Yoxlamaların
dayandırılması səmərəli nəticələr
verir
Yoxlamaların dayandırılması səmərəli
nəticələr verir Yekunlaşmaqda
olan 2019-cu ilin ötən
dövrü deməyə əsas verir ki, Azərbaycan
inkişafının keyfiyyətcə yeni
mərhələsini yaşayır. Bu müddətdə
iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti
ölkəmizin investisiya cəlbediciliyinin,
makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal
infrastruktur layihələrinin
reallaşdırılması və digər mühüm
istiqamətlərdə müsbət göstəricilərə
nail olub. Ümumdünya İqtisadi
Forumu tərəfindən nəşr edilən
"Qlobal Rəqabətlilik
İndeksi"nə əsasən Azərbaycan 11 pillə irəliləyərək
141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb.
Qlobal Rəqabətlilik hesabatı dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq
təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin
mərkəzləri tərəfindən istinad
mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial
sferanın bütün sahələrini əhatə
edir. İnstitutlar, infrastruktur, informasiya
texnologiyaları, makroiqtisadi vəziyyət,
səhiyyə, təhsil, istehlak məhsulları
bazarı, əmək bazarı, maliyyə sistemi,
bazar həcminin genişliyi,
biznesin dinamikliyi və
innovasiya kimi istiqamətləri
özündə ehtiva edən "Qlobal Rəqabətlilik İndeksi"
son hesabatda 141 ölkəni
özündə cəmləşdirib. Hesabatın son nəşrinə əsasən, Azərbaycan
12 indikatordan 8-i üzrə irəliləyərək
MDB ölkələri arasında lider
mövqelər sırasında yerləşib. Dünyadakı qeyri-münbit iqtisadi vəziyyət
fonunda hesabat
dövründə ümumi daxili məhsulun 2,5 faiz
artması Azərbaycanda aparılan uğurlu
islahatların nəticəsidir. Bundan əlavə, yanvar-sentyabr
aylarında Azərbaycanın valyuta
ehtiyatlarının 49 milyard dollar səviyyəsinə yüksəlməsi,
ixracın idxalı 2 milyard manat üstələməsi də makroiqtisadi sabitliyin və
manatın məzənnəsinin qorunub
saxlanılması baxımından uğurlu
göstəricilərdir. Azərbaycan Prezidenti
cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib: "Keçən il
prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki
çıxışımda demək olar ki, bütün əsas
istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir.
O çıxış proqram xarakterli çıxış idi.
O çıxışdan sonra biz əməli addımlara başladıq,
islahatları dərinləşdirdik. Vergi
və gömrük sahələrində
aparılan islahatlar, şəffaflıqla
bağlı addımlar öz səmərəsini
verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan
əlavə 700 milyon manatdan
çox vəsait daxil
ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər
böyük ehtiyatlarımız var. Bu gün
də hələ bir çox
şirkətlər vergiləri tam ödəmirlər.
Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər
orada qeydiyyata
alınmır. Düzdür, son müddət ərzində on
minlərlə iş yeri
rəsmiləşdirildi və beləliklə, qara
bölgədən ağ bölgəyə
transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl
şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat
saxlayır". Xarici ticarətdə müsbət saldonun
təmin edilməsi, şübhəsiz, ixrac
sahibkarlığının dəstəklənməsi tədbirləri
ilə sıx şəkildə bağlıdır. Ölkə
başçısının 1 mart
2016-cı il tarixli
"Qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında" fərmanı
sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş,
bununla ixrac məhsullarına
ixrac təşviqinin maliyyələşdirilməsi
və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd
2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının
təşviqi istiqamətində əlavə tədbirlərin
həyata keçirilməsi məqsədini ön
plana çəkmişdir. Fərmana
əsasən, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan
şəxslərə dövlət büdcəsinin vəsaiti
hesabına ixrac təşviqi ödənilir.
