Vergi islahatları iqtisadi fəallığı təşviq edəcək

 

 

Ruslan Atakişiyev: “Yeni dəyişikliklər ədalətli rəqabət mühitini bir qədər də gücləndirəcək”

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqındaQanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Məcəllədə nəzərdə tutulan dəyişikliklər 2020-ci ildən qüvvəyə minəcək. Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdən hesab edilir. Məcəlləyə 162 dəyişikliyin edilməsi gözlənilir. Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır burada şəffaf fiskal, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur.

 

Dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub. Gözlənilir ki, dəyişikliklər vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdir qaldırdıqları məsələlərin həll edilməsinə öz müsbət təsirini göstərəcək.

 

Vergilər Məcəlləsinə dəyişikliklərin birinci müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət yetirilən məqamlardan biri iqtisadi fəallığın təşviq edilməsidir. Nazir qeyd edib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında artım 44 608 təşkil edib. Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən əlavə dəyər vergisi ödəyicilərinin sayında 32,9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. M.Cabbarov bildirib ki, ölkədə pul kütləsi artıb. Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2 faiz azalıb.

 

Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, yeni layihədə bir sıra sahələrdə güzəştlər, azadolmalar nəzərdə tutulmaqla yanaşı, bəzi sahələrdə daha ciddi vergi rejimlərinin tətbiq olunması nəzərdə tutulur. Ekspert qeyd etdi ki, düzəlişlər vergi ödəyicilərini ciddiliyə dəvət etməklə yanaşı, könüllülüyə çağırır, vergi ödəyicilərini daha şəffaf işləməyə stimullaşdırır. R.Atakişiyev söylədi ki, dəyişikliklər daha açıq, leqal, şəffaf işləyən sahibkarları qazandıracaq, vergiləri gizlədən sahibkarlara qarşı isə tədbirləri daha da sərtləşdirəcək: “2018-ci ildə sahibkarlara mövqelərini müəyyənləşdirmək üçün vaxt verilmişdi. 2019-cu ildə Məcəlləyə edilən düzəlişlərdən sonra bəzi vergi ödəyiciləri ilə bir daha danışılaraq, fəaliyyətlərinin tam leqallaşdırması tövsiyə edildi. Bu tövsiyələrdən, xəbərdarlıqlardan düzgün nəticə çıxarmayanlarla bağlı daha sərt tədbirlər görüləcək”.

 

 

 

R.Atakişiyev düşünür ki, yeni dəyişikliklər ədalətli rəqabət mühitini bir qədər gücləndirəcək: “Daha doğru şəffaf işləyib vergiləri dəqiq ödəyənlər, vergilərini dəqiq ödəməyənlərlə rəqabətdə uduzurdu. Vergiləri gizlədən şəxlərin satdığı malın ya göstərdiyi xidmətlərin maya dəyəri, vergiləri daha dəqiq ödəyənlərə nisbətən aşağı olurdu. Bu da qiymət müəyyənləşdirilən zaman onlara böyük imkanlar yaradırdı. Nəticədə şəffaf işləyən rəqabətdə uduzurdu. Vergi dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, hamıya bərabər şəkildə şərait yaradılsın. Ona görə burada əsas məsələ şəffaf mühitin yaradılması, hamının qanun qarşısında eyni səviyyədə cavabdehlik daşımasını təmin etməkdir. Fəaliyyətini daha şəffaf quran, sənədləşməsini düzgün həyata keçirənlər üçün daha əlverişli şəraitin yaradılması nəzərdə tutulur. Dəyişikliklərdən sonra şəffaf işləyən, vergi borcunu dəqiq göstərən şəxslərə vergi güzəştləri nəzərdə tutulur”.

 

Ekspert hesab edir ki, vergi islahatları düzgün aparıldıqda o, iqtisadi fəallığı artırır: “Vergi sahəsində aparılan siyasət təkmil olduqda, aydın olduqda, şirkətlər üçün proqnozlaşdırmaq imkanları artır, görməyə, sərmayə qoymağa maraq yüksəlir. Bu vəziyyət dolayısı ilə iqtisadi fəallığı artırmağı təşviq edir. 2019-cu ildə tətbiq olunan vergi dəyişikliklərindən sonra iqtisadiyyatda fəaliyyətə başlayan ya fəaliyyətini bərpa edən şirkətlərin sayı 20 mindən çox olub. Bunlar onu göstərir ki, vergidə şəffaflığın təmin olunması rəqabəti artıran əsas amillərdən biridir.

 

Eyni oyun qaydalarını, şərtlərini hamı üçün tətbiq edəndə digərlərində biznes fəaliyyətinə inam yaranır. Ona görə gözləmək olar ki, yeni düzəlişlərdən sonra iqtisadiyyatda stumullaşma olacaq, aktivlik artacaq.

 

Stimullaşdırma gizli iqtisadiyyatın dairəsinin kiçilməsinə kömək edəcək. Yeni vergi sistemi biznes fəaliyyətini açıq müstəviyə keçirməyi stimullaşdıracaq. Çünki açıq fəaliyyət uzummüddətli fəaliyyətə əsas yaradır. Gizli fəaliyyət bir müddətdən sonra aşkarlandıqda o, qadağan edilir. Buna görə bizneslə məşğul olanlarda gizli fəaliyyətdən açıq fəaliyyətə keçmək marağı güclənəcək”.

 

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2019.- 16 noyabr.- S.14