Ölkədə əlverişli investisiya mühiti formalaşıb
Müxtəlif maliyyə mənbələri
hesabına iqtisadiyyata
əsaslı kapital qoyuluşlarının həcminin
artması son illər Azərbaycanın
investisiya reytinqinin yüksəlməsinə təkan
verməklə yanaşı,
sahibkarlıq subyektlərinin
fəaliyyəti üçün
zəruri sosial-infrastrukturun
formalaşmasını da
təmin etmişdir.
Dövlət büdcəsində əsaslı kapital qoyuluşları üçün
nəzərdə tutulan
vəsaitlərin ilbəil
artımı da məhz cəmiyyətin artmaqda olan sosial-iqtisadi
tələbatının ödənilməsinə,
ölkənin mövcud
istehsal potensialından
səmərəli istifadəyə,
elmi-texniki tərəqqinin
nailiyyətlərinin istehsalata
tətbiqinə geniş
imkanlar açmışdır.
Ölkədəki mövcud siyasi, iqtisadi və hüquqi atmosfer iqtisadiyyatın sağlamlaşdırılmasının
mühüm göstəricisi
sayılan investisiya qoyuluşlarının həcminin
artım dinamikasına
da müsbət təsir göstərmişdir.
Hökumətin ardıcıl
şəkildə həyata
keçirdiyi tədbirlər
respublikada investisiya qoyuluşlarından və
əsas fondlardan istifadənin səmərəliliyini
yüksəldir.
2003-cü ildən ölkə iqtisadiyyatında
ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri baş
vermiş, investisiyaların
həcmi əhəmiyyətli
dərəcədə artmışdır.
Hazırda Azərbaycanda dövlət
investisiya siyasəti ölkənin sosial-iqtisadi
inkişaf məqsədlərinə
uyğun olaraq daha əlverişli investisiya mühitinin təmini məqsədilə
ümumi biznes şəraitinin yaxşılaşdırılması,
xüsusi mülkiyyətin
qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi,
bütün investorlar
üçün azad rəqabət
mühitinin yaradılması,
iqtisadi sabitliyin qorunması prinsiplərinə
əsaslanaraq aşağıdakı
prioritetlərin həyata
keçirilməsinə yönəldilir:
a) infrastruktur sahələrinin
inkişafı və onların obyektlərinin davamlı istismarının
təmin edilməsi;
b) regionların tarazlı
inkişafının təmin
edilməsi; c) insan
kapitalının davamlı
inkişaf etdirilməsi
və sosial təminatın gücləndirilməsi.
Ümumilikdə, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması
istiqamətində həyata
keçirilən ardıcıl
və sistemli tədbirlər Azərbaycanın
bütün dünyada
etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə
qlobal maliyyə şəraitində respublikaya
xarici sərmayə qoyuluşlarını təmin
edir. Həyata keçirilən səmərəli
siyasətin nəticəsi
olaraq Azərbaycan bu gün xarici
investisiya cəlbediciliyinə
görə dünya ölkələri sırasında
ön sıralardadır.
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına
göstərilən yüksək
diqqət və qayğının nəticəsi
olaraq ümumi daxil məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf
edən dövlətlərindən
birinə çevrilmiş
Azərbaycan investisiya
cəlbediciliyini də
qoruyub saxlamışdır: 1993-2017-cü illərdə
ölkə iqtisadiyyatına
200 milyard dollardan çox investisiya qoyulmuşdur. Dünyanın
mötəbər «beyin
mərkəzi» sayılan
Davos Forumunun
2018-2019-ci illər üçün
hesabatında Azərbaycanı
rəqabət qabiliyyətliliyinə
görə dünyada
35-ci yerə layiq görülmüşdür. Respublikamız
bu göstərici ilə MDB məkanında lider mövqeyini qoruyub saxlamışdır.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət Proqramları
regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının
qeyri-neft sektorunun tərəqqisi hesabına
aradan qaldırılması
üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün yaxşı
imkanlar açmışdır.
İqtisadiyyatın şaxələndirməsi
tədbirləri, sahibkarlığın
inkişafı, investisiya
mühitinin daha da yaxşılaşdırılması
nəticəsində qeyri-neft
sektorunun dinamik inkişafı davam edir və onun
real artım
tempi, neft sənayesinin artım tempini üstələmişdir. 2018-cı
ildə qeyri-neft sektorunun 2 faizlik artım tempi bunu bir daha təsdiqləyir.