2020-ci il dekabrın 31-dək qüvvədə
olacaq fərmana görə, ödəniləcək
ixrac təşviqinin baza
məbləği ixrac əməliyyatlarına
görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük
dəyərinin 3 faizini təşkil edir. 2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti
üçün lisenziya
və icazələrin sayının və ödənilən
rüsumların məbləğlərinin dəfələrlə
azaldılması; icazələrin verilməsi prosedurlarının
sadələşdirilməsi, o cümlədən
bu sahədə elektron
portalın yaradılması; sahibkarların
hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının təşkili;
ölkə ərazisindən tranzit
yüklərin daşınmasında "bir
pəncərə" prinsipinin tətbiqi;
ölkədə investisiyaların təşviqinin
artırılması məqsədilə 7 il
müddətində vergi və gömrük güzəştlərinin verilməsi;
idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi
məqsədilə elektron gömrük
xidmətlərinin daha da
genişləndirilməsi; "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi; dövlət
satınalmalarında təkmilləşdirmələrin
aparılması, dövlət orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma
və məsləhət xidmətləri göstərən
çağrı mərkəzlərinin yaradılması
müsbət nəticələrin əldə
olunmasını şərtləndirmişdir. Son
4 ildə xüsusilə də lisenziyaların sayının
azaldılması və yoxlamaların dayandırılması
istiqamətində atılan addımlar müsbət nəticələr
vermişdir. Azərbaycan
Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya)
tələb olunan növlərinin
sayının azaldılması, xüsusi
razılıq (lisenziya) verilməsi
prosedurlarının sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında" fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi
növləri üçün
lisenziyaların sayı əhəmiyyətli dərəcədə
azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
"ASAN xidmət" mərkəzlərində verilməsinə
başlanılmışdır. Lisenziya
və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya
tələb olunan fəaliyyət növlərinin
sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə
təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir.
Xatırlatmaq yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların
vahid qaydalarının müəyyən
edilməsi və yoxlamaların aparılması zamanı
sahibkarların fəaliyyətinə qanunsuz
müdaxilələrin qarşısının alınması
məqsədilə "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilmiş
və 2014-cü il martın 1-dən
qüvvəyə minmişdir. Ölkə
başçısının təşəbbüsü ilə
Milli Məclisdə qəbul edilmiş 2015-ci il 20 oktyabr tarixli
"Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə Azərbaycan
Respublikası ərazisində sahibkarlıq sahəsində
aparılan yoxlamalar 2 (iki)
il müddətinə
dayandırılmışdır. Bu
addımlar, şübhəsiz ki, qlobal böhran
dövründə ölkədə sahibkarların üzləşdiyi
problemlərin həlli, onların fəaliyyətinin dəstəklənməsi
baxımından prinsipial siyasi
iradə nümayişi hesab
oluna bilər. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü
əsasında Milli Məclisdə həmin
qanunun qüvvədəolma müddətinin
2021-ci il yanvarın 1-dək
uzadılması da son
dərəcə əhəmiyyətli addımlardandır. Bu müddətdə
yalnız vergi yoxlamalarının,
insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi
maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilən
yoxlamaların aparılması mümkün
olacaqdır. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən məhdudiyyətlər nəzərə
alınmaqla aparılır. Sahibkarlar bu qanunun tələbləri
pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq
orqanlarına, həmçinin inzibati və
məhkəmə qaydasında şikayət verə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına dair Strateji Yol Xəritəsi"
də ölkəmizdə sahibkarlıq və biznes
mühitinin
yaxşılaşdırılması üçün
yaxşı imkanlar açmışdır.
Sahibkarlığın inkişafı məqsədilə həyata
keçiriləcək kompleks tədbirlər
sistemini özündə ehtiva
edən sənəddə islahatların konkret
istiqamətləri və hədəfləri əksini
tapmışdır.
Samir Mustafayev
Mövqe.-2019.- 13 noyabr.-S.10.