Nağdsız hesablaşmaların
genişlənməsi şəffaflığa zəmin
yaradır
Bütün sahələrdə müasirləşən,
yüksək dinamizmlə inkişaf edən
Azərbaycan hazırkı mərhələdə iqtisadi həyatın bütün
sahələrində şəffaflığı və
hesabatlılığı təmin etməyə, müasir dünyanın tətbiq etdiyi yeniliklərdən səmərəli
şəkildə bəhrələnməyə
çalışır. Hökumət müasir
mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə
özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və
korrupsiyaya qarşı mübarizə tədbirlərini
genişləndirmək niyyətindədir. Nağdsız
ödəniş sisteminin inkişafı,
nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə
maliyyə sabitliyinin qorunub
saxlanılması baxımından da zəruri
sayılır.
Son
illərdə Azərbaycanda biznes və maliyyə-təsərrüfat
subyektlərində şəffaf mexanizmlərin tətbiqi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir. Məqsəd, ilk
növbədə, nağdsız dövriyyənin
inkişafı yolu ilə iqtisadi
sferada hesabatlılığı və
şəffaflığı təmin etmək, vətəndaşları
plastik kartlardan istifadəyə
həvəsləndirməkdir. Məlumat üçün
bildirək ki, ümumi
daxili məhsulda nağdsız dövriyyənin
həcmi baltikyanı ölkələrdə 40-45 faiz, Rusiya Federasiyasında
30 faiz təşkil etdiyi
halda, Azərbaycanda bu
göstərici cəmi 10-15 faiz təşkil
edir.
Xatırladaq
ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il
tarixli sərəncamı ilə təsdiq edilmiş
"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan
Respublikasının Qanunu ölkədə nağdsız
ödəniş sisiteminin genişləndirilməsi
üçün geniş imkanlar açıb. Nağdsız hesablaşmaların hüquqi
və iqtisadi əsaslarını müəyyən
edən qanunun məqsədi Azərbaycan
Respublikası ərazisində mülki
dövriyyənin iştirakçıları arasında
aparılan əməliyyatların və hesablaşmaların
şəffaflığını, istehlakçıların
hüquqlarının müdafiəsini təmin etmək,
nağd pul
hesablaşmalarının nağdsız hesablaşmalarla
əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin
inkişafını sürətləndirməkdir.
Qanuna əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən, qarşıdakı dövrdə nağdsız ödənişlərin genişləndirilməsi nəzərdə tutulur.
2017-2018-ci
illərdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər
isə sahibkarlar üçün yeni tələblər
yaradıb. Ölkəmizdə nağd ödəmələrə məhdudiyyətlərin
müəyyən edilməsi zərurəti çoxdan
müzakirə edilsə də, 2017-ci ildə bu
il real çərçivələrə
salınıb. Bunlardan biri ödəmələrin,
xüsusilə müxtəlif vergi və
rüsumların, dövlət və sosial
ödəmələrinin, həmçinin orta
və iri vergi ödəyicilərində
ödənilən əmək haqlarının nəğdsiız
qaydada həyata keçirilməsinə dair tələblərdir. Bundan başqa,
ƏDV məqsədləri üçün
qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının
həcmi 200 min manatdan
artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul
olan şəxslər tərəfindən
hesablaşmaların nağd qaydada aparılmasının ay
ərzində 30 min manatadək, digər
vergi ödəyiciləri tərəfindən
isə ay ərzində 15 min
manatadək məhdudlaşdırılmasıdır.
Həmçinin, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur. Burada xüsusilə vurğulamaq lazımdır ki, qanunda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunur.
Göründüyü kimi, bu dəyişikliklər
sahibkarlıq subyektlərini öz əməliyyatlarının
böyük qismini
nağdsız qaydada aparmasına məcburi
tələblər qoyub və bu da şübhəsiz
dövriyyələrin şəffaflaşması və vergitutma bazasının genişləndirilməsi
üçün olduqca
mühümdür.
Ümumyyətləə, cəmiyyəti narahat edən neqativ hallara, ilk növbədə, korrupsiya hallarına qarşı mübarizə sahəsində ən səmərəli vasitələrdən biri də nağdsız ödəniş sisteminə keçidin təmin edilməsidir. Postneft erasına keçid - ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirib. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkənin vergi sisteminin təkmilləşdirilməsi, vergilərdən yayınmanın qarşısının alınması, dövlət büdcəsinin gəlirlərinin artırılması, çevik və şəffaf maliyyə alətlərinin tətbiqi baxımından nəğd ödəniş sistemindən qeyri-nəğd ödəniş sisteminə keçidin vacibliyini xüsusi önə çəkib.
