Birinci vitse-prezidentin Rusiya səfəri mühüm yeniliklərə yol açır

 

Elman Nəsirov: “Ermənistana təsir imkanları baxımından Rusiyanın daha güclü mövqeyə malik olduğunu nəzərə alsaq, Moskva ilə Azərbaycan arasında əlaqələrin bütün parametrlər üzrə dinamik şəkildə inkişaf etdirilməsi Cənubi Qafqazda həllini gözləyən problemlərdən çıxış yollarının tapılmasında öz müsbət rolunu oynaya bilər

 

Rusiya Azərbaycanla münasibətləri daha da dərinləşdirməyi nəzərdə tutur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə Rusiya paytaxtına olan səfəri göstərdi ki, Kreml Bakı ilə hərtərəfli əlaqələri daha da intensivləşdirməkdə maraqlıdır.

Rusiya Azərbaycanla bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini istəyir. İki ölkə arasında humanitar sahədə əlaqələr olduqca yüksəkdir. İqtisadi əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi genişlənir. Azərbaycanın qeyri-neft sektoru üzrə məhsullarının əsas alıcısı rolunda məhz şimal ölkəsi çıxış edir. Bundan başqa, Moskva Azərbaycanın iqtisadi potensialını nəzrə alaraq ölkəmizin Avrasiya İqtisadi İttifaqında təmsil olunmasında maraqlıdır. Moskva həmçinin dünyada hərbi güc baxımından ən güclü 50 ordular sırasında yer alan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir. Bir sözlə, görünən odur ki, Rusiya sürətlə inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsində maraqlıdır.  Bunu şərtləndirən səbəblər nədir bu hal Qafqazda geosiyasi proseslərin sonrakı inkişafına vəd edir?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri bütün parametrlər üzrə inkişaf tempinə malikdir: “Bu nöqteyi-nəzərdən münasibətlər strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etdiyi bəllidir. Bu səbəbdən ikitərəfli münasibətlər yüksək səviyyədədir.

Eyni zamanda, çoxtərəfli, beynəlxalq təşkilatlar çərçivəsində Bakı ilə Moskva bir çox hallarda ortaq mövqedən çıxış edirlər. Dövlət başçıları səviyyəsində sıx intensiv siyasi dialoq mövcuddur. İqtisadi-ticari əlaqələr dinamik inkişaf yolundadır. Xüsusən qeyri-neft sektoru üzrə ikitərfəli münasibətlərin intensivləşməsi üçün daha geniş perspektivlər var. Humanitar sahədə hərbi-texniki əməkdaşlıq sahəsində Bakı ilə Moskva arasında münasibətlər dinamik inkişaf tempinə malikdir”.

Həmsöhbətimiz qeyd etdi ki, bu söylədiklərimizi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyavanın Rusiyaya ilk rəsmi səfəri bir daha təsdiqlədi: “Bu səfər bir daha onu nümayiş etdirdi ki, xüsusilə ticarət-iqtisadi münasibətlərimizdə bir dinamika müşahidə olunmaqdadır. Keçən il iki ölkə arasında ticarətdə iqtisadi artım səviyyəsi 19 faiz olduğu halda, cari ilin 9 ayının yekunlarına görə, 26 faizə çatıb. 9 ay ərzində Azərbaycandan dünya ölkələrinə 1, 4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac olunubsa, onun 465,6 milyon dolları Rusiyaya ixrac olunub. Şimal ölkəsilə ticarət dövriyyəmiz 2,6 milyard dollara çatıb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyası 4, 9 milyard, ölkəmizdən şimal ölkəsinə investisiya qoyuluşu isə 1,2 milyard dollar olub.

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin, baş naziri Dmitri Medvedyevlə görüşü müzakirə olunan iqtisadi sfera üzrə məsələlər bir daha göstərdi ki, iki ölkə arasıda münasibətlər sözün həqiqi mənasında geniş imkan perspektivə malikdir. Başlıcası, hər iki dövlət bu münasibətlərin inkişafında maraqlıdır. Bu münasibətlərin təsdiqi olaraq da Rusiya Prezidenti Mehriban Əliyevanı ölkəsinin ali dövlət mükafatlarından biri olanDostluqordenilə təltif etdi. Bu da təkcə onun fəaliyyətinə deyil, bütövlükdə Rusiyanın Azərbaycana verdiyi dəyər qiymətin ifadəsidir.

Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əlaqələr mühüm əhəmiyyətə malikdir. Rusiyanın 3 nəhəng universitetinin Azərbaycanda filialı var birgə diplom verilməsi prosesi reallaşır. Ölkəmizdə rus dili ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət var. Azərbaycanda 338 rusdilli məktəb fəaliyyət göstərir. 14 ali məktəbdə rus bölmələri mövcuddur. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycan Rusiya mehriban qonşuluq münasibətlərinə, bərabər hüquqa əsaslanan dövlətlərdir bundan sonra da münasibətlərin inkişafı üçün geniş imkanlar vardır”.

Politoloqun fikrincə, Moskva ilə Bakı arasında münasibətlərin genişləndirilməsi nəticə etibarı ilə regionda sülhə təhlükəsizlik mühitinin formalaşmasına xidmət edən addımdır: “Regionda sülh təhlükəsizlik üçün yeganə ciddi təhlükə mənbəyi Ermənistanın işğalçılıq siyasətidir. Ermənistana təsir imkanları baxımından ən güclü mövqeyə malik olan ölkənin Rusiya olduğunu nəzərə alsaq, bu baxımdan Minsk qrupunun həmsədr dövlətilə Azərbaycan arasında əlaqələrin bütün parametrlər üzrə dinamik şəkildə inkişaf etdirilməsi heç şübhəsiz Cənubi Qafqazda həllini gözləyən problemlərdən çıxış yollarının tapılmasında öz müsbət rolunu oynaya bilər. Münasibətlərin belə bir inkişafı bütövlükdə regionda sabitləşdirici funksiyanı həyata keçirir regiona sülhün gətirilməsi prosesinə bu mənada böyük töhfə ola bilər”.

 

R. SOLTANOV

 

Mövqe.- 2019. -  27 noyabr. - S.5.