Sənayeləşmə qeyri-neft sektorunun inkişafında mühüm yer tutur

 

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı İlham Əliyev hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Dövlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamıdır və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli «2014-cü ilin Azərbaycan Respublikasında «Sənaye ili elan edilməsi haqqında» sərəncamında haqlı olaraq vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması «Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

Konsepsiyanın icrası ilə əlaqədar xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması təmin edilmişdir. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyintiaqroemal sənayesinin və s. inkişafı və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənir.

Dövlət başçısı İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı isə «2014-cü ilin «Sənaye ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı»na əsasən, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Ortamüddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılmasıdır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir.

Qarşıdakı illərdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd - respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətə davamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsinə, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılmasına, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsinə, sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Neft sektorunun dinamik inkişafı və regionların enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi, kiçik və orta sahibkarlığa maliyyə dəstəyi və digər islahatlar qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edir.

Sənayenin qeyri-neft sektorunda səmərəli nəticələrin əldə olunması üçün aşağıdakı tədbirlərin reallaşdırılması məqsədəuyğun müvafiq hesab edilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması; dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması; istehsalın texnoloji cəhətdən yenidən qurulması; investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması; güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi;vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması; ixtisaslı işçi qüvvəsinin hazırlanması; sənaye şəhərciyinin yaradılması ilə rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sahədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.

Ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapitalı daha dolğun cəlb etmək və beynəlxalq inteqrasiyanı sürətləndirmək üçün xüsusi zonaların yaradılması zəruri hesab edilir. Müasir texnologiyaların tətbiqi əsasında xüsusi hüquqi rejimin mövcud olduğu belə iqtisadi zonanın yaradılması ölkənin istehsal gücününixrac potensialının yüksəldilməsi, ixrac məhsullarının həcminin artırılması və strukturunun yaxşılaşdırılması, idxal məhsullarını əvəz edə biləcək əmtəələrin istehsalının genişləndirilməsi, maliyyə və xidmət bazarlarının inkişafı, investisiyaların respublikaya yönəldilməsi, yeni texnologiyaların tətbiqi, yeni yerlərinin açılması, dövlət büdcəsinin gəlirlərinin artırılması məqsədi ilə təşkil olunur.

Ölkəmizdə belə zonaların yaradılması istiqamətində hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il aprelin 14-də imzaladığı «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanunu ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqiiqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqifiziki şəxslər isə xüsusi iqtisadi zonanın rezidentləri sayılırlar.

Bütün bunlarla yanaşı, son illər sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı, Neftçala sənaye parkları, habelə 3 Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

 

Samir Mustafayev

 

Mövqe.- 2019.- 9 noyabr.- S.10.