Prezident İlham
Əliyev hələ 22 noyabr 2005-ci il tarixli «Azərbaycan
Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında» sərəncam
imzalayıb. Belə bir bir sərəncamın imzalanması Azərbaycan
Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi
fəaliyyət göstərən şəxslərin və əhalinin
elektron ödəniş sistemlərindən
daha fəal istifadə etməsini,
dövriyyədə olan nağd
pul kütləsinin nağdsız
dövriyyə ilə əvəz edilməsini, habelə
Azərbaycan Respublikasında Milli Ödəniş
Sisteminin inkişafı üzrə
2005-2007-ci illər üçün
Dövlət Proqramının tətbiq edilməsini təmin
etmək məqsədinə xidmət edirdi.
Sərəncamla
Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən bütün təşkilatlarda,
habelə dövlət müəssisələrində və səhmlərinin
nəzarət zərfi dövlətə məxsus olan səhmdar
cəmiyyətlərində əməkhaqlarının
2006-cı il 1 yanvar tarixindən başlayaraq ödəniş
kartları vasitəsilə ödənilməsi
üçün tədbirlərin görülməsi
tapşırılmışdı. Eyni zamanda
sərəncamla pərakəndə ticarət, iaşə və
digər xidmət müəssisələrində müştərilərlə
hesablaşmaların ödəniş kartları vasitəsilə
aparılması məqsədi ilə POS-terminalların
beynəlxalq standartlara uyğun
tətbiqi qaydalarının hazırlanması məsələsi
önə çəkilirdi.
Nağdsız ödəniş sisteminin inkişafı Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından vacibdir. Yəni hər bir vətəndaş plastik kartlar vasitəsi ilə artıq ödəniş etmək riskindən xilas olur. Nəticədə korrupsiya və rüşvətxorluğa zəmin yaradan hallar aradan qalxır. Ən müxtəlif ticarət və iaşə obyektlərində vergidən yayınmaların qarşısı alınır, büdcəyə daxilolmalar artır. Nəticədə iqtisadiyyat güclənir, büdcədən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların sosial rifah halı güclənir.
Son
illər Azərbaycanda qeyri-nəğd ödənişlərin
artması aidiyyəti dövlət strukturlarının, ilk
növbədə, Mərkəzi Bankın, vergi
orqanlarının, İqtisadi İnkişaf Nazirliyinin bu sahədə
həyata keçirdiyi tədbirlərin, maarifləndirmə-təşviqat
işinin uğurlu nəticəsidir. Ticarət, xidmət
və ictimai iaşə obyektlərində
POS-terminalların quraşdırılmasının təmin
edilməsi ilə ölkədə fəaliyyət göstərən
banklarla birlikdə texniki,
eyni zamanda, məlumatlandırma
və maarifləndirmə işləri həyata keçirilir. Beləliklə,
qarşıda duran əsas vəzifələrdən
biri nağdsiz ödənişlərin
stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə
haqqı və digər ödənişlərin dövlət
qurumlarına birbaşa ödənilməsi
yolu ilə bankdan kənar
nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində
işlərin genişləndirilməsidir.
Nazirlər
Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan
ərazisində POS-terminalların quraşdırılması,
istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə
POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin
sonunadək intensiz aparılıb. Qaydalara edilmiş
əlavələrə görə, Bakıda, Gəncədə
və Sumqayıtda bu proses
2012-ci ildə, Abşeron, Mingəçevir,
Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz,
Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz,
Salyan, Sabirabad
rayonlarında və şəhərlərində (kənd və
qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər
rayon mərkəzlərində (kənd və
qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa
çatdırılıb.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qeyri-nəğd ödəniş sisteminin iqtisadi həyatın bütün sahələrində tətbiqi ciddi zərurət kimi meydana çıxıb. Hökumət səviyyəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər yaxın illərdə bu sahədə əhəmiyyətli dönüşün baş verəcəyini əminliklə söyləməyə ciddi əsaslar yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir.
Samir Mustafayev
Mövqe.- 2019.- 5 noyabr.- S.10.