Əlverişli biznes mühiti məşğulluq səviyyəsini yüksəldir

 

Azərbaycanda özəl sektorun inkişafına xidmət edən davamlı islahatların mühüm hədəflərindən biri də məşğulluğun səviyyəsinin yüksəldilməsi, yeni yerlərinin açılması, əhalinin yüksək rifah halının təmin edilməsidir. Ölkədə biznes mühitinin liberallaşdırılması, sahibkarlığın inkişafı, vergi dərəcələrinin optimallaşdırılması, infrastrukturun müasirləşdirilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər məşğulluq strategiyasının uğurla reallaşdırılmasına imkan yaradıb.

2019-cu ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni yeri açılıb. İş yerlərinin 24,1 faizinin qeyri-dövlət sektorunun payına düşməsi ölkədə əlverişli biznes mühitinin fırmalaşdığını bir daha təsdiqləyir.

Yeni iş yerlərinin 55 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür. İş yerlərinin 32 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış yerlərinin 51 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 3,4 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi peşə, elmitexniki fəaliyyət, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, yanvar-sentyabr aylarında ölkədə 7,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Eyni zamanda, 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib. Eyni zamanda, 2019-cu il sentyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib. Əmanətlərin 56 faizi xarici, 44 faizi milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb. Bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

2003-cü ildə BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən, işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri sırasında öncül yerlərdən birini tutur. Hazırda nəinki MDB-dən, ümumilikdə, dünyanın bir çox ölkələrindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli yerlərinin sayının artması ilə izah olunur. Yeni yerlərinin yaradılması bilavasitə regionlarda sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlı proses olduğundan, hökumət adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır.

Çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar da regionlarda sahibkarlığın inkişafını təmin etməklə, məşğulluğun səviyyəsinin aşagı düşməsinə təsir göstərir. Bu baxımdan, «Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında», «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında», «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında», «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə», habelə «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı», "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman və s. iqtisadi sferada yeni inkişaf hədəfləri müəyyən edərək işsizliyin aradan qalxmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə imkan verib.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. ölkədə işgüzar fəallığı yüksəldib.

Bunlar bir daha təsdiqləyir ki, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. İnfrastrukturun müasirləşdirilməsi və investisiya mühitinin sağlamlaşdırılması, yeni sənaye texnoparklarının yaradılması tədbirləri özəl sektorun ümumi daxili məhsuldakı payının artımını təmin etməklə yanaşı, yeni yerlərinin açılmasını da stimullaşdırır. Yeni yerlərinin əsasən regionlarda, eyni zamanda, istehsalemal sənayesi sahələrində yaradılması bunun bariz göstəricisi hesab oluna bilər.

                 

 

Samir Mustafayev

 

Mövqe.-2019.- 22 noyabr.- S.10.