İnternet
Vergi İdarəsi
(www.e-taxes.gov.az) yaradılmış, beləliklə, vergi ödəyiciləri bəyannamələrini
vergi orqanlarına gəlmədən – elektron
formada təqdim etmək imkanı əldə etmişlər.
«Azərbaycan
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyası ilə Azərbaycanda elekton hökumətə 100 faizlik
keçid nəzərdə
tutulmuş, bunun reallaşdırılması mexanizmləri
göstərilmişdir. Əlbəttə,
ölkəmiz inkişaf
etdikcə, texnoloji şüur səviyyəsi
yüksəldikcə, e-xidmətlərin
çeşidi və səviyyəsi də yüksələcəkdir.
Bu baxımdan dövlət qurumlarının
qarşısında duran
başlıca vəzifə
vətəndaşların və
özəl sektorun bu sahədəki ehtiyac və istəklərinin öyrənilməsi,
praktik surətdə reallaşdırılmasıdır.
Samir Mustafayev
Mövqe.- 2019.- 16
may.- S.10.