Sevindirici haldır ki,
qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində yerli
və əcnəbi sahibkarlar daha böyük rol oynamağa başlayırlar.
Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi
tədbirlərinin genişləndirilməsi,
iqtisadiyyata yerli və xarici investisiyaların, müasir
texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb
edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli
məhsulların istehsalı
istiqamətində həyata
keçirilən siyasətin
məntiqi nəticəsidir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
sahibkarlığın inkişaf
etdirilməsi, onların
birbaşa vergi yükünün azaldılması
məqsədi ilə
2010-cu ildən mənfəət
vergisinin dərəcəsi
22 faizdən 20 faizə,
fiziki şəxslərdən
gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35
faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün
xüsusi razılıq
(lisenziya) alınmasına
görə dövlət
rüsumunun məbləğinin
azaldılmasına dair
qanunvericiliyə dəyişikliklər
edilmişdir. «Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında» Azərbaycan
Respublikasının Qanununda
da sahibkarlar üçün
bir sıra güzəşt və imtiyazlar nəzərdə
tutulmuşdur. Məcəllədə əksini tapmış vergi güzəştlərinin
bir qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi
vəziyyətinin yaxşılaşdırılmasına,
ikinci qrupu isə stimullaşdırıcı
xarakter daşıyaraq
müəyyən sahələrin
inkişafının təmin
edilməsinə yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 13 oktyabr tarixli «Azərbaycan Respublikası Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında»
Fərmanına uyğun
olaraq, güzəştli
kreditlərin istifadəsi
qaydalarına edilmiş
dəyişikliklər iri
və uzunmüddətli
investisiya layihələrinin,
həmçinin kiçik
sahibkarlığın güzəştli
şərtlərlə maliyyələşdirilməsi
imkanlarını genişləndirmiş,
güzəştli kreditlər
üzrə müddətin
maksimum həddi 10 ilədək məbləği
isə 10 milyon manatadək artırılmışdır.
Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək
istiqamətində həyata
keçirilmiş mühüm
tədbirlərdən biri
də Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin
yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi
ölkə iqtisadiyyatına
investisiyaların təşviqini
təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına
çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin
fəaliyyətinin məqsədi
əsasən ölkə
iqtisadiyyatının qeyri-neft
sahələrində fəaliyyət
göstərən səhmdar
cəmiyyətlərinin və
digər kommersiya təşkilatlarının nizamnamə
kapitalındakı iştirak
payını, o cümlədən
səhmlərini almaqla
müddətli investisiya
qoyuluşunun həyata
keçirilməsindən ibarətdir.
Şirkət investisiya obyektinin
seçilməsi meyarları
sırasında müəssisənin
fəaliyyətinin kommersiya
səmərəliliyi; istehsal
olunacaq məhsulların
(malların və xidmətlərin) rəqabətədavamlı,
əsasən ixracyönümlü
və ya idxalı əvəz edən olması; mühasibatlığın maliyyə
hesabatlarının beynəlxalq
standartlarına uyğun
aparılması, maliyyə
hesabatlarının müstəqil
auditor tərəfindən yoxlanılması;
beynəlxalq korporativ idarəetmə prinsiplərinin
tətbiq edilməsi, habelə investorların və digər marağı olan şəxslərin hüquqlarının
yüksək səviyyədə
qorunması kimi amilləri nəzərə
alır.
Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları
və maliyyə institutlarının hesabatlarında
da əksini tapır. Azərbaycanın
adı son illərdə
maliyyə təşkilatlarının
qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə
nail olan dövlətlər
sırasında çəkilir.
Son illər həmçinin,
ümumdünya İqtisadi
Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, «Qoldman Saks» təşkilatı, Beynəlxalq
Maliyyə Korporasiyası,
Müstəqil Dövlətlər
Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda
investisiyalar üçün
əlverişli biznes mühitinin yaradılması,
əcnəbi sərmayəçilər
üçün hökumət
tərəfindən əlverişli
sərmayə imkanlarının
təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.
Azərbaycanın regionlarına investisiya axınını şərtləndirən
mühüm amillərdən
biri də ölkənin böyük
həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Hazırda strateji
valyuta ehtiyatları 45
milyard ABŞ dollarına
çatan respublikamız
bu vəsaitin müəyyən qismini bölgələrdəki pespektivli
və rentabelli sahələrin inkişafına
yönəldərək külli
miqdarda gəlir əldə etməyə iddialıdır.
Samir Mustafayev
Mövqe.- 17 may.- S.10