Qeyri-neft məhsulları ixracının
genişləndirilməsi diqqət mərkəzindədir
Müasir
tələblərə cavab verən, yüksək
texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin
açılması hər bir ölkədə dünya
bazarlarına rəqabətə davamlı məhsulların
çıxarılmasına, bütövlükdə
ixracın şaxələndirilməsinə imkan yaradır. İxracın qeyri-neft sektoru hesabına
genişləndirilməsi istiqamətində sistemli tədbirlər
həyata keçirən Azərbaycan xarici ticarət
dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə
nail olur.
Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, 2019-cu ilin yanvar-mart aylarında
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
dünyanın 155 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata keçirib,
95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən
idxal olunub.
Gömrük orqanlarında
qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi
tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri
nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında
ölkənin xarici ticarət dövriyyəsi 7979,0 milyon
ABŞ dolları, o cümlədən
ixracın dəyəri 4843,4 milyon dollar, idxalın dəyəri
3135,6 milyon dollar təşkil edib, nəticədə 1707,8
milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici
ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz,
o cümlədən idxal 43,1 faiz, ixrac 3,0 faiz artıb.
Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən
idxal 13,7 faiz, ixrac 3,0 faiz artıb.
Dövlət Gömrük Komitəsinin
məlumatlarına əsasən ixracın 31,2 faizini
İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya,
6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini
Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana,
3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya,
2,6 faizini Avstriyaya, 2,0 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə
göndərilmiş məhsulların dəyəri təşkil
edib. Ölkəmizə idxal olunmuş məhsulların
ümumi dəyərinin 14,0 faizi Rusiya, 13,1 faizi İsveçrə,
9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7,0 faizi İran, 4,0
faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və
Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər
biri 2,0 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər
ölkələr ilə aparılmış idxal əməliyyatlarının
payına düşüb.
2019-cu ilin yanvar-mart aylarında ölkədən
415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları
ixrac edilib və bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən
faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə
10,9 faiz çoxdur. Qeyri-neft məhsulları
üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz),
Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz),
İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz),
Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3
faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2,0 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-mart aylarında
2018-ci ilin eyni dövrü ilə müqayisədə
mühüm məhsul növlərindən təzə meyvə
ixracı 25,7 faiz, təzə tərəvəz – 38,9 faiz,
tütün – 35,8 faiz, meyvə və tərəvəz şirələri
– 37,8 faiz, pambıq lifi – 3,1 dəfə, emal olunmamış alüminium – 10,0 faiz, pambıq ipliyi
– 36,1 faiz, qara metallardan yarımfabrikatlar – 4,5 dəfə,
bentonit gili – 1,8 dəfə artmış, şəkər
ixracı isə 13,4 faiz, çay – 10,3 faiz, meyvə və tərəvəz
konservləri – 11,9 faiz, təbii üzüm şərabları
və üzüm suslosu – 14,2 faiz, bitki yağları – 22,4
faiz, marqarin, qida üçün yararlı digər
qarışıqlar – 0,2 faiz, kartof – 24,6 faiz, polietilen – 1,0
faiz, qara metallardan borular – 75,9 faiz azalıb.
2018-ci ilin yanvar-mart ayları ilə
müqayisədə 2019-cu ilin yanvar-mart aylarında buğda
idxalı 28,4 faiz, təzə meyvə – 2,9 faiz, xam şəkər
və şəkər – 4,9 dəfə, kartof – 24,5 faiz, quş
əti və onun əlavə məhsulları – 2,0 dəfə,
mal əti – 3,1 faiz, minik avtomobilləri – 2,3 dəfə, mineral
gübrələr – 9,8 faiz, qara metallardan
çubuqlar – 32,5 faiz, hesablama maşınları, blok və
qurğuları – 48,5 faiz, mebellər – 32,2 faiz, polietilen – 38,2
faiz, yük avtomobilləri – 2,0 dəfə, qara metallardan
künclüklər – 40,2 faiz, məişət kondisionerləri
– 2,8 dəfə, avtobuslar – 2,3 dəfə artmış, bitki
yağları idxalı isə 27,9 faiz, siqaret – 21,3 faiz, kərə yağı, digər süd
yağları və pastaları – 23,9 faiz, çay – 11,9 faiz, təzə
tərəvəz – 19,0 faiz, qara metallardan borular – 9,6 faiz, polad
prokatı – 16,3 faiz, rezin şinlər – 5,2 faiz, paltaryuyan
maşınlar – 13,9 faiz, sement və sement klinkerləri – 39,6
faiz, məişət soyuducuları – 14,5 faiz azalıb.
