Sahibkarların mülkiyyət
hüquqlarının təminatı gücləndirilir
Azərbaycanda sərbəst bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
olmasını şərtləndirən mühüm amillərdən
biri də əmlak bazarının sürətlə inkişaf
etməsi, habelə bu sahə ilə bağlı
hüquqların müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsində
innovativ yeniliklərin geniş tətbiqidir. Son illər həyata
keçirilən islahatlar Azərbaycanda əmlakın
qeydiyyatı və bununla bağlı hüquqların
qorunması sahəsində lider dövlətə
çevirib.
Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının son
illər tərtib etdiyi ənənəvi illik «Doing Business»
hesabatlarına əsasən, Azərbaycan əmlakın
qeydiyyatı sisteminin səmərəliliyinə görə
dünyada ilk yerlərdən birini tutur. Tərtib
edilən hesabatlarda bildirilir
ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə
bağlı prosedurların sayının azlığına,
müddətin qısalığına və qeydiyyat xərclərinin
azlığına görə dünyanın və MDB-nin əksər ölkələrini
qabaqlayır.
Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam etdiyi halda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir.
Azərbaycan
əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin
azlığına görə də, dünya və Avropa
ölkələrinin əksəriyətini qabaqlayır. Azərbaycanda
əmlakın qeydiyyatı üçün
tələb olunan məbləğ əmlakın dəyərinin
cəmi 0,2 faizini təşkil edir. Qeyd edək ki,
İƏİT ölkələri üzrə bu göstərici
əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və
Mərkəzi Asya regionu üçün isə 2,6 faiztəşkil
edir.
Şübhəsiz,
Azərbaycanın əldə etdiyi yüksək göstəricilər
son illər ölkədə əmlakın qeydiyyatının
sadələşdirilməsi və müasir standartlara
çatdırılması sahəsində görülən
işlərin nəticəsidir. Bu
sahədə elektron xidmətlərin,
“Kütləvi çıxarış” kampaniyası və
mobil ofis xidmətlərinin tətbiqi əmlakın
qeydiyyatını sadələşdirib və onu əhalinin
bütün təbəqələri üçün əlçatan
edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və
torpaq idarəçiliyində “bir pəncərə” sisteminin
tətbiqi də bu sahədə şəffaflıq və
operativliyi kifayət dərəcədə artırıb. Bu
sahədə İKT-nin və «Elektron Hökumət»in
imkanlarından səmərəli istifadə nəticəsində
əmlakın qeydiyyatı prosedurları və tələb
olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb.
Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsi ilə son illər dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilir. Hələ 18 mart 2009-cu il tarixdə keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində edilmiş dəyişikliyin əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Orada göstərilir ki, heç kim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanında bir sıra məsələlərlə yanaşı, əmlak hüquqlarının qeydiyyatı prosesində islahatların davam etdirilməsi, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması ilə bağlı təkliflərin hazırlanması məsələsi əksini tapmışdı. Fərmanda nəzərdə tutulan məsələlər ölkəmizdə daşınmaz əmlakın qeydiyyatının daha da asanlaşdırılmasına, sahibkarların əmlak hüquqlarının etibarlı qorunmasına yeni təkan verib.
Bu sahədə həyata keçirilən islahatların başlıca hədəfi şəffaflığı, səmərəli əmlak idarəçiliyini, sosial məmnunluğu və yüksək xidmət keyfiyyətini təmin etməkdir. Bütün bunlara nail olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi hələ 2012-ci ildən əmlak hüquqlarının qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda Komitə tərəfindən göstərilən 30-a yaxın elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir.
Şəffaflığın və səmərəliliyin daha da yüksəldilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi son illərdə elektron xidmətlərin tətbiqini daha da genişləndirib. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qaydada qəbulu; icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi; mülkiyyətə dair çıxarışın hazırolma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi; kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlərin tətbiqi reallaşdırılıb.
2014-cü ildən başlayaraq daşınmaz əmlakın qeydiyyatının real vaxt rejimində həyata keçirilməsi də inqilabi yeniliklərdən biri hesab olunur. Mart ayından etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının («Forma-1») notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. İqtisadçı ekspertlərin fikrincə, bu yenilik korrupsiyaya qarşı mübarizə tədbirlərinin mühüm tərkib hissəsi kimi məmur-vətəndaş-sahibkar ünsiyyətinin aradan qaldırılmasına, vaxta qənaət olunmasına, vətəndaş məmnunluğuna səbəb olub.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar 2019-cu ilin aprel ayından yalnız elektron qaydada verilir və kağız çıxarış dövrünə son qoyulub. Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7 və 10 iş günündə yalnız elektron qaydada hazırlanır və Elektron çıxarışlar Elektron Hökumət Portalına yerləşdirilir. Bu yenilik hüquq sahibinə çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etmək imkanı yaradır. Daha sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdirilir.
Qanuna edilmiş dəyişikliyin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-sahibkar-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin "Elektron çıxarışını yoxla" xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur.
Elektron
çıxarış sistemi ilə kağız
çıxarışın itirilməsi, yararsız hala
düşməsi ilə bağlı risklər aradan
qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən
saxtalaşdırılması və qanunsuz istifadə edilməsi
halı tam istisna edilir. Elektron çıxarışın tətbiqi
təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması
imkanlarını genişləndirir. Belə ki, elektron
çıxarışı olan vətəndaşların, bələdiyyələrin,
torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı
zamanı heç bir kağız sənəd təqdim etməsinə
ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka
dair çıxarış yeni sahibin Elektron Hökumət
portalındakı şəxsi kabinetinə yerləşdirilir.
Nəticədə çıxarış almaq
üçün vətəndaşların əlavə olaraq
qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını artırır.
Daşınmaz
əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsində
məqsəd həm də dövlət əmlakının
idarəedilməsinin səmərəliliyinin
artırılması, özəlləşdirmənin sürətləndirilməsi,
bu sahəyə investisiyaların cəlb olunması,
regionların inkişafının təmini üçün
özəlləşdirilən istehsal və emal
yönümlü dövlət müəssisələrinin fəaliyyətinin
bərpası, yeni iş yerlərinin
açılmasıdır.
Samir Mustafayev
Mövqe.- 2019.- 29 noyabr.- S.10.