Xatırladaq ki, «Azərbaycan -
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyası respublikanın 2020-ci ilədək ixrac
potensialının məhz qeyri-neft sektoru hesabına
artırılmasını, ixracın adambaşına
düşən həcminin 1000 ABŞ dollarına
çatrılımasını əsas hədəflərdən
biri kimi qarşıda müəyyənləşdirib. Bu
məqsədlə yüksək əlavə dəyər
yaradan ixrac yönümlü iqtisadiyyatın
formalaşdırılması da prioritet məqsədlərdən
biri kimi nəzərdən keçirilir.
Ölkə sahibkarlarının
xarici bazarlara çıxış imkanlarının genişlənməsi
həm də qanunvericiliyin təkmilləşdirilməsi və
gömrük prosedurlarının sadələşdirilməsi
tədbirləri ilə izah olunur. Ölkə
başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi
qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin
müasirləşdirilməsinə imkan yaradıb və xarici
iqtisadi əlaqələrini genişləndirib.
Son illər dövlət idarəçiliyinin
bütün sahələrində olduğu kimi, gömrük
orqanlarının fəaliyyətində elektron xidmətlərin
geniş tətbiqi də diqqət mərkəzindədir.
Hazırda Gömrük Komitəsi tərəfindən 15-ə
yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin
verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici
iqtisadi fəaliyyət iştirakçılarına həyata
keçirdikləri idxal-ixrac əməliyyatları haqqında
statistik məlumatların verilməsi; rüsumsuz ticarət
mağazasının təsis edilməsinə dair icazə
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu; gömrük brokeri və gömrük
daşıyıcısı fəaliyyətinə
lisenziyanın verilməsi, onun fəaliyyətinin
dayandırılması və ləğv edilməsi
üçün müraciətin və sənədlərin qəbulu;
gömrük və müvəqqəti saxlanc
anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi;
vətəndaşlardan Dövlət Gömrük Komitəsinə
daxil olan sorğu və məktubların icrasının
müraciət edənlər tərəfindən onlayn izlənilməsi;
yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə
bağlı gömrük ödənişlərinin hesablanması
məsələləri aiddir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart
2016-cı il tarixli "Gömrük sistemində
islahatların davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında" sərəncamı da bu
baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük
sistemində həyata keçirilən son islahatlar nəticəsində
dövlət sərhədinin buraxılış məntəqələrinin
buraxılış qabiliyyətini artırmaq və vətəndaşların
rahatlığını təmin etmək üçün
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin
daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi
münasibətlərdə idxal-ixrac əməliyyatlarının
rəsmiləşdirilməsinin sadələşdirilməsi,
bütün istiqamətlərdə gömrük işinin beynəlxalq
standartlara uyğun aparılması, normativ hüquqi bazanın
yaradılması, ticarətin
asanlaşdırılması, gömrük sərhədindən
mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə
sahibkarlığın inkişafında və biznes
mühitinin
formalaşmasında, iqtisadi təhlükəsizliyin
möhkəmləndirilməsində gömrük sisteminin
rolunun daha da artırılması üçün bir sıra
məqsədyönlü işlər
görülmüşdür".
Sərəncamda Azərbaycan
Respublikasının Gömrük Komitəsinə bir sıra
mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş
təmasının minimuma endirilməsi və elektron
gömrük xidmətlərinin daha da genişləndirilməsi
məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu
iki ay müddətində təmin etmək
tapşırılmışdı. Komitə, həmçinin
elektron xidmətlər göstərilməsi ilə əlaqədar
olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət
orqanları ilə qarşılıqlı elektron informasiya
mübadiləsinin həyata keçirilməsini
təmin etmiş; gömrük nəzarətinin səmərəliliyini
artırmaq məqsədi ilə gömrük sistemində
mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə
etməklə, gömrük işi sahəsində risklərin
avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmişdir.
Böhran dövründə
ölkənin tədiyyə balansını tənzimləmək,
habelə xarici valyuta axınını təmin etmək,
idxaldan asılılığı maksimum dərəcədə
azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən
biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsidir.
“Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd
təsərrüfatı və emal məhsullarına ixracla
bağlı geri ödəmə dəstəklərinin verilməsi,
xarici ölkələrə ixrac
missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə
tutulmuşdur. Ölkə başçısının 1 mart
2016-cı il tarixli «Qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm
əhəmiyyətə malikdir.
Sənəd 2016-2020-ci illərdə Azərbaycan
Respublikasında istehsal olunan qeyri-neft məhsullarının
ixracının təşviqi istiqamətində əlavə tədbirlərin
həyata keçirilməsi məqsədini önə çəkir.
Fərmana əsasən, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi
ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədəcə
olacaq həmin fərmana görə, ödəniləcək
ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına
görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil
edir.
Xarici ölkələrdə
dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının qorunması və təmsil edilməsi, yerli
məhsulların xarici ölkələrin bazarlarına
çıxışının genişləndirilməsi məqsədi
ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında
ticarət nümayəndələrinin təyin edilməsi qərara
alınıb.
Samir Mustafayev.
Mövqe.-2019.- 21 may.-
S.10